Sərbəst Cümhuriyyət Firqəsi

Sərbəst Cümhuriyyət FirqəsiMustafa Kamal Atatürkün istəyi üzərinə Fethi Okyar tərəfindən qurulmuş siyasi partiya. Partiyanın yaradılması Türkiyə Cumhuriyyətinin təkpartiyalı dövrdən çoxpartiyalı dövrə keçid üçün ikinci cəhdi olaraq səciyyələndirilir.

Sərbəst Cümhuriyyət Firqəsi
Loqonun şəkli
Sədri Fəthi Okyar
Qurucu
Baş katib Nuri Conkər[d]
Quruluş tarixi 9 avqust 1930
Dağılma tarixi 17 noyabr 1930
Sələfi Cümhuriyyət Xalq Partiyası
Baş qərargah
İdeologiya respublikaçılıq, millətçilik, dünyəvilik, liberalizm
İdeoloji spektr mərkəz sağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türkiyədə yeni rejim möhkəmləndikcə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni sahələrində avtoritorizm güclənirdi. 1926-cı ildə Əhməd bəy Ağaoğlu hakimiyyətdə olan Cümhuriyyət Xalq Firqəsini sərt tənqid edən hesabat məktubunu Atatürkə yollayır. Əhməd bəy partiyanın nüfuzdan düşməsinə, hakimiyyət funksionerlərinin vəzifələrindən sui istifadə etmələrinə səbəb kimi ölkədə tək partiyalı idarəetmənin olduğunu göstərirdi. Və ölkədə demokratik proseslərin gələcək inkişafı üçün çoxpartiyalı sistemə keçməyin vacibliyini vurğulayırdı.[1] Bundan başqa Əhməd bəy hakim partiyadan olan millət vəkillərinin vəkilliklə bərabər iqtisadiyyatın fərqli sahələrində olan dövlət şirkətlərinə rəhbərlik etmələrinə də qarşı idi. Və o bu hesabat məktubunu da Dövlət Şəkər tozu Şirkətinin direktorlar şurasına rəhbərlik etməsi təklif edildikdən sonra yazmışdır.[2]

Sərbəst Firqənin qurucuları (soldan): Nuri Conkər, Əli Fəthi Okyar, Əhməd bəy Ağaoğlu və Tələt Sönməz

Atatürk ölkədəki açıq və ya gizlin müxalif qüvvələri bir yerə toplayıb onları idarə etmək üçün Türkiyənin Parisdəki səfiri Fethi Okyara yeni yaradılacaq müxalif partiyaya rəhbərlik etməyi təklif edir. Yeni yaradılan Sərbəst Firqəyə sonradan Atatürkün istəyi ilə Əhməd bəy də qatılır. Partiyanın yaranması ilə bağlı İsmət İnönü, Atatürk və Fəthi Okyar birlikdə müzakirələr apararaq iki məktub hazırlayırlar. Onlardan birində Fəthi Okyar partiya yaratmaq istəyini Atatürkə ünvanlayır, digərində isə Atatürk cavabən bu təklifi qəbul edir və dəstəkləyir.[3] Bu məktublar hazırlandığı gün verilən ziyafətdə oxunur, Əhməd Ağaoğlu bəzi nüanslara etiraz etsə də, Atatürk Nuri Conkərkin baş katib olaraq və öz bacısı Makbule Atadanın da üzv olaraq partiyaya qoşulacağını qeyd edir.[4] 1930-cu ilin avqust ayında yeni yaradılan partiyanın proqramı Əhməd bəy tərəfindən yazılıb dərc edilir.[5] Partiyanın nizamnaməsi də Əhməd bəy Ağaoğlu tərəfindən yazılır.[6] İzmir Mitinqindən sonra irtica tərəfdarı bir hərəkətə çevrilməyə başlaması ilə günahlandırılması üzərinə, Fəthi Okyarın öz istəyi və Atatürkün təlimatı ilə 17 noyabr 1930-cu ildə partiya ləğv edildi və Fəthi Okyar yenidən ölkə xaricinə getdi.[7] Partiya fəaliyyətini dayandırdıqdan sonra partiyanın lideri də daxil olmaqla üzvlərin mütləq çoxluğu yenidən Cümhuriyyət Xalq Firqəsinə üzv oldular. Hətta partiyanın rəhbəri Fəthi Okyar 1931-ci ildə Türkiyənin Böyük Britaniyadakı səfiri təyin olunur. Seçilən üzvlərdən yalnız Əhməd bəy Atatürkə verdiyi sözünü tutaraq partiyaya üzv olmur. Belə ki, Sərbəst Firqə dağılmadan öncə Əhməd bəy Atatürklə olan söhbətlərin birində ona qarşı yönəldilən tənqid və təhqir kampaniyasına cavab olaraq Atatürkə onun əmriylə girdiyi partiyadan çıxmayacağını, lakin bir daha siyasətlə məşğul olmayacağını yalnız pedaqoji fəaliyyətlə məşğul olacağını demişdi.[8]

