Qlenn Quld (ing. Glenn Herbert Gould; 25 sentyabr 1932[1][2][…], Toronto[4] – 4 oktyabr 1982[1][3][…], Toronto[4]) — Kanadalı pianoçu. O, 20-ci əsrin ən görkəmli pianoçularından biri kimi tanınır[7]. İohann Sebastyan Baxın əsərlərinin məşhur təfsirçisi kimi şöhrət qazanan Quldun ifası diqqətəlayiq texniki məharətinə və Bax musiqisinin kontrapuntal teksturasını ifadə etmək bacarığına görə fərqlənirdi.
Qlenn Quld | |
---|---|
ing. Glenn Gould | |
Ümumi məlumatlar | |
Doğum adı | Glenn Herbert Gold |
Doğum tarixi | 25 sentyabr 1932[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 oktyabr 1982[1][3][…] (50 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Pianoçu |
Fəaliyyət illəri | 1945-ci ildən |
Janr | klassik musiqi[5][6][…] |
Musiqi aləti | Piano |
Mükafatları | |
glenngould.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Quld Frederik Şopen, Ferens List və digərlərinin, eləcə də, bir sıra sonrakı romantik və modernist dövr bəstəkarlarının yaratdığı standart romantik fortepiano əsərlərinin əksəriyyətini rədd etdi. Səs yazılarında Bax və Bethoven üstünlük təşkil etsə də, Quldun repertuarı çoxşaxəli idi. Bura o cümlədən Motsart, Haydn və Brahmsın, Yan Piterszon Svelink və Orlando Gibbons kimi barokko dövründən əvvəlki bəstəkarların, Paul Hindemit, Arnold Şönberq və Rixard Ştraus kimi 20-ci əsr bəstəkarlarının əsərləri də daxil idi. Quld klaviaturadakı qeyri-adi musiqi təfsirləri və özünəməxsus əl-qol hərəkətlərindən tutmuş, həyat tərzi və davranışlarına qədər qəribəlikləri ilə tanınırdı. O, bütün diqqətini studiya səsyazmaları və digər layihələr üzərində cəmləşdirmək üçün 31 yaşında konsert verməyi dayandırdı.
Quld həm də yazıçı, diktor, bəstəkar və dirijor idi. Musiqi nəzəriyyəsindən danışaraq, öz musiqi fəlsəfəsini izah edərək musiqi jurnallarına çoxlu töhfələr verdi. Televiziya və radioda çıxış etdi və radio üçün Kanadanın təcrid olunmuş əraziləri haqqındakı "Yalnızlıq trilogiyası" adlı konkret musiqili 3 sənədli film hazırladı.
Qlenn Herbert Quld 25 sentyabr 1932-ci ildə Torontoda, Rassel Herbert Qold (1901-1996) və Florens Emma Qoldun (1891–1975) övladı olaraq dünyaya gəldi. Onun əcdadları presviterian olan şotlandlar və ingilislər idi. Ana babası Norveç bəstəkarı Edvard Qriqin əmisi oğlu idi (onun özünün əcdadları da şotland idi). Müharibədən əvvəlki Torontoda anti-semitizmin geniş yayıldığına və Qold soyadının yəhudi olmaqla əlaqələndirildiyinə görə, ailənin soyadı 1939-cu ildə qeyri-rəsmi olaraq Quld olaraq dəyişdirildi. Yəhudi əcdadı olmamasına baxmayaraq, Quld bəzən bu mövzuda zarafatlar edirdi: “İnsanlar məndən yəhudi olub-olduğumu soruşanda, həmişə deyirəm ki, müharibə vaxtı yəhudi olmuşam”.
