Seylor Mun (セーラームーン, Sērā Mūn?) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının baş qəhrəmanı. Əsl adı Usaqi Tsukinodur. (月野 うさぎ, Tsukino Usagi?) İlk dəfə 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında nəşr olunmuş "Seylor Mun" manqasının ilk fəslində ("Usaqi - Seylor Mun") qayğısız qız və Seylor döyüşüçlərinin de-fakto lideri kimi peyda olmuşdur. Uzun müddət özünü Yer sakini hesab etmişdir, lakin daha sonra Aydakı Gümüş Minillik Krallığından olduğunu öyrənmişdir. Əsl adının Şahzadə Sereniti (プリンセス・セレニティ, Purinsesu Sereniti?) olduğunu kəşf etmişdir.
Seylor Mun | |
---|---|
Seylor Mun "Sailor Moon Crystal" animesindən. | |
Franşiz(lər) | "Seylor Mun" |
Yayın tarixi | "Seylor Mun" #1: "Usaqi - Seylor Mun" (1993) |
Yaradan | Naoko Takeuçi |
Səsləndirən | Kotono Mitsuişi |
Manqada | Var |
Animedə | Var |
Profil | |
Əsl adı | Usaqi Tsukino |
Növü | insan |
Cinsi | qadın |
Yaxınları | Kraliça Sereniti (ana) İkuko Tsukino (Yer anası) Kendzi Tsukino (ata) Şinqo Tsukino (qardaş) Kral Endimion (ər) Balaca Leydi (qızı) |
Doğum tarixi | 30 iyul (Xərçəng) |
Yaşı | 14-16 1000+ (Yeni Kraliça Sereniti kimi) |
Boyu | 150 sm |
Qan qrupu | 0 (I) |
Ləqəb(lər)i | Serena "Banni" Tsukino Şahzadə Sereniti Yeni Kraliça Sereniti Seylor Rabbit |
Komandaları | Seylor döyüşçüləri |
Gücləri | enerjini idarə etmək |
"Seylor Mun" manqasında Usaqi Ay şahzadəsinin axtarışında olan Luna ilə rastlaşır. Luna ona Yeri şər qüvvələrdən qorumaq vəzifəsinin verildiyini görür və ona Seylor Muna çevrilmək üçün broşka verir. Vəzifəsinin şahzadəni tapmaq, Əfsanəvi Gümüş Kristalı qorumaq və digər Seylor döyüşçülərini kəşf etməkdən ibarət olduğunu açıqlayır. Usaqi təcrübə qazandıqdan sonra kainatın ən güclü döyüşçülərindən biri olur və Yeri onu məhv etmək istəyən düşmənlərindən qoruyur. Usaqi zəif ikən qayğısız və gümrahdır, lakin döyüşərkən ciddi olur.
Müsbət personaj kimi Usaqi demək olar ki, bütün seriyalarda, animelərdə, video oyunlarda və teleseriallarda peyda olmuşdur. "Seylor Mun" seriyasının bacı seriyası olan "Codename: Sailor V"-də kameo görüntüsü görünmüşdür. Qərb dünyası Seylor Munu animelərlə tanımışlar. Seylor Mun personajı bir çox müsbət rəy almışdır və bütün zamanların ən məşhur və əhəmiyyətli qadın super qəhrəmanlardan biri hesab olunur.[1][2][3][4][5]
Usaqi ilk öncə XX əsrin Tokiosunda yaşayan, dərslərindən geri qalan, bəxtigətirməyən, ağlağan, Yerdə sakitcə yaşayan məktəbli qız kimi peyda olmuşdur. Bir gün Usaqi qəribə bir pişik ilə rastlaşır. Bu pişik danışmağa başlayır və özünü Luna kimi təqdim edir. Luna ona xüsusi broşka verir və Seylor Muna necə çevriləcəyini başa salır. O, Usaqiyə başa salır ki, sülhü qorumalı, şahzadəni və digər Seylor döyüşçülərini tapmalıdır. İlk öncə Usaqi bu vəzifə üçün istəksiz görünsə də,[6] (animedə tez-tez Taksedo Mask tərəfindən xilas olunur) daha sonra əzmkar və kamil olur. O, Seylor Mun kimi Əfsanəvi Gümüş Kristalla Dünyanı şər qüvvələrdən qorumağa qərar verir.
