Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. |
Qurban Səid — ilk dəfə 1937-ci ildə Avstriya naşiri E. P. Tal tərəfindən alman dilində nəşr edilən "Əli və Nino" romanının müəllifinin istifadə etdiyi təxəllüsdür. Romanın hal-hazırda 30-dan çox dildə nəşri mövcuddur.[1]
Romandakı hadisələrin cərəyan etdiyi ölkə olan Azərbaycanda "Kurban" "Qurban" kimi tələffüz olunur. Sözün kökü semit dillərinə – ərəb və ivrit dillərinə gedib çıxır. Yaxın Şərq mədəniyyətləri üçün ortaq sayılan ənənəvi dini anlayış olan bu ifadə "qurban" mənasını verir. "Səid" isə "şən", "xoşbəxt" mənalarını ifadə edir.
Lakin türk dillərində olduğu kimi, Azərbaycan dilində də sifət isimdən əvvəl gəlir və onu təyin edir. Buna görə də "xoşbəxt qurban", "şən qurban" mənalarının dəqiqliklə ifadə edilməsi üçün sözlər "Səid Qurban" kimi yerini dəyişməlidir.[2] Bu ideya romanın xoşbəxtlikdən uzaq süjet xətti ilə ziddiyyət təşkil edir. Əvvəlindən sonuna kimi romana qəmgin melanxolik mövzu hakimdir.[3]
Yusif Vəzir Çəmənzəminlinin oğlu Orxan Vəzirov da (1928–2010) daxil olmaqla bir sıra insanlar güman edirlər ki, əsl təxəllüsün Qurban Seyid və ya Seyid Qurban olma ehtimalı daha çoxdur. Seyid titulu Məhəmməd peyğəmbərin nəslindən olan kəslərə aid edilir. Başqa sözlə, bu ifadə müqəddəs nəsildən olan insan mənasını verir. "Qurban Səid" təxəllüsü müqəddəs nəsildən gələn və qurbana çevrilən insan mənasını ifadə edir. Bu da "Əli və Nino" romanının mövzusu ilə üst-üstə düşür.[4] Əsərin baş qəhrəmanı Əli xan öz ölkəsinin və özünün azadlığı uğrunda özünü qurban verir. O doğma ölkəsini işğal edən bolşeviklərə müqavimət göstərərkən vəfat edir (1920). Azərbaycan dilində "Qurban" və "Səyid" təxəllüsləri həm ad, həm də soyad kimi işlədilir.
Yusif Vəzir Çəmənzəminlinin həm ana, həm də ata tərəfdən seyid olduğu hesab olunur. "Qurban" təxəllüsünə gəldikdə isə, Çəmənzəminli "Qurban" adlı hekayə yazmışdı.[5] Bundan əlavə, bolşeviklərə müxalif olan Azərbaycan Demokratik Respublikasının xaricdə diplomatik nümayəndəsi kimi o, Avropadan öz doğma vətəninə qayıtmaq üçün icazə almaq istədiyi zaman 1925-ci ildə[6] Azərbaycandakı Sovet rəsmilərinə yazdığı məktublarında özünü "qurban" kimi qələmə verirdi. Çəmənzəminli anlamışdı ki, tarixi şərait onu siyasi qurbana çevirmişdi. Çünki bolşeviklər hakimiyyətə gəldikdən sonra ADR rəsmilərinin çoxu öldürülmüşdü.[7]
1904-cü ildə tələbə olduğu vaxtdan başlayaraq bütün ədəbi yaradıcılığı boyu, Yusif Vəzirov ən azı 15 təxəllüsdən istifadə etmişdi. Onun təxəllüsləri arasında aşağıdakılar yer alır: "Bədbəxt", "Haqq tərəfdarı", "Müsavi", "Sərsəm", "Stradayuşiy" və "Zritel".[8]
Əgər əsil ad "Seyid Kurban" olmuşdursa da, romanın süjet xəttinə bəzək-düzək verərək ona folklor elementlərini (çox vaxt həqiqətlə üst-üstə düşməyən faktları) əlavə edən Məhəmməd Əsəd bəy söz sırasını dəyişmişdi, belə ki o, öz plagiatının üstünü örtmək üçün dəfələrlə müxtəlif mətnlərdə söz sırasını dəyişmişdi.[9]