Quldun musiqiyə olan marağı və pianist kimi istedadı çox erkən yaşlarından bəlli idi. Valideynləri hər ikisi musiqini sevirdi, xüsusilə anası kiçik Quldun musiqiyə olan istedadının inkişaf etdirilməsinə həvəs göstərirdi. Sonralar ona piano çalmağı öydərən anası onun müvəffəqiyyətli bir musiqiçi olacağına ümid bəsləyərək, hamiləlik dövründə onu musiqi ilə tanış etmişdi. Deyilənə görə, körpə olarkən ağlamaq əvəzinə zümzümə etdiyinə və barmaqlarını sanki akkord çalırmış kimi bükdüyünə görə həkimi onun “ya həkim, ya da pianist olacağını” bildirmişdi. Hərfləri oxumazdan əvvəl musiqi notlarını öyrəndi və üç yaşında fərqinə vardılar ki, mükəmməl bir səs diapozonu var. İlk dəfə piano ilə tanış olan Quld tək-tək notlara toxundu və səslərin yox olmasını dinlədi. Atasının dediyinə görə, onun pianoya olan münasibəti digər uşaqlarınkından fərqlənirdi. Quldun fortepianoya olan marağı nəsə bəstələməyə olan həvəsi ilə üst-üstə düşürdü. O, öz kiçik bəstələrini ailəsinə, dostlarına, bəzən də daha böyük kütləyə çalardı. Bura 1938-ci ildə evlərindən bir neçə məhəllə uzaqlıqdakı Emanuel presviterian kilsəsində öz bəstələrini ifa etməsi də daxil idi.
Altı yaşı olarkən onu ilk dəfə məşhur bir solistin canlı ifasını dinləməyə apardılar. Bu ona çox təsir etdi. Daha sonra təcrübəsini belə izah etdi:
Hofmann idi. Düşünürəm ki, bu, onun Torontodakı son çıxışı idi və məndə heyrətləndirici bir təəssürat yaratdı. Xatırlaya bildiyim tək şey odur ki, avtomobildə evə gələrkən ağlınızdan keçən hər cür inanılmaz səsi eşitdiyiniz o möhtəşəm yarı oyaq vəziyyətdə idim. Hamısı orkestral səslər idi, amma mən onların hamısını çaldım və birdən Hofmana çevrildim. Heyran olmuşdum.
|
10 yaşında Torontoda Kral Musiqi Konservatoriyasına (1947-ci ilə qədər Toronto Musiqi Konservatoriyası kimi tanınırdı) getməyə başladı. Leo Smitdən musiqi nəzəriyyəsi, Frederik C. Silvesterdən orqan, Alberto Querrerodan fortepiano dərsləri aldı. Təxminən həmin vaxtlarda Simko gölünün sahilində qayıqdan yıxılaraq kürəyini yaraladı. Bu qəzadan qısa bir müddət sonra atası onun üçün hündürlüyü dəyişdirilə bilən bir stul hazırladı. Anası Quldu klaviaturanın arxasında düz oturmağa məcbur edirdi. O, bu məşhur stuldan ömrünün geri qalanında da istifadə etdi və onu demək olar hər yerə özü ilə apardı. Stul Quldun klaviaturadan aşağıda otura biləcəyi tərzdə hazırlanmışdı və klavişlərə yuxarıdan toxunmaq əvəzinə onlara doğru əyilməsinə imkan yaradırdı. Bu, onun konservatoriyadakı fortepiano müəllimi Alberto Querreronun əsas texnikası idi.
Quld hər bir notun “özünəməxsusluğu”nu və aydınlığını qoruyaraq, onun çox sürətli tempdə çalmasına imkan verən bir texnika inkişaf etdirdi. İnstrumentdən həddən artıq aşağıda oturması onun klaviaturaya daha çox nəzarət etməsinə şərait yaradırdı. O, geniş repertuarını ifa edərkən və ya səs yazısı yazarkən diqqətədəyər texniki bacarıq göstərirdi. Bura Moris Ravelin valsına etdiyi aranjiman və Bethovenin Beşinci və Altıncı simfoniyalarının List transkripsiyası kimi virtuoz və romantik əsərlər daxil idi. Quld erkən yaşlarından Querrero ilə birgə barmaqları klavişlərə toxundurmaq texnikası üzərində çalışır, barmaqları qoldan asılı olmadan hərəkət etdirməyi məşq edirdi.