Usaqi Tsukino Azabu Cuban (Tokionun real rayonlarından biri) rayonunda anası İkuko Tsukino, atası Kendzi Tsukino və qardaşı Şinqo Tsukino ilə yaşayır. Usaqinin ailəsinin fərdləri adlarını Naoko Takeuçinin ailəsinin fərdlərindən almışdır. Seylor döyüşçülərindən yalnızca Usaqi və Minako kübar elementar ailəyə malikdir. Seylor döyüşçüləri arasında qardaşı olan yeganə personaj Usaqidir.[7]
Usaqinin sevgilisi Mamoru Çibadır. Mamoru ilə Usaqi arasında baş verən münasibətlər Usaqinin həyatında və seriyada əhəmiyyətli yer tutur. Mamoru uzun macəralardan sonra Usaqinin sevgilisi olmuşdur, uzun müddət görüşmüşdürlər. Animedə Mamoru Amerikaya təyyarə ilə uçmazdan qabaq hava limanında Usaqiyə ürək formasında üzük vermişdir. Bu üzük onların gələcəkdə evlənəcəklərinin əlamətidir.
Hekayənin 1-ci hissəsində Usaqi antik dövrlərdə Gümüş Minilliyin şahzadəsi olduğunu, öldükdən sonra bədəninin reinkarnasiya olunduğunu, əsl şəxsiyyətinin Şahzadə Sereniti və Seylor Mun olduğunu öyrənir. Hekayənin ikinci hissəsində isə gələcəkdə Mamoru Çiba ilə evlənib Yeni Kraliça Sereniti olduğunu və Çibiusa adlı qızı olduğunu kəşf edir.
Seriya boyunca Usaqinin şirniyyata düşkün olduğu göstərilir, şirniyyat onu asanca yolundan azdırır. Dondurma yeməyi çox sevir, evin "iqtisadiyyat"ı ilə tez-tez maraqlanır. Kök yeməyi sevmir (baxmayaraq ki, animedə bəzən yeyir), ingilis dili və riyaziyyat fənlərindən nifrət edir. Usaqi insanlarla tez dostlaşa bilir, həmçinin çox ağlağan qızdır. Şimşəkdən, stomatoloqlardan və ruhlardan nifrət edir, ən böyük arzusu gəlin olmaqdır.[8] Məktəbin manqa klubunun üzvüdür.[9] Animeyə nisbətən manqada Usaqi incəsənət sahəsində daha bacarıqlı göstərilmişdir. Boyu cəmi 150 santimetrdir.[10]
Manqa və animedə Mamoru Usaqiyə "Odanqo" (yapon şirniyyatı) deyə xitab edir. Bu adı onun fərqləndirici saç stilindən ilhamlanaraq fikirləşmişdir. İlk vaxtlar Mamoru bu sözlə -atama ("baş") şəkilçisini birlikdə işlədirdi, lakin daha sonra bundan istifadə etməməyə başlamışdır. Usaqi bu ləqəbi ilk vaxtlar sevməmişdir, amma sonra öyrəşmişdir. Mamorudan başqa həyatında əhəmiyyətli rol oynayan oğlanlar (və ya hermafrodit) Haruka və Seiya da ona bu ləqəblə müraciət edirlər. Şimali Amerikada "odanqo" sözünün qarşılığı olmadığından ingilis versiyasında (DIC/Cloverway) bunun əvəzinə "Küftəbaş", "Ponçikbaş" və "Aysifət" sözlərindən istifadə olunmuşdur.[11] Tokyopop ingilis versiyasında isə Mamoru Usaqiyə "bulka" deyə müraciət edir. Viz Media ingilis versiyasında isə "Bulkabaş" sözünə üstünlük verilmişdir.
