Qafqaz Konfederasiyası — Qafqaz xalqlarını Rusiya-bolşevik əsarətinə qarşı mübarizədə birləşdirməyə və vahid Qafqaz Konfederasiyası dövləti yaratmağa çalışan siyasi mübarizə cərəyanı. 1918-1920- ci illərdə müstəqil Qafqaz respublikaları bolşevik işğalı nəticəsində süquta uğradıqdan sonra siyasi mühacirətdə olan qafqazlı istiqlal mübarizləri tərəfindən formalaşdırılmışdır.[1]
Qafqaz birliyi məsələsi I Dünya müharibəsindən əvvəl Türkiyədə yaşayan qafqazlıların yaratdıqları Qafqaz Komitəsi dövründən aktual olmuşdur. Bu məsələ Zaqafqaziya seymində, Trabzon konfransında (1918) və “Müsavat” partiyasının ikinci qurultayında (1919) da müzakirə edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin bir çox dövlət xadimləri Qafqaz respublikalarının birliyi və konfederasiya formasında birləşməsi məsələsində fəal mövqe tutmuşlar. Ermənilər Qafqaz Konfederasiyası ideyasının reallaşması məsələsində daim pozuculuq mövqeyi tutmuşlar. Cənubi və Şimali Qafqazın birləşməsi məsələsinə münasibətdə də müəyyən fikir ayrılıqları olmuşdur. Gürcüstan dövlətinin başçıları Şimali Qafqazla ittifaq məsələsinə ehtiyyatla yanaşır, dağlı liderlərinin təbliğ etdikləri Qafqaz Konfederasiyası ideyasını isə, ümumiyyətlə dəstəkləmirdilər. Qafqaz respublikalarının Tiflis konfransında (9 aprel 1920) Azərbaycan nümayəndə heyətinin (Həsən bəy Ağayev – sədr, O.Kriçinski, F.Vəkilov) təşəbbüsü ilə Qafqaz Cümhuriyyətləri Şurası yaratmaq barədə razılaşma əldə olundu. Bu Şuranın yaradılması haqqında Azərbaycan ədliyyə nazirinin müavini O.Kriçinski tərəfindən 24 maddədən ibarət layihə də hazırlandı. Lakin Aprel işğalı onun reallaşdırılmasına imkan vermədi.[1]
Qafqaz respublikalarının süqutundan sonra qafqazlı mühacirlər Qafqaz birliyi ideyasının gerçəkləşməsi üçün yeni təşəbbüslərlə çıxış etməyə başladılar. Onlar Qafqaz Cümhuriyyətlərinin süqutunun bir səbəbinidə “Qafqaz birliyi” məsələsinə kifayət qədər əhəmiyyət verilməməsində görürdülər (Ceyhun Hacıbəyli). Qafqazlı mühacirlər Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə 1921-ci il mayın 8-də Azərbaycan Xalq Cümhuriyyətinin Parisdəki nümayəndəliyinə toplaşaraq, Qafqaz Konfederasiyası fikrini yenidən müzakirə etdilər. İyunun 10-da Qafqaz respublikaları səlahiyyətli təmsilçilərinin Topçubaşovun sədrliyi ilə keçirilən ilk yığıncağında onların ittifaqını yaratmaq qərara alındı və bu barədə Azərbaycan, Şimali Qafqaz, Gürcüstan və Ermənistan nümayəndə heyətləri arasında müştərək müraciət imzalandı. Bununla, mühacirətdə, ilk dəfə olaraq, Qafqaz birliyinin əsası qoyuldu. 1921-ci il iyulun 7-də Qafqaz respublikaları və Rusiya təmsilçilərinin ilk birgə yığıncağı keçirildi. Mühacirlər Fransa hökumətinə müraciət etdilər. Qafqaz və Rusiya mühacirlərinin vahid antibolşevik cəbhədə birləşməsinə meylli olan Fransa hökuməti 1922-ci ilin əvvəllərində Qafqaz respublikalarının səlahiyyətli təmsilçilərinə maddi yardım göstərməyi qərara aldı. Yığıncaqda ilk çıxış edən Ə.Topçubaşovun Qafqaz Konfederasiyası ideyasına Türkiyənin də müsbət münasibət bəslədiyini bildirərək bu dövləti müdafiə etməsi və müttəfiq dövlətlərə (İngiltərə, Fransa, Yunanıstan) tutduğu iradlar Fransa hökuməti və ermənilər tərəfindən narazılıqla qarşılandı. Yığıncaq heç bir razılaşma əldə olunmadan dağılsa da, Ə.Topçubaşov Türkiyə barədə Qərbdəki rəyi dəyişmək və Qafqaz Konfederasiyasının yaradılması yönündə fəaliyyətini davam etdirdi.[1]
Qafqaz Cümhuriyyətləri təmsilçilərinin mühacirətdəki fəaliyyəti ümumi antibolşevik hərəkatının formalaşmasına müəyyən təsir göstərdi. Qafqaz birliyi türküstanlıları və tatarları da analoji birliklər yaratmağa sövq edirdi. Qafqaz birliyi ideyasında Şimali və Cənubi Qafqaz bir-birindən ayrı düşünülmürdü. Sovet dövlətinin Şimali və Cənubi Qafqazı parçalamaq və bir-birinin əleyhinə qaldırmaq siyasətinə qarşı mühacirət dörd Qafqaz Cümhuriyyətinin vahid konfederasiya şəklində birləşməsi ideyasını irəli sürdü. XX əsrin birinci yarısında son dərəcə aktual olan Qafqaz Konfederasiyası ideyası mühacirətdə milli azadlıq ideologiyasının, dövlətçilik şüurunun formalaşmasında əhəmiyyətli rol oynamışdır.[1]