12 yaşı olarkən konservatoriyakı son piano imtahanından keçdi, bütün namizədlərdən yüksək qiymətlər aldı və beləcə, bu yaşından peşəkar pianist mövqeyinə keçdi. Bir il sonra yazılı nəzəriyyə imtahanlarını da keçdi və Toronto Musiqi Konservatoriyasının əməkdaşı diplomuna layiq görüldü.
Qlen möcüzə uşaq idi. Yetkinlik çağına çatanda isə musiqi fenomeni hesab olunurdu. O, demək olar heç vaxt pianoda məşq etmədiyini, repertuarına notları oxuyaraq hazırlaşdığını iddia edirdi. Bu, müəllimi Querrerodan öyrəndi başqa bir texnika idi.
O, digər pianistlərin gündə bir neçə saat məşq edərək instrumentlə əlaqələrini gücləndirmək cəhdini başa düşmədiyini deyirdi. Görünən odur ki, Quld instrument olmadan da, sadəcə özünü şüurlu şəkildə buna hazırlayaraq məşq edə bilirdi. Hətta bir dəfə o qədər irəliyə getdi ki, Brahmsın əsərlərinə səsyazmaya sadəcə bir neçə həftə qalana qədər pianoda çalmadan hazırlaşdı. Quld təkcə fortepianodakı geniş repertuarını deyil, eyni zamanda geniş orkestr və opera əsərlərini də yadda saxlayaraq əzbərdən çala bilirdi. O, bir dəfə dostundan onun "həmin an əzbərdən çala bilməyəcəyi bir əsər" seçməsini istəyərək ona meydan oxumuşdu.
Quld demişdi:
Fortepiano böyük sevgi bəslədiyim bir alət deyil ... [amma] bütün ömrüm boyu onu ifa etmişəm və o, fikirlərimi ifadə etməyim üçün ən yaxşı vasitədir.
|
Baxı ifa etməsi haqda isə bunları söyləyib:
Bütün səsyazmalar üçün pianodan istifadə edirəm. Bu, daha çox sükanı olmayan bir avtomobilə sahib olmaq kimidir: sən onu idarə edirsən, o səni yox; sən onu sürürsən, o səni yox. Bu, pianoda Baxı ifa etməyin yeganə sirridir.
|
Quld yeniyetməlik illərində Artur Şnabeldən, Rozalin Turekin Bax səsyazmalarından və dirijor Leopold Stokovskidən təsirlənmişdir. O, güclü təxəyyülə malik olması ilə tanınırdı. Dinləyicilər onun ifalarının mükəmməl dərəcədə yaradıcı və qeyri-adi olduğunu bildirirdi. Onun pianizmində aydınlıq, məlumatlılıq (xüsusilə kontrapunktal keçidlərdə) və qeyri-adi bir idarəetmə hökm sürürdü. Quld fortepianonun "kontrapunktal alət" olduğuna inanırdı və musiqiyə olan yanaşması tamamilə barokkoda mərkəzləşmişdi. O düşünürdü ki, homofoniyanın (çoxsəslilik) çoxluğuna əhəmiyyətlilik və mənəviyyat baxımından zəif olan sənət dövründə rast gəlinir.
Quld 1938-ci il iyunun 5-də ailəsi ilə birgə getdiyi kilsədə ilk dəfə təxminən iki min insanın qarşısında çıxış etdi. 1945-ci ildə, yəni 13 yaşı olarkən, Toronto simfoniyası ilə ilk orkestr çıxışını etdi. 1947-ci ildə ilk solo çıxışını, 1950-ci ildə Kanada Yayın Korporasiyası (ing. CBC) ilə birlikdə radioda ilk çıxışını etdi. 1953-cü ildə violonçel çalan İsaak Mamott və skripkaçı Albert Pratz ilə birgə “Festival Trio” adlı kamera musiqi qrupunun əsasını qoydu.