Seylor Mun olduqca dəyişkən şəxsiyyətə malikdir. Manqada ilk öncə ağlağan qız kimi təqdim olunur, daha sonra böyüyüb qətiyyətli olur.[12][13]
Seriyada Usaqi tənbəl biri kimi təsvir olunur. Animedə göstərilir ki, dostları ilə ayrılmaq təhdidi ilə qarşı-qarşıya qaldığı zaman imtahanları çətinliksiz keçir.[9]
Animedə Usaqi nisbətən daha səmimidir. Gələcəkdən gəlmiş qızı Çibiusa ilə tez-tez mübahisələr edir, lakin onu sevir. Animedə Usaqi yaşa dolsa da, manqadakı kimi yetişkin olmamışdır. (animenin son seriyaları istisnadır)[13]
Usaqi Tsukino müxtəlif güclərə, çevrilmələrə və uzunömürlülüyə malikdir. Uzunömürlülüyü sayəsində Gümüş Minillik dövründən XXX əsrə qədər yaşaya bilmişdir. Personaj Seylor Mun, Yeni Kraliça Sereniti, Super Seylor Mun, Əbədi Seylor Mun, Şahzadə Seylor Mun kimi şəxsiyyətlərə malikdir.
Usaqi Tsukinonun Seylor döyüşçülərində şəxsiyyəti Seylor Mundur (və ya Sevgi və Ədalət döyüşçüsü, Müəmma döyüşçüsü[14]). Seriyanın böyük hissəsində Seylor Mun ağ-göy fuku, ağ və çəhrayı əlcəklər, çəhrayı çəkmələr və ay formalı sırğalar geyinir. O, həmçinin qırmızı şinyonlardan və lələyəbənzər sancaqdan istifadə edir, hər ikisindən silah kimi istifadə edə bilir. Gizli şəxsiyyəti ilə adi vətəndaş forması fərqlənmir, lakin adi formasında güclərindən istifadə edə bilmir.
Seylor Munun gücləri Ay, məhəbbət, sirr və işıq ilə əlaqələndirilir. O, vəzifəsinə qorxmuş və istəksiz başlamışdır, digərləri onu qorumuşlar, lakin tədricən öz vəzifəsini qəbul etmişdir. O, nəhayət, kainatda ən güclü döyüşçü olmuşdur, lakin insanları qorumaq vəzifəsinə görə daha güclü olmaq məcburiyyətindədir.
Seylor Mun böyüdükcə gücləri və bacarıqları da dəyişmiş, buna uyğun olaraq da geyimi dəyişikliklərə uğramışdır. İlk belə hal hekayənin 3-cü hissəsində — manqanın 30-cu aktında, animenin isə 111-ci seriyasında Müqəddəs qraalı əldə etdikdən sonra baş vermiş və Super Seylor Muna[15] çevrilmişdir. Geyimi daha təmtəraqlı olmuş və gücləri artmışdır; ilk zamanlarda Super Seylor Mun Müqəddəs qraalsız döyüşə bilmirdi, qraalın effekti azalanda o da taqətdən düşürdü.
Hekayənin 4-cü hissəsində yeni geyimə sahib olmuşdur: digər Seylor döyüşçülərinin güclərinin birləşməsi ilə Əbədi Seylor Mun olmuşdur. Hətta Çibiusanın pişiyi Diana demişdi ki, Əbədi Seylor Munun gücü Yeni Kraliça Serenitinin gücünə yaxındır.[16] Geyimi əhəmiyyətli şəkildə dəyişmiş, belinin arxasında bir cüt qanad peyda olmuşdur. Lakin bu qanadlar sadəcə bəzək rolunu oynayır.