Partiya prinsipləri adı altında 11 avqust 1930-cu il tarixində sədr Fəthi Okyar və baş katib Nuri Conkərin imzası ilə yazılan bildirişdə partiyanın cümhuriyyətçi, milliyətçidünyəvilik ideologiyalarını mənimsədiyi, iqtisadiyyatda liberal siyasəti dəstəklədiyini, qadınlara seçki hüququ tanınmasını və bir dərəcəli seçki sistemini tələb etdiyini görmək olar.[9]

Sərbəst Cümhuriyyət Firqəsi qurulduqdan 1 ay sonra keçirilmiş 1930-cu il bələdiyyə seçkilərinə qatılmışdır.

1930-cu il seçkilərinin nəticələri

Bu seçki Türkiyə tarixindəki ilk çoxpartiyalı seçkidir. Bu seçkidə bələdiyyə başçılarını xalq yox, xalqın seçdiyi bələdiyyə məclis üzvləri seçirdi. Seçki nəticələrinə görə Sərbəst Cümhuriyyət Firqəsi 502 seçki dairəsindən 24-ündə qələbə qazandı. Bunlar Aydının Bozdoğan, Nazilli, Çinə qəzaları ilə Yenibazar Atça Qarapınar nahiyələri, Ədirnənin Keşan qəzası, Silifkenin Mərkəz qəzası, İzmirin Berqama, Quşadası, Menəmən, Səfərihisar, Urla qəzaları və Buca, Qınıq Armudlu nahiyələri, Manisanın Gördes qəzası, Samsunun Mərkəz və Ladik qəzaları, Amasyanın Mərzifon qəzası, Balıkəsirin Edremit və Susığırlıq qəzaları və Kırklarelinin Lüləburqaz qəzası olmaqla 2 il (Balıkəsir ili, Silifke ili), 16 qəza və 6 nahiyədir. Sərbəst Cümhuriyyət Firqəsinin qələbə qazandığı seçki bölgələri oldu.

Bəzi bölgələrdə isə firqənin nəticələri gözləniləndən də yüksək olmuşdur. Məsələn, rəsmi nəticələrə görə İstanbulda Cümhuriyyət Xalq Firqəsi 35 942, Sərbəst Cümhuriyyət Firqəsi isə 12 868 səs toplamışdır. Lakin Vakit qəzeti nəticənin Cümhuriyyət Xalq Firqəsi üçün 35 934, Sərbəst Cümhuriyyət Firqəsi üçün isə 12 813 olduğunu, həmçinin İstanbulda 250 746 nəfərin seçkidə iştirak etmədiyini yazmışdır. Digər bölgələrdən isə nəticələr aşağıdakı kimi olmuşdur.

Bölgə Cümhuriyyət Xalq Firqəsi Sərbəst Cümhuriyyət Firqəsi
Ayvalık 1 143 1 044
İzmir 14 624 9 600
Berqama 250 1 371
Mərzifon 496 557
Samsun 416 3 312
Lüləburqaz 1 320 1 989

Partiya Mustafa Kamal Atatürkün tapşırığı ilə Fəthi Okyar tərəfindən qurulmuşdur. Fəthi Okyar partiyanın sədri, Nuri Conkər isə baş katibi olmuşdur. Partiyaya həmçinin Atatürkün bacısı Makbule Atadan, Əhməd bəy Ağaoğlu, Mehmet Emin Yurdaqul kimi məşhur şəxslər də qatılmışdır.

Sıra
Sədr
Başlanğıc
Bitmə
1.

Fəthi Okyar
8 avqust 1930
17 noyabr 1930
  • Əhməd bəy Ağaoğlu. Serbest Fırka Hatıraları (4-cü nəşr). İstanbul: İletişim Yayınları. 2021. 253.
  1. Serbest Fırka Hatıraları, 2021. səh. 141-148
  2. Sürəyya Ağaoğlu. Bir Ömür Böyle Geçti. İstanbul: Ağaoğlu yayın evi. 1984. səh. 57.
  3. Serbest Fırka Hatıraları, 2021. səh. 30-32
  4. Serbest Fırka Hatıraları, 2021. səh. 39
  5. Çetin Yetkin. Serbest Cumhuriyet Fırkası Olayı. İstanbul: Karacan Yayınları. 1982. səh. 92-93.
  6. Dilqəm Əhməd. "Atatürkün böyük oyunu". kultura.az. 8 iyul 2013. 16 September 2019 tarixində orijinalından arxivləşdirilib.
  7. Hasan Rıza Soyak. Atatürk'ten Hatıralar. Yapı Kredi yayınları. 2005. səh. 443-444.
  8. Serbest Fırka Hatıraları, 2021. səh. 89
  9. Serbest Fırka Hatıraları, 2021. səh. 229-231