1957-ci ildə SSRİ-yə səyahət etdi və İkinci dünya müharibəsindən bəri orada ifa edən ilk şimali amerikalı oldu. Onun konsertlərində Bax, Bethoven, sosialist realizmi dövründə SSRİ-də ifası qadağan olunmuş Arnold Şönberq və Alban Berq kimi bəstəkarların musiqiləri səsləndi. Quld 1958-ci ilk dəfə Bostonda çıxış etdi, 1960-cı il yanvar 31-də Leonard Bernstinin dirijorluğu altında Baxın 1 nömrəli piano konsertosunu (D minorda) ifa edərək Amerika televiziyasında debütünü etdi.
Quld ictimai konsert qurumunun təkcə anaxronizm deyil, eyni zamanda “pis qüvvə” olduğundan əmin idi. Konsert verməyi sonlandırmasının səbəbi də məhz bu idi. O, ictimai performansın ifaçı ilə empatiya qurmayan (istər musiqi baxımından, istərsə də digər), bütün diqqətini onun nə vaxt səhv edəcəyinə yönəldən dinləyici arasındakı məqabətə çevrildiyi deyirdi. Quld 1964-cü il 10 apreldə Los-Ancelesdə son ictimai çıxışını verdi. Həmin gecə ifa etdiyi əsərlərə Bethovenin 30 nömrəli fortepiano sonatası, Baxın “Fuqa sənəti” əsərindən seçmələr və Paul Hindemitin 3 nömrəli fortepiano sonatası daxil idi. Quld bütün karyerası boyunca 200-dən az konsert verdi. Kanadanın xaricində verdiyi konsertlərin sayı isə 40-dan az idi. Başqa pianoçular, məsələn, Van Klibern sadəcə 2 ilə 200 konsert vermişdi.
Quld konsert verməyi birdəfəlik sonlandırmasının səbəblərindən biri kimi studioda çalışmağa üstünlük verməsini, öz sözləri ilə desək "mikrofona olan sevgisinin artması"nı göstərirdi. Orada o, musiqi parçasının hər aspektini idarə edə bildiyini deyirdi.
Quld öz qeyri-adi adətləri ilə məşhur idi. O, pianoda ifa edərkən çox vaxt nəsə zümzümə edir və ya oxuyurdu. Bəzən elə olurdu ki, səs mühəndisləri onun səsini tam şəkildə səsyazmadan çıxara bilmirdi. Quld bunu şüurlu şəkildə yox, qeyri-ixtiyari etdiyini iddia edirdi. Onun bioqrafı Kevin Bazzananın fikrincə, bu, anasının ona ifa etdiyi hər şeyi oxumasını öyrətdiyindən qaynaqlanırdı. Bu, artıq hamıya məlum olan və təngitməsi mümkün olmayan bir vərdiş idi. Onun bəzi səsyazmaları bu “vokalçılığı”na görə kəskin tənqid olunmuşdu. Bir şərhçi onun “Qoldberq varyasiyaları”nın səsyazması haqda fikir bildirəndə bu “inilti və zümzümənin” əksər dinləyiciyə dözülməz gəldiyini demişdi. Quld çıxış edərkən etdiyi özünəməxsus hərəkətləri və həyatının hər anında, hər şeyi idarə etməyə çalışması ilə tanınırdı. Səsyazma studiosundakı temperatur xüsusi olaraq tənzimlənməli idi. O, oranın həmişə isti olmasını təkid edirdi. Quldun başqa bir bioqrafı Otto Fridrixin yazdığına görə, havalandırma mühəndisi da səs mühəndisi kimi səylə çalışmalı idi.
Piano müəyyən hündürlükdə yerləşdirilməli idi. İfa edərkən bəzən ayağının altına kiçik xalça qoyardı. Döşəmədən 14 inç yuxarıda oturmalı idi və bütün konsertlərdə atasının düzəltdiyi stulda oturardı. Stul tamamilə köhnələndə belə ondan istifadə etməyə davam edirdi. İndi bu stul onun şərəfinə Milli Kanada Kitabxanasında şüşə arxasında saxlanılır.