Əhməd Cəmil Vakka-Mazzara uydurma adı ilə tanınan və Tripolidə dünyaya gələn italyan Bella Vakka da "Qurban Səid" təxəllüsünə iddia irəli sürmüşdü. 1970-ci illərdə Vakka Almaniya reyersterlərində "Əli və Nino" romanını öz adına qeydiyyata salan Elfrida Ehrenfelsin həyat yoldaşı Baron Omar Rolf Ehrenfelsin qapısında peyda olaraq[10] özünü bu cür təqdim etmişdi: "Kurban Səid C’est moi!" (Qurban Səid, mənəm). Ehrenfelslər ailəsi təəccüb içində donub qalmışdı.[11]
Vakka həmçinin Britaniya naşiri Hatçinsona məktub yazaraq iddia etmişdi ki, Qurban Səid kimi o, Əsəd Bəylə bir sıra kitab yazılışında əməkdaşlıq etmişdi və onların Qurban Səid və Əsəd Bəy adı altında bu kitabları nəşr etmək planları vardı. Vakka iki kitab adı çəkmişdi: "Cihad" və "Kəloğlan: Səmərqənddən Tanjerə kimi".[12]
Vakka və Əsəd bəyin əlaqələrinə diqqət yetirin. Vakka Əsəd Bəyin narkotik alverçisi idi. O 1938-ci ildə narkotik alveri və silah qaçaqmalçılığına görə ittiham olunaraq Misirdən qovulmuşdu.[13] Vakka həmçinin də İtaliyanın Pozitano şəhərinin dəniz sahillərində dəfn edilmiş Əsəd Bəy üçün müsəlman üslubu ilə türban şəkilli baş daşı düzəltdirən və onu maliyyələşdirən şəxs idi.[14][15]
"Əli və Nino" romanının ilk dəfə 1944-cü ildə italyan dilinə tərcüməsini Vakka təşkil etmişdi. O, 1942-ci ildə Əsəd Bəy üçün yazdığı nekroloqda romanın adının "Əli və Nino" kimi qeyd etməsinə baxmayaraq,[16][17][18] romanın 1944-cü il nəşrində o, romanı "Əli Xan",[19] müəllifi isə "Qurban Səid" əvəzinə "M. Əsəd Bəy" kimi göstərmişdi. Nekroloqda və romanın girişində Vakka Əsəd Bəylə 4 nəsil əvvələ gedib çıxan qohumluq əlaqəsi olduğunu sübut etməyə çalışmaqla Əsəd Bəyin "sağ qalmış yeganə yaxını" kimi onun var-dövlətinə yiyələnməyə çalışırdı.
Onun məqsədi Əsəd Bəyin Rza Şah bioqrafiyası üçün ödəniş etməyən Londondakı Hatçinson Nəşriyyatına necə yaxınlaşacağı barədə Omar Rolf Ehrenfelsin məsləhətini almaq üçün yazdığı məktubda daha açıq özünü büruzə verir. Vakka pul tələb etmək üçün iddia irəli sürmüşdü və Əsəd Bəylə qohumluq əlaqələrini sübut etmək üçün bütün sənədlərin əlində olduğunu söyləmişdi.
Vakka iddia edir ki, "Qurban Səid" təxəllüsü sonradan onunla Əsəd Bəy arasında zarafata çevrilən bir anlaşılmazlıq – bir təsadüf nəticəsində meydana gəlmişdi. Vakkaya görə, bu epizod Allahın göstərdiyi mərhəmətə təşəkkür əlaməti olaraq İbrahimin öz oğlu İsmayılı qoyun əvəzi qurban vermək ənənəsini yad etmək üçün ildə bir dəfə qeyd edilən Qurban Bayramı ərəfəsində Türkiyədə baş vermişdi.
Vakka ssenarini bu cür təsvir edir. 1936-cı il. İstanbul Milli Kitabxanasının mühazirə zalı. O və Əsəd Bəy "Əli və Nino" romanı üzərində işləmək üçün bura gəlmişdilər. Vakka gələndə Əsəd Bəy kiminləsə söhbət edirdi. Mən onların ikisini də salamlayaraq dedim: "Qurban Səid". Əslində isə Vakka "Qurban Bayramınız mübarək" demək istəyirdi.