"Seylor Mun" seriyasında bir çox assinxron hadisələr vardır. Çibi-Çibi gələcəkdən Seylor Muna gəlmiş kiçik qızdır. Çibiusa kimi Çibi-Çibi də Usaqinin ailəsini hipnoz edərək onlara ailənin bir üzvü olduğunu inandıra bilmişdir. Əslində Çibi-Çibi Seylor Munun gələcəkdən gəlmiş forması idi, Əbədi Seylor Muna Seylor Qalaktika ilə döyüşdə kömək etməyə gəlmişdi. Manqada Çibi-Çibi Seylor Kosmosa çevrilmişdir. Güman olunur ki, Seylor Kosmos Seylor Munun başqa formasıdır, lakin Seylor Kosmos döyüşlərin birindən qaçdığı üçün özünü qorxaq sayır və heç vaxt Əbədi Seylor Mun kimi cəsarətli və güclü olmayacağını düşünür.[17]
Manqada Əbədi Seylor Mun Gümüş Ay Kristalından (Gümüş Kristalın dəyişmiş forması) istifadə edərək hücumlarını həyata keçirir. Animedə isə istifadə etdiyi kristalı hələ də Gümüş Kristal adlandırır.
Şahzadə Sereniti (プリンセス・セレニティ, Purinsesu Sereniti?) Gümüş Minillik dövründə Yerə nazərət edən və Ayı idarə edən Kraliça Serenitinin qızı kimi Ayda yaşamışdır. Şahzadə Serenitini qoruyucuları Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter və Seylor Venera idi.
Yerə etdiyi səyahətlərin birində Şahzadə Sereniti Yer şahzadəsi Endimion ilə rastlaşmış və ona vurulmuşdur.
Ay Krallığının dağılmasına səbəb olan müharibədə Endimion Serenitini qorumaq istəyərkən ölmüşdür. Manqaya görə buna dözməyən Sereniti özünü öldürmüşdür, animeyə görə isə hər ikisini Kraliça Metariya öldürmüşdür. Serenitinin anası Kraliça onu möhürləyə bilmişdir, lakin hər kəs ölmüşdür. Kraliça ölməzdən qabaq Əfsanəvi Gümüş Kristaldan Sereniti və digərlərini yeni şans vermək və Sereniti ilə Endimionun yenidən xoşbəxt olması üçün istifadə etmişdir. Teleseriallara görə isə Endimionun ölümünə dözə bilməyən Şahzadə Sereniti özü Ay Krallığını məhv etmişdir.
Daha sonra, Şahzadə Sereniti XX əsrdə Usaqi Tsukino kimi reinkarnasiya olmuşdur. Usaqi çətin və daha çox güc tələb edən vəziyyətlərdə arabir Şahzadə Serenitiyə çevrilir. Usaqi əsl şəxsiyyətinin Şahzadə Sereniti olduğunu manqanın 9-cu aktında, animenin 34-cü, teleserialın 25 seriyasında kəşf etmişdir.
Naoko Takeuçi Usaqini ağ, sarı və hətta çəhrayı saçlarla və göy gözlərlə təsvir etdə də, Şahzadə Serenitini həmişə ağ saçla və göy gözlərlə təsvir etmişdir. Animedə isə həmişə sarısaçlıdır. Teleserialda isə Serenitinin qəhvəyi gözləri və qara saçı var.
Çətin vəziyyətlərdə bəzən Usaqi Sereniti kimi 2 mələk qanadına sahib olur. Bu cür qanadlara ilk dəfə Çibiusanı xilas etmək üçün qüllədən tullanarkən sahib olmuşdur. Bu hadisə həmçinin Seylor Mun Qalaksiyaya qarşı döyüşdə əlinə Möhür qılıncını götürərkən baş vermişdir. Bu gücün onun keçmiş həyatından, yaxud Usaqinin özündən və yaxud Peqasus və Möhür qılıncından gəldiyi məlum deyil.