Dirijorların Qulda və onun ifa vərdişlərinə olan münasibəti fərqli idi. 1957-ci ildə Qulda dirijorluq edən Corc Szell öz köməkçisinə onun dahi olduğunu demişdi. Leonard Bernstin isə belə demişdi: "Sırf onun kimi başqa biri yoxdu və onla birgə ifa etməyi sevirəm". 1962-ci il aprelin 6-dakı konsertdə Quld Brahmsın 1 nömrəli piano konsertosunu D minorda ifa edəcəkdi. Konsertdən qabaq Berstin tamaşaçılara demişdi ki, eşidəcəkləri şeylərə görə məsuliyyət daşımır. Tamaşaçılar onun verdiyi "Konsertoda kimdir aparıcı - solist yoxsa dirijor?" sualına gülüşlə qarşılıq vermişdi. "Cavab odur ki, bu, təbii olaraq həmin insanlardan asılıdır. Bəzən biri olur aparıcı, bəzən də digəri".
Quld soyuğu heç sevmirdi, hətta isti yerlərdə belə qalın paltarlar geyinər, əlcək taxardı. Bir dəfə əynində paltosu, papağı və əlcəkləri, Floridada parkında skamyada oturarkən onu səfil hesab edib həbs etmişdilər. O, sosial funksiyaları da sevmirdi. Kiminsə ona toxunmasına nifrət edən Quld həyatının sonrakı dövrlərində insanlarla şəxsi ünsiyyəti məhdudlaşdırmışdı, onlarla daha çox telefon və məktubla əlaqə saxlamağa üstünlük verirdi. Nyu Yorkda Steynvey Holla baş çəkərkən Quldu əsas pianoçu Uilyam Hupferin onu kürəyinə vuraraq salamlamasından çox təəccüblənmişdi. Onun bu hərəkətinin ağrılara, koordinasiya çatışmazlığına və kəskin yorğunluğa gətirib çıxardığından şikayətlənən Quld bütün bunlar davam edərsə, Steynvey musiqi şirkətini məhkəməyə verməyi belə düşünmüşdü. O, çıxışları son anda təxirə salması ilə tanınırdı. Məsuliyyəti boynuna götürməyən Bernstin onun çıxışından əvvəl “Qorxmayın, Quld buradadır. Bir dəqiqəyə gələcək” demişdi.
Quld öz qeydlərində və verilişlərdə satirik, yumoristik və didaktik məqsədlər üçün 24-dən çox alter eqo yaratmışdı. Bu, ona öz çıxışları haqda qərəzli və anlaşılmaz şərhlər yazmağa imkan verirdi. Yəqin ki, ən məşhurları alman musiqişünası Karlhaynz Klopvayzer, ingilis dirijor Ser Nigel Tvitt-Tornveyt, amerikalı tənqidçi Teodor Slatz idi. Onun bu kimi davranışları nevrozla əlaqələndirilmiş, psixobiologiyanı geniş materialla təmin etmişdi. Torontodakı “Fransın restoranı” Quldun dəyişməz məkanı idi. Hər səhər saat 2 ilə 3 arasında 24 saat açıq olan bu restorana gedər, eyni yerdə oturar, qayğanaq sifariş verərdi. O, violonçel çalan Vircinia Katimsə məktubunda təxminən 10 il vegetarian olduğunu demişdi.
Quld gözdən uzaq bir həyat yaşayırdı. Sənədli filmlər çəkən rejissor Bruno demişdi “Heç bir dahi pianoçu özünü bu qədər az göstərərək ürəyini və ağlını belə hədsiz dərəcədə işinə qoymamışdı”. Heç evlənmədi və bioqraflar onun seksual orientasiyasını xeyli araşdırdı. Bazzana yazır ki, “Quldun qeyri-adi estetikasına və nümayiş etdirdiyi xarakterə uyğun olaraq, onun aseksual olması fikri adama cəlbedici gəlir və onun yazdıqlarını oxuyan biri onun bakir öldüyünə əmin ola bilər. Amma o, eyni zamanda qadınlarla platonik olan və ya olmayan, qarışıq hal alan və sonlanan bir sıra münasibətlərin də adını çəkir.
