Rus poeziyasının gümüş əsri və ya Gümüş əsr — XX əsrin əvvəllərinə təsadüf edən rus poeziyası tarixindəki dövrün məcazi adı[1][2]. Bu ad rus poeziyası tarixindəki "Qızıl dövr" (XIX əsrin ilk üç onilli) adlanan illərlə bənzərlik təşkil etdiyi üçün verilmişdir. Termin müəllifliyinə filosof Nikolay Berdyayev, şairlər və tənqidçilər Nikolay Otsup, Vladimir Mayakovski iddia etmişdilər[3].
Bu dövrün xronoloji çərçivəsi ilə bağlı sual mübahisəli olaraq qalır. "Gümüş əsr" şərti olaraq 1890-cı və XX əsrin ilk iyirmi ilinə aid dövrü əhatə edir[1][2]. Tədqiqatçılar "Gümüş əsr"in başlanğıcını təyin etməkdə birmənalı olaraq yekdil fikrə malikdirlərsə, — bu da XIX əsrin 80-ci illəri ilə 90-cı illərin qovşağına aiddir, amma bu dövrün sonu həddən çox mübahisəlidir. Bu dövrün sonunu həm 1917, həm də 1921-ci ilə aid etmək olar. Bəzi tədqiqatçılar birinci variantda israr edirlər. Onlar vətəndaş müharibəsinin başlaması ilə — 1917-ci ildən sonra "Gümüş əsr"in mövcud olmadığını düşünür. Baxmayaraq ki, 1920-ci illərdə bu dövrün nümayəndələri hələ də sağ idi və yaratmaqda davam edirdilər. Digərləri hesab edir ki, rus poeziyasının "Gümüş əsr"inin sonunu Aleksandr Blokun ölümü və Nikolay Qumilyovun güllələnməsi, habelə 1920-ci illərin əvvəllərində Rusiyadan bir çox şair və yazıçı mühacirət etməsi gətirmişdir. Nəhayət belə bir iddia da var ki, "Gümüş əsr"in sonu Vladimir Mayakovskinin intiharı və ədəbiyyat üzərində ideoloji nəzarətin güclənməsi ilə əlaqədar 1920–1930-cu illərin hüdudu sayıla bilər. Beləliklə, bu dövrün müddəti otuz ilə yaxın bir zaman təşkil edir.
Yeni ədəbi cərəyan — simvolizm — XIX əsrin sonlarında Avropa mədəniyyətini əhatə edən dərin bir böhranın məhsulu idi. Böhran mütərəqqi sosial fikirlərin mənfi qiymətləndirilməsində, mənəvi dəyərlərin yenidən nəzərdən keçirilməsində, elmi şüurun gücünə inamın itirilməsində, idealist fəlsəfəyə həvəsdə özünü büruzə verdi. Rus simvolizmi xalqçılığın iflası və əhali arasında geniş yayılmış pessimist əhval ruhiyə illərində yaranmışdır. Bütün bunlar da "Gümüş əsr" ədəbiyyatının qarşıya qlobal sosial suallar yox, əsasən qlobal fəlsəfi sualları qoymasına səbəb oldu. Rus simvolizminin xronoloji çərçivəsi — 1890–1910-cu illəri əhaət edir. Rusiyada simvolizmin formalaşmasına iki ədəbi ənənə təsir etmişdir:
Simvolizm birtərəfli deyildi. Burada məktəblər və cərəyanlar fərqlənirdi: "böyük" və "kiçik" simvolistlər var idi.
"Böyük" simvolistlər simvolizmi estetik mənada qəbul edirdilər. Bryusov və Balmontun fikrincə, şair əvvəlcə sırf şəxsi və yalnız bədii dəyərlərin yaradıcısıdır.
A. A. Blok, A. Belıy, V. İ. İvanov. "Kiçik" simvolistlər simvolizmi fəlsəfi və dini baxımdan qəbul edirdilər. "Kiçik"lər üçün simvolizm — poetik şüurda əks olunan bir fəlsəfədir.
Akmeizm (adamizm) simvolizmdən ayrılmışdı və ona qarşı dururdu. Akmeistlər maddiyatın, mövzuların və görüntülərin obyektivliyini, sözün dəqiqliyini ("sənət naminə sənət" nöqteyi-nəzərindən) elan etmişdilər. Onun meydana gəlməsi "Şairlər emalatxanası" poetik qrupunun fəaliyyəti ilə əlaqələndirilir. Akmeizmin qurucuları Nikolay Qumilyov və Sergey Qorodetski idi. Tədricən Qumilyovun həyat yoldaşı Anna Axmatova, eləcə də Osip Mandelştam, Mixail Zenkeviç, Georgi İvanov və başqaları da bu cərəyana qoşuldular.