Vakka davam edir: Belə məlum oldu ki, Əsəd Bəylə söhbət edən əcnəbi turistdir. O bu adəti düzgün başa düşmədi və elə düşündü ki, mən özümü "Qurban Səid" kimi təqdim etdim. Və beləliklə əcnəbi gülümsəyərək cavab verdi: "Sizi tanımağıma şadam, cənab Qurban Səid". Bundan sonra Əsəd Bəy zarafatla məni "Qurban Səid" deyə çağırırdı. Sonradan o, roman üçün təxəllüs axtaranda məndən bu ləqəbdən istifadə etməsi üçün icazə aldı və mən də ona razılıq verdim.[20]
Vakkanın nağılının uydurma olduğu açıq-aydın görünür:
1) Nə bu bayramı qeyd edən İranda, Türkiyədə, və Azərbaycanda nə də ərəbdilli və ya Mərkəzi Asiyanın türkdilli ölkələrində "Qurban Səid" və ya "Kurban Səid" kimi salamlaşma forması yoxdur.
2) Həm Əsəd Bəy, həm də Vakka iddia edir ki, onlar islam dinini qəbul etmişdilər. Aydın olur ki, onların İslama dair bilikləri səthidir. Onların bu "dini qəbul etmələri" bir çox opponentlər tərəfindən opportunist mövqe kimi qəbul edilir.
3) Bu bayram Türkiyədə ən böyük bayram olduğu üçün həmin ərəfədə ölkənin kitabxanaları bağlı olmalı idi. Hazırda Türkiyədə bu Bayram bir həftədən çox qeyd olunur.
4) Əgər biz məsələyə Azərbaycanın müstəqilliyi uğrunda şəxsi azadlığını qurban verən Əli xan obrazı kontekstində yanaşsaq, görərik ki, "Qurban Səid" təxəllüsünün "Əli və Nino" romanı ilə bəsit bir anlaşılmazlıq və ya zarafat nəticəsində meydana gəlməyəcək qədər dərin əlaqəsi vardır.
5) Vakkanın iddiasından savayı, Əsəd Bəyin Türkiyəyə gedib "Əli və Nino" romanı üzərində işləməsinə dair başqa heç bir sübut mövcud deyil. Ümumiyyətlə Vakkanın "Əli və Nino"nun redaktəsində iştirak etməsinə dair də heç bir şahid yoxdur.[21] Lakin əlyazmanın əslinin İstanbul Dövlət kitabxanasında saxlanması istisna deyil. Vakka yazırdı: "Romanın ilkin planı 1936-cı ildə Türkiyənin Dövlət Kitabxanasında tərtib edilmişdi və mən deyə bilərəm ki, həmin plan hələ də Türkiyədə qalmaqdadır.[22]
Bundan əlavə, Yusif Vəzir Çəmənzəminli Azərbaycanla əlaqəli yazılı materialları İstanbulda, Süleymaniyyənin Qatanov kitabxanasında qoyduğunu yazmışdı.[23]
Alman dilində Əsəd Bəy təxəllüsü ilə yazan Lev Nussimbaum,[24] "Qurban Səid" təxəllüsü ilə də əlaqələndirilir. Təxminən 30 yaşlarında Lev Nussimbaum Burger xəstəliyinə görə ölüm təhlükəsi ilə üzləşməyə başlayan zaman[25] "Sevgidən bixəbər kişi" (Der Mann der von der Liebe nichts vertand) başlığı altında öz şəxsi avtobioqrafiyasını yazmaq fikrinə gəlmişdi. O, bu əsəri Qurban Səid təxəllüsü ilə yazmışdı.[26] Heç vaxt dərc edilməsə də "Der Mann" 1937-ci ildə faktiki olaraq nəşr olunmuş və satışa buraxılmış əsər kimi anons edilirdi.[27] 1937-ci il həm də "Əli və Nino" əsərinin nəşr edildiyi il idi.[28]
Lakin dərindən aparılan tədqiqatlar aşkar etdi ki, Lev Nussimbaumun "Qurban Səid" təxəllüsü altında nəşr olunan digər əsərlər ilə əlaqələndirən zaman ehtiyatlı olmaq lazımdır. Tədqiqatlar göstərir ki, Əsəd Bəyin "Əli və Nino" romanının süjet xəttində, xüsusilə də çox zaman yanlışlıqlara yol verdiyi folklor və əfsanəvi hadisələrlə bağlı hissələrdə barmaq izləri vardır.[29] Əslində isə "Əli və Nino"nun ilkin əlyazmasının onun tərəfindən deyil, məhz Yusif Vəzir Çəmənzəminli tərəfindən yazıldığı aşkar olundu.[30] Lev Nussimbaumun bu təxəllüsdən istifadə etmək üçün hüquqlarının olması və bu adın doğrudan da onun tərəfindən yaradılmasına dair mübahisələr mövcuddur.