2007-ci ildə buna dair bir sübut ortaya çıxdı. Quld 1956-cı ildə Los-Ancelesdə olarkən incəsənət müəllimi Kornelia Foss və onun dirjor olan həyat yoldaşı Lukas ilə tanış oldu. Bir neçə ildən sonra Quld və Kornelia sevgili oldu. 1967-ci ildə Foss Qulda görə həyat yoldaşını tərk etdi, iki uşağını da özü ilə birlikdə Torontoya apardı və Quldun mənzilinin yaxınlığında bir ev aldı. 2007-ci ildə Foss Quldla bir neçə il davam edən bir sevgi münasibətinin olduğunu təsdiqlədi. Fossun sözlərinə görə, “Qlenn haqqında bir çox yanlış anlaşılmalar var idi və bu, müəyyən mənada onun şəxsi həyatını gizli saxlaması ilə əlaqədar idi. Ancaq sizi inandırıram ki, o, həddən artıq heteroseksual biri idi. Bundan əlavə, bizim münasibətlərimiz də olduqca seksual xarakter daşıyırdı”. Onların münasibəti Kornelainın 1972-ci ilə həyat yoldaşının yanına qayıtmasına qədər davam etdi. Yoldaşından ayrıldıqdan iki həftə sonra Foss Quldda narahatedici əlamətlər, qeyri-adi hərəkətlər müşahidə etdiyini bildirib. Xüsusilə Fossun oğlunun dediyinə görə, Quld kiminsə ona casusluq etdiyini düşünürdü.
Quld sağlığı haqda həddən artıq narahat olan biri idi. Buna baxmayaraq, bir çox ağrı və xəstəliklərdən əziyyət çəkirdi. Onun cəsədi yarılanda daim onu narahat etdiyini dediyi nahiyələrdə çox az problem olduğu aşkar olundu. Quld bütün həyatı boyu yüksək qan təzyiqindən (sonrakı illər gündəliyində qeyd etmişdi) tutmuş əllərinin təhlükəsizliyinə (Quld nadir hallarda insanlarla əl görüşərdi və əlcək geyinmək onda artıq vərdiş halını almışdı) qədər səhhəti ilə bağlı hər şey haqqında narahat olmuşdu. Həyatının erkən çağlarında aldığı onurğa yarasına görə tez-tez həkimlərə üz tutur, müxtəlif cür ağrıkəsicilər, anksiolitiklər və digər dərmanlardan istifadə edirdi. Bazzana Quldun bu qədər çox dərmandan istifadə etməsinin onun sağlığına zərər vermiş ola biləcəyini düşünürdü. O yazır ki, vəziyyət o həddə çatmışdı ki, “o, bəzi dərmanların əks təsirlərinin qarşısını almaq üçün başqa dərmanlar atır, bu da öz növbəsində asılılıq yaradırdı”. Piter Qoddardın sözlərinə görə, Quld 1955-ci ildə “yemək mövzusundakı isteriyam get-gedə daha da pisləşir” demişdi. 1956-cı ildə o, anti-psixotik dərman olan torazin, qan təzyiqini aşağı salmaq üçün də istifadə olunan başqa anti-psixotik dərman da qəbul edirdi. Kornelia Foss Quldun çoxlu antidepressant qəbul etdiyini demiş, onun psixi vəziyyətinin pisləşməsinin səbəbi kimi bunu göstərmişdi.
Quldun davraşının autizm spektr pozuntusu ilə əlaqəli olub-olmadığı müzakirə mövzusu olmuşdur. Bunu ilk dəfə 1997-ci ildə Quldun dostu olan psixiatr Piter Ostvold “Qlenn Quld: bir dahinin ekstazı və faciəsi” adlı kitabında təklif etdi. Onda eyni zamanda bipolyar pozuntunun olduğu da ehtimal olunur, çünki bəzən günlərlə yatmır, həddən artıq enerjili olur, maşını diqqətsiz sürür, ciddi depressiv vəziyyətlərə tab gətirirdi.