Futurizm rus ədəbiyyatında ilk avanqard cərəyan idi. O, avanqardizmin radikal variantı idi. Futuristlər təkcə incəsənətlə deyil, bütün mədəni keçmişlə vidaya üstünlük verirdilər. "Gələcəyin incəsənəti"ni yaratmağa cəhd edən futuristlər mədəni irsi, xüsusilə onun estetik, bədii, mənəvi-əxlaqi sərvətlərini rədd, urbanizmi təbliğ edir, poeziyada təbii dilin əleyhinə çıxırdılar. Onlar sənaye sivilizasiyasının təbliği və müasir böyük şəhərin inkişafını tərənnüm edirdilər. Əvvəlki estetikanın əvəzinə onlar enerji və sürət estetikasına, "lokomotiv, avtomobil estetikası"na üstünlük verirdilər. Futurizm ilk dəfə İtaliyada meydana gəlmiş, sonra Rusiya və digər Avropa ölkələrində yayılmışdı. Bu cərəyanın banisi sonralar faşizmin fəal təbliğçisi, futurizm manifestinin (1909) müəllifi F. T. Marinetti idi. Estetik prinsiplərinin ümumiliyinə baxmayaraq, futurizm ayrı-ayrı ölkələrdə müxtəlif ideya meyilləri ilə fərqlənmişdir. Bu cərəyan yüksək səviyyədə sosiallaşdırılmış və siyasiləşdirilmişdir. Rusiya futurizminin baniləri Sankt-Peterburq "Gileya" qrupunun üzvləri hesab olunur. "Gileya" ən nüfuzlu futuristlərin birliyi olsa da, tək deyildi: İqor Severyaninin başçılıq etdiyi ego-futuristlər də var idi. Həmçinin Kiyev, Xarkov, Odessa və Bakıda da futurist qrupları fəaliyyət göstərirdi.
Rusiyada "Gileya" şeir qrupunun üzvləri özlərini kubo-futuristlər həm də "budetlyane" adlandırdılar. Onlar üçün xarekterik xüsusiyyət keçmişin estetik ideallarından nümayişkəranə bir imtina, sarsıntılar, bəzən təsəvvürlərdən aktiv istifadə ilə səciyyələndirmə idi. Kubofuturizm çərçivəsində "abstrakt poeziya" inkişaf etdi. Kubo-Futuristlərə şairlər — Velimir Xlebnikov, Elena Quro, David və Nikolay Burlyuki, Vasili Kamenski, Vladimir Mayakovski, Aleksey Kruçenyx, Benedikt Livşits aid edilirdi.
Ümumi futuristik yazıdan əlavə, eqofuturizm zərif duyğuların yetişdirilməsi, yeni xarici sözlərin işlədilməsi və təmtəraqlı eqoizm ilə xarakterizə olunur. Eqofuturizm qısa müddətli bir cərəyan idi. Tənqidçilərin və ictimaiyyətin diqqətinin çox hissəsi İqor Severyanin üzərinə yönəlmişdi. O, eqofuturistlərin kollektiv siyasətindən kifayət qədər erkən ayrılmış və inqilabdan sonra poeziyasının üslubunu tamamilə dəyişdirmişdir. Eqofuturitlərin əksəriyyəti ya tez üslubu tam mənimsənmiş, ya da digər janrlara keçmişdilər, bəziləri isə qısa müddətdən sonra ədəbiyyatı tamamilə tərk etmişdilər. Severyanindən əlavə, Vadim Şerşeneviç, Rurik İvnev və başqaları vaxtlarda bu cərəyana qoşulmuşdular.
Tarixi və ədəbi həyatın bir hissəsinə çevrilən "kəndli poeziyası" anlayışı şairləri şərti olaraq birləşdirir və yalnız dünyagörüşü və poetik tərzinə xas olan bəzi ümumi xüsusiyyətləri əks etdirir. Bu istiqamətə aid şairlər özlərini belə çağırmırdılar və vahid nəzəri platforma ilə ədəbi dərnək və ya istiqamət yaratmadılar. Ancaq bütün "yeni kəndli" şairlər kənd Rusiyası ("dəmir" Rusiyadan fərqli olaraq) mövzusuna, təbii dünya və şifahi xalq ədəbiyyatı (bəzən də folklor) ilə əlaqədar məsələlərə müraciət edirdilər. Eyni zamanda, "yeni rus modernizmi"nin üslub istəkləri də onlar üçün aydın idi.
"Gümüş əsrin" ən məşhur "yeni kəndli poeziyası"nın şairləri Nikolay Klyuyev, Pyotr Oreşin, Sergey Kluçkov və Sergey Yesenin idi.
İmajinistlər (təsəvvür) yaradıcılığın məqsədinin bir təsəvvür yaratmaq olduğunu ifadə edirlər. Təsəvvürçülərin əsas ifadəli vasitəsi iki təsvirin müxtəlif elementlərini müqayisə edən metafor, tez-tez metaforik zəncirlərdir: birbaşa və məcazi mənada göstərilməkdir. İmajinistlərin yaradıcı təcrübəsi şok və anarxist motivlərlə xarakterizə olunur. Onların üslubuna və ümumi davranışına rus futurizmi böyük təsir göstərmişdir. Bu cərəyanın baniləri Anatoli Marienqof, Vadim Şerşeneviçdir. Rurik İvnev və Nikolay Erdman da imajinistlərə qoşulmuşdular.