Hekayənin ikinci hissəsində Usaqi XXX əsrdə — Yeni Gümüş Minillik dövründə Kristal Tokionun kraliçasıdır. İlk dəfə gələcək forması ilə manqanın 16-cı aktında, animenin 68-ci seriyasında görünmüşdür. Usaqi həmçinin "Yerin hökmdarı" olduğunu, Endimionun isə kral olduğunu öyrənmişdir. Animedə qeyd olunur ki, Usaqi İkinci buz dövrünün qarşısını aldıqdan sonra Yeni Kraliça Sereniti olmuşdur, lakin bu haqda çox məlumat verilmir. Yeni Kraliça Sereniti Usaqidən daha yetkin və ciddidir, lakin animenin bəzi seriyalarında (məsələn, 104-cü seriyada) sadə olur.
Manqada Yeni Kraliça Sereniti XX əsrin Seylor döyüşçülərinə kraliça olduqdan sonra Seylor döyüşçüsü kimi güclərini itirdiyini demişdir, lakin bu onun sadəcə onun Seylor döyüşçüsü olmadığının göstəricisidir, çünki onun dağıdıcı gücü hələ də qalmaqdadır. Məsələn, bir dəfə Yeni Kraliça Sereniti Kristal Tokio sakinlərini əsası ilə canlandırmış və Seylor döyüşçülərinə yeni güclər vermişdir. Bundan başqa, animenin ikinci hissəsində krallığı təhlükə altında olduqda digərləri Seylor döyüşçüsünə çevrildikləri halda o çevrilə bilməmişdir. Lakin Kral Endimion tez-tez Seylor döyüşçülərinə və Taksedo Maska Yeni Kraliça Serenitinin qəhrəmanlıqlarından danışır.
Yeni Kraliça Serenitinin geyimi şahzadə geyimindən fərqlənir. Manqada Yeni Kraliça Serenitinin paltarı keçmişdəki halının paltarından daha kiçikdir. O, həmçinin yeni sırğalar və tac geyinir. Alnında həmişəki kimi aypara işarəsi var. Yeni Kraliça Serenitinin sifət mimikası XX əsrdəki versiyasına nisbətən daha yetkindir, amma məşhur saç stilini saxlayır.
XXX əsrdəki Yeni Kraliça Sereniti ilə XX əsrdəki Usaqi Tsukino eyni adamlar olsalar da, Çibiusa Yeni Kraliça Serenitini öz anası hesab edir, Usaqiyə isə bacısı kimi yanaşır. Hətta bir çoxları onları ilk dəfə görəndə bacı olduqlarını zənn edir.
Usaqi Seylor döyüşçüsünə çevrilmək üçün xüsusi alətlərindən birini (adətən broşka) göyə qaldıraraq "Ayın Prizma Gücü, hərəkətə keç!" (ムーンプリズムパワー、メイクアップ!, Mūn Purizumu Pawā, Meiku Appu!?) Animenin hər mövsümündə Usaqi Seylor Muna çevrilmək üçün yeni bir qabiliyyət qazanmışdır. Animenin 5-ci mövsümündə isə Əbədi Seylor Muna çevrilmişdir. İlk əvvəllər Usaqi Əbədi Seylor Muna çevrilmək üçün adi Seylor Muna çevrilməli idi. Bunun səbəbi broşkasının lazımı güc yığana qədər vaxt aparması idi. Nehelleynaya qarşı həlledici döyüşdə Usaqi ilk dəfə birbaşa Əbədi Seylor Muna çevrilmişdir.
Müsbət və əsas personaj kimi Seylor Munun hücumları zəifdir.[18][19] Onun ən effektli hücumlarından biri Ultrasonik Çığırtı (超音波, chō onpa?) adlanır.
Seylor Mun üçün ən əhəmiyyətli əşyalardan biri Əfsanəvi Gümüş Kristaldır. (「幻の銀水晶」, Maboroshi no Ginzuishō?) İngilis versiyasında isə bu kristal İmperium Gümüş Kristalı adlanır.