Qriqori Tavmaturq (213[1], Niksar[d], Toqat ili – 270[1], Niksar[d], Toqat ili) — xristian dünyasının məşhur ilahiyyatçılarından biri.
Qriqori Tavmaturq | |
---|---|
q.yun. Γρηγόριος ὁ Θαυματουργός | |
Doğum tarixi | 213[1] |
Doğum yeri | |
Vəfat tarixi | 270[1] |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Məşhur xristian müqəddəslərindən olan Qriqori Tavmaturq 213-cü ildə Roma İmperiyasının Neokesareya (müasir Türkiyədə Niksar şəhəri) şəhərində doğulmuşdur. Onun bütpərəst ailəsində böyüdüyü salnaməçilər tərəfindən nəql edilmişdir. Yeniyetmə yaşlarında atasını itirmişdir. Öz dövrünə görə standart təhsil almış, anasının istəyinə əsasən, ritor (natiq) sənətinə yiyələnsə də, bundan tamah məqsədilə istifadə etməmişdir. Latın dili müəlliminin təsirinə düşərək fəlsəfə məktəbinə daxil olmaqdan imtina etmiş və hüquqşünaslıqla məşğul olmuşdur. Qardaşı ilə birgə Beyrut şəhərinə yollanaraq, orada digər məşhur ilahiyyatçı Origenlə tanış olmuşdur. Onun təsiri altında xristianlığı qəbul etmiş, nəticədə də bütün həyat tərzini dəyişmək qərarına gəlmiş və onun tələbəsi olmuşdur.
Origenin yanında beş il təhsil alan Qriqori antik və xristian fəlsəfəsinin əsaslarını öyrənmiş, bu barədə biliklərini möhkəmləndirmişdir. Daha sonra vətəninə qayıtmış, burada da elmi məlumatlarını zənginləşdirməklə məşğul olmuşdur. O, 245-ci ildə Amasiya yepiskopu Fedim tərəfindən Neokesareya şəhərinin yepiskopu təyin edilmişdir. İlk öncə, onun təklifini qəbul etməkdə tərəddüd edən Qriqorini razı salmaq üçün Fedim özü şəxsən yolun yorucu və uzun olmasına baxmayaraq, Amasiyadan Neokesareyaya gəlmiş, və onun Tanrı tərəfindən bu şəhərin imanla geclənməsi üçün mükəlləfiyyət daşıdığını bildirmişdir.
İmperator Desiusun zamanında xristianlar təqib edilərkən, Qriqori şəhər ətrafındakı dağlara qaçaraq xilas olmuşdur. Bu zamanlar onun bir sıra möcüzələr göstərdiyi xristian salnaməçiləri tərəfindən rəvayət olunmuşdur. Daha sonra isə barbarlar Roma İmperiyasına hücum etmiş, Neokesareya şəhəri də bu hücumdan zərər çəkmişdir. Qriqori Tavmaturq təxminən 270-ci ildə doğulduğu Neokesareya şəhərində vəfat etmiş, daha sonra xristian kilsəsi tərəfindən müqəddəs elan edilmişdir.
Qriqori Tavmaturqun ilahiyyat mövzusu ilə bağlı yazdığı əsərlərdə əsasən Üç Üqnum məfhumu araşdırılmış, onun hansı anlama gəldiyi barədə mülahizələr irəli sürülmüşdür. İlahiyyatçının əsərlərində Origenin təsiri açıq-aşkar hiss olunur.
Onun fikrincə, Tanrının mövcudluğu heç bir ağıl tərəfindən qəbul edilə bilməyəcək fövqəladə şüur sahibidir və daimi surətdə bəşəriyyətin xilası üçün səy göstərməklə məşğuldur. Üç üqnum isə tam mükəmməl şəkildə vahidlik göstərən bütöv orqanizmdən ibarətdir. Oğul (İsa Məsih) Ata (Tanrı) ilə eynilik deməkdir, onlar bir-birilərinə üzvi surətdə sıx birləşmişlər. Dünyada əsas xilaskar məhz Oğuldur, o bu missiyanə Atadan almışdır. İsa Məsih həmçinin, İlk Ağılın sözünün (loqos) calandırılmış şəklidir. Qriqori Tavmaturqun müəllifliyi qəbul edilmiş əsas əsərləri aşağıdakılardan ibarətdir: "Origenin şərəfinə tərifli söz" əsərini müəllimi ilə vidalaşarkən yazmışdır. Əsərdə Origenin xristian dünyasında gördüyü işlər sıralanmış, onun biliyi vəsf edilmiş, yüksək əxlaqi-mənəvi keyfiyyətləri təriflənmişdir. Müəllif bu əsəri ilk öncə "Təşəkkür nitqi adlandırmışdır. Sonrakı dövr ilahiyyatçılarında Evsevi bu əsərdən istifadə etmişdir.
"İmanın izahı" lat. ("Expositio fidei") – burada xristian iman əsasları araşdırılmış, onların haqqındakı əsas məlumatlar bildirilmişdir.
"Kanonik bəyanat" lat. ("Epistulu canonica") – bu əsərdə barbarların Pont vilayətinə (müasir Türkiyənin Qaradəniz sahili, Qriqorinin vətəni Neokesareya şəhəri bu vilayətdə yerləşirdi) basqınının təfərrüatları haqqında məlumat verilmişdir.
"Ekkleziastın təkrarı" – Bu əsər Bibliyanın bir hissəsi olan Ekkleziast kitabının təfsirindən ibarətdir.
Bu əsərlərdən başqa Qriqorinin müəlllifliyi iddia edilən, lakin bu fikrin tədqiqatçılar tərəfindən təsdiqlənmədiyi xeyli kitablar da mövcuddur.