Sapiens: Bəşəriyyətin qısa tarixi Yuval Noy Hararinin 2011-ci ildə nəşr olunan və 2014-cü ildə ingilis dilinə, 2015-də isə türkcəyə çevrilən kitabıdır. Harari kitabında Jared Diamondun Tüfəng, Mikrob və Polad kitabının onun üçün ən böyük ilham mənbəyi olduğunu bildirmiş və bunun səbəbini çətin suallara elmi cavab vermənin mümkün olması kimi göstərmişdir.
Sapiens: Bəşəriyyətin qısa tarixi | |
---|---|
ivr. קיצור תולדות האנושות | |
Müəllif | Yuval Noy Harari |
Janrlar | esse |
Orijinalın dili | ivrit dili |
Ölkə | |
Orijinalın nəşr ili | 2011 |
Sapiens: Bəşəriyyətin qısa tarixi, daş dövründən iyirmi birinci əsrə qədər qədim insan növlərinin təkamülünə diqqət ayırır. Müəllifin əsas ideyası, Homo Sapiensin iş birliyi bacarığı ilə dünyaya hakim olmasıdır. Bundan əlavə, Harari yazılı tarixdən əvvəlki Sapienslərin Neandertallar və digər insan növlərinə qarşı soyqırım həyata keçirdiyini və onları yer üzündən sildiyini bildirməsi ilə yanaşı, həmçinin Neandertalların və Homo Sapienslərin hər zaman mübarizə aparmadıqlarını və hətta cütləşdiklərini də vurğulamışdır. Kitabda Homo Sapiensin özünəməxsus tanrılar, millətlər, pul və insan hüquqları kimi uydurma şeylərə inanma qabiliyyəti sayəsində kütləvi şəkildə hərəkət edə bilmək qabiliyyəti olduğunu iddia etmişdir. Yazıçı, dinlərin, siyasi sistemlərin, ticarət şəbəkələrinin və hüququn qondarma olduğunu iddia edir.[1]
Pulun qarşılıqlı etimada əsaslanan bir sistem olması; kapitalizmin iqtisadi bir nəzəriyyədən çox dini bir fenomen olması; aqrar inqilabın rifah məqsədi ilə başlayıb və sonda insanların həyatını məhv etməsi; imperiya sisteminin son 2000 ilin ən yaxşı siyasi sistemi olması; pulun, imperatorluğun və dinlərin dünyanı birləşdirən qüvvələrə çevrilməsi iddiası; heyvanların əhliləşdirilməsinin tarixin ən böyük cinayətlərindən biri olduğu iddiası; bugünkü insanların qətiyyətlə keçmişdə yaşamış insanlardan daha xoşbəxt olmaması və insanların özlərini ilahiləşdirmə mərhələsinə keçirdikləri iddiası kitabdakı digər təəccüblü iddialar sırasındadır.[2]
30-dan çox dilə tərcümə olunmuş kitab 2015-ci ildə Çin Milli Kitabxanasının Wenjin Kitab Mükafatını qazanmışdır.