Hətta Ris də öz oxucularını Nussimbaumun öz şəxsiyyəti ilə bağlı verdiyi məlumatlarının etibarlı olmadığına dair xəbərdar edir. "İllər ərzində onun həyatına dair topladığım dəlilsiz sənədlər göstərir ki… Levin öz adı, irqi, milliyyəti ilə bağlı verdiyi ən adi məlumatlara belə inanmaq olmaz ".[31]
"Der Mann" hekayəsilə bağlı problem ondan ibarətdir ki, o yarı-avtobioqrafik əsər kimi yazılmasına baxmayaraq, sonradan "Dr. X." haqqında uydurulmuş intiqam hekayəsinə çevrildi. Hətta, Reys də boynuna alır ki, "Der Mann" həqiqətdən inanılmaz dərəcədə uydurma bir nağıldır.[32] Bu isə öz növbəsində Lev Nussimbaumun "Qurban Səid" təxəllüsünə iddialarını şübhə altına qoyur.
Dr. Uilfred Furman alman dilində əllə yazılmış 6 dəftərdən ibarət "Der Mann" qeydlərinin üzünü köçürtmüş və kitab halında dərc etdirmişdir. O, belə bir nəticəyə gəlmişdir ki, III və VI qeydlər Əsəd Bəyin etibarına daha çox xələl gətirir. "Bu və ya digər dərəcədə, onlar kin və böhtanın, üstəlik patoloji təkəbbür və lovğalığın qarışığıdır".[33]
Məsələn, Əsəd Bəy təklif edir ki, ər-arvad sədaqətsizliyi törədən qadın vəhşi pişik ilə bir kisəyə bağlanmalı və Bosfora atılmalı və ya gecə vaxtı vəhşi itlər tərəfindən yeyilməsi üçün yalnız başı çöldə qalacaq şəkildə səhra qumlarında basdırılmalıdır. Həmin vaxtlarda Nussimbaum həyat yoldaşı Erika Louvendal ilə qalmaqallı boşanma ərəfəsində idi. Lakin 1937-ci ildə artıq çap olunmuş kimi anons edilmiş "Der Mann" əsərinin yazıldığı vaxtda dərc olunan "Əli və Nino" romanının məzmunu və ruhu bu əsərlə tam ziddiyyət təşkil edir. Əli xan həqiqətən də Ninonu sevirdi və onun inkişafı və rifahı üçü əlindən gələni əsirgəmirdi. Həqiqətən də, bu iki hekayə mövzu etibarilə bir-birinin əksi olduğuna görə onların eyni şəxs tərəfindən yazıldığını təsəvvür etmək qeyri-mümkündür.[34]
Əsəd bəy vəsiyyətnaməsini "Leo Nussimbaum və Lev Nussimbaum kimi tanınan Əsəd Bəy" təxəllüsü ilə imzalamışdı. O, "Qurban Səid" təxəllüsünün yaranmasına dair heç bir xatırlatma verməmişdi. Əsəd Bəy bu vəsiyyətini ölümündən (27 avqust, 1942-ci il) təxminən bir il əvvəl, "Əli və Nino" (1937) romanının nəşrindən dörd il sonra imzalamışdı (27 iyul, 1941-ci il).[35]
Əsəd bəyin əzabları adlı film çəkilmişdir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |