Reks kinoteatr yanğını (fars. آتشسوزی سینما رکس آبادان) - 1978-ci ilin 19 avqust tarixində İranın Xuzistan ostanının Abadan şəhərində yerləşən Reks kinoteatrında qəsdən törədilmiş yanğın hadisəsi. Hadisə nəticəsində 377[1] ilə 470[2] arası şəxsin yanaraq və ya zəhərli qazlardan boğularaq həlak olduğu güman edilir. Terror hücumunu təşkil etməkdə təqsirləndirilən 4 şəxs, hadisədən əvvəl kinoteatrın içinə və ətrafına təyyarə benzini töküblər və nəticədə yanğın gözləniləndən daha da dəhşətli baş verib.[3]
Reks kinoteatr yanğını | |
---|---|
İran İslam İnqilabı | |
Hücum yeri |
Abadan, İran |
Vaxt |
19 avqust, 1978 20:21 |
Hücum üsulu | Qundaqlama, Kütləvi qətl |
Həlak olanlar | 377-470 arası ölü[1] |
Yaralılar | 223 nəfərdən çox |
Terrorçu sayı | 4 |
Təşkilatçılar |
Bilinmir Şiə ekstremistlər (Həmin dövrdəki İran hökumətinin iddiası ) SAVAK (müxaliflərin iddiası) |
Vikianbarda əlaqəli mediafayllar |
İranda geniş qəzəb və rezonans doğuran hadisə 1979-ci ildə baş vermiş İran İslam İnqilabının əsas qığılçımlarından biri hesab olunur. Bir il sonra baş vermiş inqilab nəticəsində İranda monarxiya devrilmiş və Məhəmməd Rza Pəhləvihakimiyyətdən uzaqlaşdırılmışdır. 1978-ci ildə baş vermiş hadisə öz tarixinə qədər ən çox insan ölümünə səbəb olmuş terror hücumu kimi tarixə düşmüşdür. Həmin antirekord 1990-cı ildə Tamil İlamin Azadlıq Pələngləri tərəfindən Şri-Lankada yerli polis şöbəsinə qarşı təşkil edilmiş hücuma qədər dünya üzrə ilk pillədə qalmağa davam etmişdir. 11 sentyabr terror aktları 3 minə yaxın insanın həlak olması ilə hər iki terror aktını geridə buraxmışdır.
Hakim Pəhləvi sülaləsi əvvəlcə yanğında islamçı marksistləri günahlandırmış[4], daha sonra isə yanğını müxtəlif ekstremist islamçı qruplar tərəfindən törədildiyini iddia etmişdir.[5][6][7][8] Pəhləvilərə qarşı olan birliklər isə yanğına görə məsuliyyətin SAVAK[9][10] (Sazeman-e Ettelaat va Amniyat-e Keshvar) adlı pəhləvilərə bağlı xüsusi orqanın daşımalı olduğunu bəyan etmişdilər. ABŞ-da yaşayan iran əsilli tarixçi Roy Möttahid özünün Peyğəmbərin mantiyası əsərində baş vermiş terror hücumu haqqında - Yanğına qədər sadə iranlılar mövcud mübarizənin yalnız şah və dindarlar arasında getdiyini düşünürdülər, ancaq yanğından sonra hər bir sadə iranlı başa düşdü ki, hökumət hər bir iranlını qurban verməyə hazırdır - cümlələrini işlətmişdir.[11]
Hadisə 1978-ci ilin 19 avqust tarixində İranın Xuzistan ostanında yerləşən liman şəhəri Abadanda yerləşən Reks kinoteatrında yerli vaxtla axşam saat 20:21 radələrində törədilib. Həmin vaxtı kinoteatrda Maral (Gavaznha)[12] kinonun seansı keçirilirdi və dörd nəfər terrorçu tamamilə dolmuş əsas zalın əsas giriş qapılarını arxadan bağladıqdan sonra qundaqlama prosesinə başlayıblar. Terrorçular kinoteatrın bütün ərazisinə səpilmiş benzini alışdırmamışdan əvvəl qaçaraq oradan uzaqlaşa biliblər. Hadisə anında içəridə necə nəfərin olduğu dəqiq deyil. 100 nəfərə yaxın şəxs dama çıxaraq xilas olmağı bacarıb və daha 223 nəfər isə ölümcül olmayan yüngül xəsarətlər alaraq teror hücumundan sağ qala biliblər. Qundaqlama zamanı ən azı 377 nəfərin həlak olduğu məlumdur.[13][14]
Yanğından bir neçə saat sonra Şirazda partlayış baş verib. İki gün əvvəl isə Məşhəd şəhərində bir teatr yandırılmış, üç nəfər həlak olmuşdur.[14] Yanğın zamanı həlak olanların faktiki sayı ilə bağlı bir-birini təqzib edən müəyyən fərziyyələr mövcuddur. Mənbələrin istinad etdiyi bəzi rəqəmlərdə bu say 377,[1][15][14][16] 410,[17] 422,[18] və ya 470.[19] olaraq əks olunmuşdur.
Reks kinoteatrənda törədilmiş yanğının kim tərəfindən təşkil edilməsi ilə bağlı müxtəlif iddialar irəli sürülmüşdür. Terror hücumuna görə heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib. Tarixçilərin həmfikir olduğu əsas məqamlardan biri sözügedən hadisənin İran İslam İnqilabının başladılmasındakı əsas məqamlardan biri olması ilə bağlıdır. İddialardan birinə görə SAVAK mənsubları Abadan şəhərində pəhləvilərə müxalif olan bir qrup şəxsi axtaran zaman həmin şəxslər qaçaraq kinoteatrda kinoya baxan kütlənin içərisdə gizləniblər və savakçılarda onları cəzalandırmaq üçün kinoteatra od vurublar. Bu iddianın fikirlərinə görə məqsəd bütün kinoteatrı yandırmaq olmasa da, sonradan yanğın nəzarətdən çıxıb.
İranın Sohbe Emruz qəzeti yanğına görə radikal islamçı ekstremistləri günahlandırıb və qəzetdə dərc edilmiş məqalələrin birində Reks kinoteatrda törədilmiş yanğının arxasında həqiqətən kimin olduğunu bizə açıqlamağa məcbur etməyin cümlələrinə yer verilib. Həmin məqalədən sonra qəzetin fəaliyyətinə son verilib. Redaksiyanın adından çap edilmiş xəbərə görə hadisə Əli Xameneiyə bağlı islamçılar tərəfindən törədilib.[20][3][19]
Tarixçi Abbas Əmanəti yanğınla bağlı Reks kinoteatrının qapıları arxadan insanlar içəridə olan zaman qəsdən bağlanıb. O zamanlar yayılan şayiələr əsasən SAVAK-ın və hökumətyönümlü təxribatçıların üzərində dayanırdı fikirlərini səsləndirib. Əsas təşkilatçılar kimi islamçı ekstremistlərin üzərində dayanılmasının səbəblərindən biri bu hadisəyə qədər İranın bir çox şəhərində kinoteatrlara qarşı törədilmiş hücumlar göstərilməkdədir. Belə ki, Qum, Məşhəd və Təbriz şəhərlərində bir qrup islamçı ekstremist kinoteatrlara hücum edərək bu fəaliyyətin xalqın mənaviyyatını pozduğunu iddia edirdilər. Qum şəhərindəki kinoteatrın yandırılması da buna sübut kimi göstərilir.
Ayətullahlar altında İran kitabının müəllifi Dilip Hiro əsərində qeyd edib ki, Reks kinoteatrı kasıbların yaşadığı məhəllədə yerləşdiyindən və dövrünün məşhur aktyoru Bəhruz Vüsuqinin oynadığı Maral filmi nümayiş etdirildiyi üçün yanğına şah əleydarlarının səbəb olma ehtimalı yoxdur. Hiro həmçinin bildirib ki, kinoteatrın qapılarının planlaşdırılmış şəkildə bağlanması və yerli yanğınsöndürmə stansiyasının fəaliyyətsizliyi xalqda terror hücumunun şaha bağlı qruplar tərəfindən təşkil edilməsi fikrini formalaşdırmışdır.[10]
Hadisə inqilab dövründə baş verdiyi üçün cinayətkarları müəyyən etmək kifayət qədər çətin idi, əsassız düşünülməmiş ittihamlar daha çox yayılmışdı. İnqilabi blokun bir çox elementləri İranın indi devrilmiş monarxı Məhəmməd Rza Pəhləvi və ölkənin daxili təhlükəsizlik və kəşfiyyat xidməti olan SAVAK-ı günahlandırırdı. Bu cür iddiaları rəsmiləşdirmək üçün heç vaxt yetərli dəlillər təqdim edilməmişdir. Abdan həmin dövrdə islamçılara olan rəxbəti və Məhəmməd Rza Pəhləviyə qarşı müxalif fikirləri ilə ön plana çıxırdı. Yanğının Abadan şəhərinin yoxsul səmtlərinin birində törədilməsi və terror hücumu zamanı həmin tarixə qədər görülməmiş bir üsuldan istifadə edilməsi insanların SAVAK versiyası üzərində daha çox dayanmağa vadar edirdi.
Şəhər əhalisi arasında yayılmış bir digər fikirə görə isə Məhəmməd Rza Pəhləvi Reks kinoteatrında nümayiş edilən hökumət əleyhinə filmə baxmaq üçün toplaşan siyasi dissidentləri cəzalandırmaq üçün bu addımın atılmasına göstəriş vermişdi.[21][22]
İlkin şayiələr yanğında Şah və SAVAK-ı günahlandırsa da, bu iddiaları sübut edəcək heç bir dəlil təqdim edilməmişdir. 80-cı illərdə aparılmış bir qrup araşdırmalar nəticəsində yanğını təşkil etmiş 4 nəfərdən ibarət qundaqçı qrupun şahçılardan daha çox şiə ekstremistləri ilə əlaqəli ola biləcəyi faktını üzə çıxarmışdır. İranlı rejissor Məhəmməd Nurizadın iddialarına görə əmr dövrünün nüfuzlu din xadimlərindən olan Ayətullah Nuri Həmədanidən gəlib.[23] Ekstremistlərə qarşı yönəlmiş bir digər iddiaya görə isə İran Milli Neft Şirkətinin işçilərini Məhəmməd Rza Pəhləviyə qarşı başladılmış tətilərə cəlb etmək istəyirdilər və şaha qarşı olan qəzəbi daha da alovlandırmaq üçün belə bir terror hücumu təşkil etmişdilər.
İslamçılar ümumiyyətlə kinoya qarşı idilər, xüsusən də filmlərdə seks səhnələrinin artması onları narahat edirdi. Digər kinoteatrlar da müxtəlif zamanlarda onların hədəfində olub. Ayətullah Lahuti Kayhan qəzetinə verdiyi müsahibəsində Qum şəhərində yerləşən kinoteatrın Ruhullah Xomeyninin kiçik oğlu Əhməd Xomeyninin göstərişi əsasında yandırıldığını etiraf etmişdi.[24] 1969-cu ildən etibarən kinoteatrların yandırılması halı bir necə şəhərdə baş verməsinə baxmayaraq İranda insanların kütləvi olaraq toplaşdığı məscid və digər müqəddəs hesab olunan yerlərin yandırılması halı olmayıb. Əslən Azərbaycanlı olan İranlı rejissor Fərəcullah Sələhşur mövzu ilə bağlı verdiyi müsahibələrinin birində bildirmişdir ki, biz yaxşı bilirdik ki, kino qərb mədəniyyətinin giriş qapısıdır, mən də inqilabdan əvvəl digərləri kimi kinoteatrlara qarşı idim və bəzən onların yandırılması proseslərində də iştirak edirdim. İran İslam İnqilabından sonra isə həmin kinoteatrlar üçün muzeylər tikilib və kinoya dövlət tərəfindən dəstək verilib.[25][24]
İslam Şurası Məclisinin sabiq üzvü Mohsen Səfayi Fərrahani verdiyi müsahibələrinin birində Reks yanğınından məhsul olan şəxslərdən birinin İran İslam İnqilabından sonra parlament üzvü olduğunu açıqlamışdır. Həmin vaxt Kəşfiyyat naziri ilə görüşən jurnalist Əlireza Nurizadə kəşfiyyat nazirindən sitat gətirib: Bizim məlumatımız göstərir ki, Cinema Rex-in yandırılması sifarişi Nəcəfdən gəlib. Nəcəf şəhəri şiə islam alimlərinin toplaşdığı əsas dini mərkəzlərdən biri kimi tanınmışdır.[26][27]
Yaxın Şərq üzrə ekspert Daniel Baymanın fikrincə, Nümayiş olunan filmlərdə Allah təhqir olunurdu və Qərb üslubunda dekadentçilik təşviq edilirdi. Beləliklə, 1978-ci ilin avqustunda dörd şiə inqilabçısı İranın Abadan şəhərində Cinema Reks kinoteatrının qapılarını kilidlədi və insanları yandırmaqla bu təbliğatın qarşısını almağa çalışdılar.[28]
İranda 1979-cu ildə baş vermiş İran İslam İnqilabından sonra Abadan şəhərindəki kinoteatrda baş vermiş yanğın hadisəsini araşdırmaq üçün məhkəmə heyəti təyin edilmişdir. Hakim Hüseyn Musəvi Təbrizinin rəhbərlik etdiyi məhkəmənin başlaması bir müddət geçikdikdən sonra ictimaiyyətin və qurban yaxınlarının təziqləri nəticəsində 1980-cı ilin 23 avqust tarixində öz işinə başladı. Hadisənin təşkil edilməsində islamçı rolları qəbul etmək istəməyən məhkəmə, bir necə rayon prokuroru və məmurunun istefası ilə nəticələndi.
Musəvi Təbrizi hadisənin arxasında dayanan əsas şəxslərdən biri hesab edilən Ayətullah Hüseyn Nuri Həmadaninin kürəkəni idi və bu səbəbdən onun məhkəmə işinə ədalətli baxmasına cəmiyyət inanmamışdır.
Vaşinqtonda yerləşən İran üçün İnsan Haqları və Demokratiya qrupuna görə, qurbanların ailələri işin yenidən araşdırılması və təşkilatçıların tapılması üçün dövlətə təziqlər edirdilər. 1980-cı ilin aprel ayından avqust ayına qədər Abadanda qurban ailələri tərəfindən müxtəlif oturaq aksiyaları belə təşkil edilmişdir. Bir necə ay sonra Rudsar İnqilab Məhkəməsi tərəfindən Munir Taheri adlı bir şəxs məhkəmə qarşısına çıxarılır və ona ABŞ-da xüsusi partizan təhsili almaqla terror hücumunu təşkil etmək və törətmək ittihamı irəli sürülür.
Teheri heç vaxt Abadan şəhərində olmadığını və hadisə vaxtı Əhvazda olduğunu sübut etsə də, məhkəmənin müvafiq qərarına əsasən o, 1979-cu ilin 23 fevral tarixində edam edilir.[29] 1980-cı ilin 25 avqust tarixindən 4 sentyabr tarixinə qədər davam etmiş inqilab tribunalında hadisə ilə əlaqəli olmaqda günahlandırılan 26 nəfər mühakimə edilmişdir. 17 dəfə keçirilmiş məhkəmə prosesləri nəticəsində təşkilatçılıqdan günahlandırılan 26 şəxsin məhkəməsi keçirilmişdir. Tribunalın qərarına əsasən Reks kinoteatrına alov vuran və 4 nəfərlik qrupdan yeganə sağ qalan şəxs Hüseyn Təkbəlizadə və daha beş nəfər ictimaiyyət qarşısında edam edilmişdir.[30][31]