Film kifayət qədər ciddi problemlərə toxunur və tamaşaçını düşündürür. Film usandırıcı bir teatr tamaşasından bir parça ilə başlayır. İsa (Rafael İsgəndərov) ilə Məlikin (Coşqun Rəhimov) aktyor fədakarlığını görən köhnə aktyor yoldaşlarından biri Salamov (Ramiz Sərkərov) qrim otağına soxulur. O, indi imkanlı iş adamıdır. Dostlarını dəniz qırağına, yeyib-içməyə dəvət edir. Amma ertəsi gün o öz vədinə xilaf çıxır. Guya ki, vacib işi çıxdığına görə dostlarından üzr istəyir, iri bir tut arağı şüşəsini və bir qədər bazarlığı onlara verib, gedir. Dostlar dəniz sahilinə gəlir və burada möhkəmcə yeyib-içirlər. Onları yuxu aparır. Ayılanda paltarlarını görmürlər. Hər şey də bundan sonra başlayır. Əyinlərində tək alt paltarı qalmış dostlar kimə ağız açırlarsa, onlara kömək edən olmur. Əksinə, kömək əvəzinə onları qınayır, ittiham edirlər. Səhərəcən Bakı bağlarında gəzib-dolaşan, başlarına min bir gülünc hadisələr gələn dostlara heç kəs inanmır, hətta onları həbs etdirirlər. Buradan o yana yol isə psixi xəstələrin saxlandığı xəstəxanayadır. Yalnız burada, nəhayət onların dostu gəlib çıxır. Məlum olur ki, onların paltarını da elə o götürüb və bununla zarafat etmək, bəlkə də, onlara dərs vermək istəyib. Filmin adı da elə buradan yaranır: "QAZ"- Qeyri-Adi Zarafat.
QAZ | |
---|---|
Janr |
komediya macəra müəmma |
Rejissor | İzzət Əzizov |
Ssenari müəllifi | Maarif Məmmədov |
Baş rollarda |
Rafael İsgəndərov — İsa Coşqun Rəhimov — Məlik |
Operator | İzzət Əzizov |
Bəstəkar | Gövhər Həsənzadə |
Rəssam | Nabat Səmədova |
İstehsalçı | "M" Films |
İlk baxış tarixi | 8 dekabr 2005, Bakı |
Filmin digər adı | Qeyri-adi zarafat |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 87,5 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2005 |
Texniki məlumatlar |
videofilm genişekranlı |
Rəng | rəngli (ağ-qara kadrlarla) |