Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Qabusnamə - Ziyarilər xanədanının son hökmdarı Qabus ibn Vəşmgir tərəfindən yazılmış əsər.[mənbə göstərin]
Qabusnamə | |
---|---|
قابوسنامه | |
| |
Müəllif | |
Orijinalın dili | Farsca |
Ölkə | Ziyarilər |
Tərcüməçi | Rəhim Sultanov |
Nəşriyyat | Azərnəşr (1989), Bakı Kitab Klubu (2017) |
Səhifə | 216 (2006), 256 (2009, 2017), 240 (2014) |
Tiraj | 25 000 (2006), 1000 (2009, 2014), 100 (2017) |
Vikianbarda əlaqəli mediafayllar |
Fars ədəbiyyatının qiymətli nümunələrindən olan "Qabusnamə" özünün məzmun rəngarəngliyinə görə geniş şöhrət qazanmışdır. Dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş bu hikmət kitabı dövranın acısını-şirinini dadmış qoca atanın öz oğluna nəsihəti və vəsiyyətindən bəhs edir. Qabusnamə həyatın müxtəlif sahələrinə həsr edilmiş 44 fəsildən ibarətdir. Allahın vəsfinə həsr olunmuş birinci fəsil və peyğəmbərlərin yaranmasına həsr edilmiş ikinci fəsil nəzərə alınmazsa, "Qabusnamə" başdan-ayağa həyati məsələləri öyrətmək, yaşamaq qayda-qanunlarını, X-XI əsr feodal İran cəmiyyətinin yaşayış normalarına uyğun olaraq, təbliğ etmək arzusundan ibarətdir-. "Qabusnamə" dünyanın acı-şirinin dadmış, isti-soyuğunu, ara vermədən bir hökmdarın taxta çıxaraq başqa birisinin şahlığını itirdiyini görmüş, müxtəlif təriqətlər, dini çarpışmalar, saray çəkişmələri, ticarət hiyləgərlikləri, insan dəllallığı, qul alveri şahidi və iştirakçısı qoca bir atanın öz oğluna vəsiyyəti-nəsihət kitabıdır.
"Qabusnamə"ni müsəlman Şərqində pedaqogikanın əsasları kimi yüksək qiymətləndirir, onu gənc nəslin yetişməsində praktiki əhəmiyyətə malik vəsait hesab edirlər. Əsərdə o dövrün musiqi həyatı, musiqiçilərin adət-ənənələri, musiqi təcrübəsində geniş yayılmış musiqi janr və formaları haqqında da qiymətli məlumatlar öz əksini tapmışdır.[1]
Bəzi mənbələrə görə "Qabusnamə" Ziyarilər xanədanının son hökmdarı Ünsürülməali Keykavus ibn İsgəndər ibn Qabus ibn Vəşmgir ibn Ziyar tərəfindən 1082-ci ildə oğlu Gilanşaha bir "vəsiyyətnamə" ya da "nəsihətnamə" kimi yadigar olaraq yazılmışdır. Keykavus haqqında tarixi mənbələr çox cüzi məlumat verir. Bu məlumatların əksəriyyəti onun "Qabusnamə"də özü haqqında dediyi hekayələrə, başına gələn hekayələrə, xidmət etdiyi yerlərə, uşaqlıqda aldığı elm, tərbiyə və vərdişlərə əsaslanır. "Qabusnamə" müəllifinin ölümü haqqında da tarixi dolaşıqlıq var. Bəzi mənbələrə görə 1067-68-ci illərdə, bəzi mənbələrə görə isə 1069-70-ci ildə vəfat edib. "Qabusnamə" müəllifi özü isə kitabın 1082-83-cü ildə yazıldığını söyləyir.[mənbə göstərin]
"Qabusnamə"də mübahisəyə səbəb olan məsələlərdən biri də kitabın adıdır. Əsərin özündə kitabın necə adlandırıldığı barədə xüsusi bir göstəriş yoxdur. O, bütün Şərq və Qərb aləmində "Qabusnamə" kimi şöhrət tapmış, bütün dillərə bu ad altında tərcümə edilmişdir. Buna baxmayaraq, tədqiqatçılar bu adın düzgün olmadığını irəli sürürlər. Məsələn, "Qabusnamə"nin son iki nəşrini hazırlayıb 1933 və 1941-ci illərdə çap etdirmiş məşhur İran alimi Səid Nəfisi bu kitabın "Qabusnamə" deyil, əslində "Nəsihətnamə" adlandırıldığını iddia edir.
"Qabusnamə"ni geniş müqəddimə və ətraflı şərhlə birlikdə ilk dəfə rus dilinə tərcümə etmiş Yevgeni Bertels də S.Nəfisinin fikrini müdafiə edir. Bunun tam əksinə olan fikirlər də vardır, yəni bir sıra alimlər Keykavusun bu kitabı məhz babası Qabusa həsr etdiyini yazır və onu əsaslandırmağa çalışırlar.
-1349-cu ildə yazılmış ən qədim nüsxəsi Tehrandakı İran Məlik Milli Muzeyinin kitabxanasında saxlanılır.
-1450-ci ildə Osmanlı hökmdarı Sultan Muradın əmri ilə tərcümə etdirilmiş nüsxə İstanbulda Fateh kitabxanasında saxlanılır.
-1456-cı ildə yazılmış başqa bir türk nüsxəsi Britaniya Muzeyində saxlanılır.
-1474-cü ildə yazılmış bir nüsxə isə Paris de Frans kitabxanasında saxlanılır.
Türk versiyasından alman dilinə 1811-ci ildə Henrix Fredrix tərəfindən tərcümə edilib. İngilis dilinə isə birbaşa fars dilindən Ruben Levi 1951-ci ildə "Şahzadə üçün güzgü" adı ilə tərcümə edib. "Qabusnamə"nin Azərbaycan dilinə tərcüməsi üçün Səid Nəfisinin 1934-cü ildə çap etdirdiyi "Qabusnamə"dən istifadə edilmişdir. Azərbaycan dilinə Rəhim Sultanov tərcümə etmişdir.
Əsər R. Sultanovun tərcüməsilə azərbaycanca Bakıda, Azərnəşrdə 1961 və 1989-cu illərdə kiril qrafikalı Azərbaycan əlifbası ilə, latın qrafikalı Azərbaycan əlifbası ilə isə 2006-cı ildə Şərq-Qərb nəşriyyatında, 216 səhifədə, 25 min tirajla, Heydər Əliyev Fondu tərəfindən 2009-cu ildə rus dilində 256 səhifədə, rəngli illüstrasiya və nəfis tərtibatla 1000 tirajla[2][3][4], fond tərəfindən 2014-cü ildə isə həm azərbaycanca 240 səhifədə, həm də rus dilində yenidən olmaqla 2 dildə[5][6][7][8], 2017-ci ildə isə Bakı Kitab Klubunda 256 səhifədə təkrar nəşr edilib.[9][10]