Qayta-Lurdes Klaverivna Essami (ukr. Гайта-Лурдес Клаверівна Ессамі), peşəkar səviyyədə Qaytana (ukr. Гайтана; 29 sentyabr 1979, Kiyev) — Ukrayna müğənnisi və bəstəkarı. Essaminin pop musiqi üslubu caz, fank, soul və folk elementlərini ehtiva edir. O, Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı təmsil etmişdir. Qaytana burada "Be My Guest" mahnısını ifa etmiş və finalda 15-ci yeri tutmuşdur.
Qaytana | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbi | Essami |
Doğum tarixi | 29 sentyabr 1979 (44 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, müğənni-mahnı yazarı |
Fəaliyyət illəri | 2003-cü ildən |
Janrlar | pop musiqisi, soul, caz, fank[d] |
gaitana.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qaytana postsovet məkanında Litvanın "LT United" qrupunun üzvü, müğənni və gitaraçı Viktoras Diavaradan sonra Afrika əsilli ikinci Avroviziya iştirakçısıdır.
Qayta-Lurdes Klaverivna Essami Kiyevdə anadan olmuşdur. Anası ukraynalı Tatyana Petrova, atası isə Konqo Respublikasından olan Klaver Essami idi..[1][2][3] O, körpə olanda ailə Ukraynanı tərk edərək atasının doğulduğu Brazzavil şəhərinə köçmüşdür. Onlar Konqo Respublikasında beş il yaşamış, lakin Essami və anası 1985-ci ildə Ukraynaya qayıtmışdılar. Uşaqlıq illərinin erkən dövrünün çox hissəsini Konqo Respublikasında keçirdiyi üçün Essami Ukraynaya qayıdandan sonra yalnız fransız və linqala dillərində danışa bilirdi. Buna baxmayaraq, o, sonradan ukrayn və rus dillərini də mükəmməl bilir. Essaminin atası Brazzavildə qalmış və burada nəqliyyat biznesinə rəhbərlik etmişdir.[4]
Kiyevdə Essami musiqi məktəbində oxumuş və orada saksafon çalmağı öyrənmişdir. Daha sonra iqtisadiyyat sahəsində təhsil almışdır. Gəncliyindən Essami stolüstü tennis ilə məşğul olmuş, bu idman növü üzrə çempion olmuşdur. 1991-ci ildə Essami "Fantasy Lotto Nadiya" uşaq musiqi yarışmasında iştirak etmiş və burada üçüncü yeri tutmuşdur. Müsabiqədən sonra Essami Vladimir Bıstryakovun rəhbərlik etdiyi uşaq musiqi ansamblında oxumağa başlamışdır. Sovet İttifaqında R&B musiqisi geniş yayılmadığından Essami yeniyetmə yaşlarında yeraltı musiqi məkanlarında olduğu müddətdə xarici mahnılarla tanış ola bilmişdir.[5]
Essami peşəkar musiqi karyerasına 2003-cü ildə "О тебе" adlı debüt studiya albomunu çıxararaq başlayıb. O, karyerasında daha yeddi albom buraxdı: "Слідом за тобою" (2005), "Капли дождя" (2007), "Kукaбaррa" (2008), "Тайные желания" (2008), "Только сегодня" (2010), "Viva, Europe!" (2012) və "Voodooman" (2014). Onun mahnıları rus, ukrayn və ya ingilis dillərində yazılıb. 2009-cu ildə Barak Obamanın ABŞ Prezidenti kimi andiçmə mərasimindən sonra Essami Kiyevdə onun şərəfinə keçirilən xüsusi inauqurasiya balında çıxış etmişdir.[5]
2012-ci ilin yanvarında Essami 2012 Avroviziya Mahnı Müsabiqəsi üçün Ukrayna milli finalı olan 2012 Evrobaçennyada yarışmaq üçün seçilmişdir. O, "Be My Guest" mahnısı ilə yarışmışdır.[6] Essami peşəkar münsiflər heyətinin səsi ilə birinci, Ukrayna ictimaiyyətinin səsi ilə ikinci yeri tutaraq müsabiqənin qalibi olmuşdur.[7] Qələbəsindən sonra Essami Ukraynada ifrat sağçıların irqçi şərhlərinin hədəfi olmuşdur. Milliyətçi "Svoboda" siyasi partiyasının yüksək rütbəli üzvü Yuri Syrotyuk bəyan etmişdi ki, Essaminin Ukrayna təmsilçisi kimi seçilməsi Ukraynanın Avropa İttifaqına daxil olmasına mane olacaq, çünki o, ölkəni sanki "başqa qitədən" imiş kimi qələmə verir. Essami şərhlərə cavab olaraq Ukraynanın onun əziz vətəni olduğunu və ağdərili olmayan ukraynalıların qəbul olunmaq üçün ölkəni tərk etməli olduqlarını hiss etməməli olduqlarını bildirmişdir.[5]
Buna baxmayaraq, Essami Bakıda keçirilən müsabiqədə Ukrayna təmsilçisi kimi davam etmiş və Ukraynanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edən ilk afroukraynalı olmuşdur. O, 24 may 2012-ci ildə ikinci yarımfinalda yarışmış və burada səkkizinci yeri tutaraq finala vəsiqə qazanmışdır. O, daha sonra 26 mayda keçirilən finalda ümumilikdə 65 xal toplayaraq 15-ci yerdə qərarlaşmışdır.[8][9]