Quld 1982-ci il sentyabrın 27-də, 50 yaşı tamam olandan iki gün sonra əvvəlcə kəskin baş ağrısından əziyyət çəkdi, ardınca bədəninin sol tərəfi iflic oldu. Toronto Ümumi Xəstəxanasına yerləşdirildi və vəziyyəti sürətlə daha da pisləşdi. 4 oktyabra qədər beynin zədələnmiş olması sübut olundu və Quldun atası oğlunun həyat dəstəyinə son verilməli olduğuna qərar verdi. Quldun ictimai cənazəsi Lui Marşal və Maurin Forresterin ifası ilə oktyabrın 15-də Müqəddəs Paul anqlikan kilsəsində keçirildi. Cənazəyə 3000-dən çox adam qatıldı. O, Torontoda valideynlərinin yanında dəfn olundu. Qoldberq varyasiyalarının bir neçə sətri onun qəbrinin üzərinə qazındı. Heyvanlara olan sevgisi ilə məşhur olan Quld mülkünün yarısını heyvan qoruma cəmiyyətinə, qalan yarısını da xeyriyyə məqsədi ilə bağışladı.
Çoxlu müsahibə verən Quld demişdi ki, əgər pianoçu olmasaydı, yazıçı olardı. O, mühazirələrdə, nitqlərində, dövri mətbuatda və Kanada Yayın Korporasiyası üçün olan radio və televiziya sənədli filmlərdə musiqi, incəsənət haqqındakı fikirlərini və tənqidi görüşlərini ifadə etmişdi. Quldun yazı üslubu əsasən olduqca anlayışlı, bəzən isə bər-bəzəkli və ritorik idi. Bu, yumor və kinayədən istifadə edərkən özünü daha çox büruzə verirdi. Bazzana yazır ki, Quldun “gözqamaşdıran danışığı”nın bəzi cəhətlərinin özünü yazıda da göstərməsinə baxmayaraq, yazısı ən çox nə qədər “kələ-kötür” ola bilərdisə, bir o qədər ahəngsiz idi. O bildirir ki, Quld yazılarında “dahiyanə baxış bucaqları” və “provokativ müddəalar” irəli sürsə də, “uzun, insana əzab verən cümlələr” və “saxta rəsmilik” buna kölgə salır.
Quld yazılarında bəzi bəstəkarları tərifləmiş, musiqi kompozisiyasında bayağı hesab etdiyi şeyləri rədd etmiş, eyni zamanda, Rixard Ştraus, Alban Berq və Anton Vebernin musiqilərinə dair təhlillər vermişdi. Ənənəvi cazı sevməsinə baxmayaraq, populyar musiqiyə nifrət edirdi. Gənclik illərində dostları ilə birlikdə caz konsertindən zövq almış, yazılarında cazdan bəhs etmiş, bir dəfə Bitlz qrupunu tənqid etmişdi. Quld və caz pianoçusu Bill Evans qarşılıqlı şəkildə bir-birinin pərəstişkarı idi.
Quldun incəsənətə dair ümumi görüşü çox vaxt 1962-ci ildə dediyi bu sitatla ifadə olunur: “Sənətin səbəbi insanın qəlbində alovlandığı daxili yanğıdır, dayaz, xarici, ictimai təzahürlər deyil. İncəsənətin məqsədi adrenalinin bir anlıq çölə çıxması yox, əksinə, tədricən, ömrü boyu davam edən heyrət və rahatlıq hissidir”.
Quld dəfələrlə özünü “son puritan” adlandıraraq, filosof Corc Santayananın 1935-ci ildə yazdığı eyni adlı romanına istinad etmişdi. Quldun son dərəcə individual həyat tərzinə və artistik görüntüsünə uyğun gəlməyən bu söz ziddiyyətə səbəb olur. Mark Kinqvel nə Quldun özünün, nə də bioqraflarının aydınlıq gətirdiyi bir sıra məsələlər haqda belə yazır: