Bu məqalə Simurq M TV haqqındadır. Digər mənalar üçün Simurq (dəqiqləşdirmə) səhifəsinə baxın. |
"Simurq M TV — Mərkəzi Tovuz şəhərində olan televiziya kanalı.
SM TV | |
---|---|
Ölkə | Azərbaycan |
Yayım ərazisi | Tovuz, Azərbaycan |
Dil | Azərbaycan dili |
Yaranma tarixi | 26 iyul 1995 |
Bağlanma tarixi | 31 may 2010 |
Sahibi | Musa Süleymanov |
Rəhbərlik | Musa Süleymanov |
"Simurq M" Televiziyası yayıma 26 iyul 1995-ci ildə başlayıb. Telekanalın təsisçisi M.S.Süleymanovdur. 2002-ci ilə qədər kanal müəyyən səbəblərdən yayımda fasilələr edib. 2002-ci ilin may ayından etibarən "SM TV" fasiləsiz yayımı bərpa etdi. 2004-cü ilə kimi kanal yalnız Tovuz şəhərində yayımlanırdı. 2004-cü ilin sonunda Ağstafa rayonunun Köçəskər kəndində ötürücü stansiyasının inşasına, 2005-ci ildə isə həmin stansiyadan yayımlanmağa başladı. 2005-ci ildə Milli Televiziya və Radio Şurasından Gəncə bölgəsində yayım üçün xüsusi razılıq (lisenziya) alındı. Həmin il yayım gücünü 200Watt-dan 1000Watt-a çatdırdı. 2005-ci ildə Tovuz Şəhər Mərkəzi Stadionunda 60.000 tamaşaçı qarşısında 10 illiyini qeyd etdi. Televiziyanın yubileyində Aygün Kazımova, Namiq Qaraçuxurlu, Elnarə Xəlilova və başqa müğənnilər iştirak etdilər. Zaman keçdikcə televiziyada proqram departamenti yaradıldı, xəbərlər departamentinin strukturu dəyişdirildi. Kanalın Bakıda "SM Production" adlı səsyazma studiyası var. Həmin studiyada filmlər, sənədli filmlər, reklam çarxları Azərbaycan dilində səsləndirilir. 2007-ci ilin yanvar ayında İtaliyanın "Electronica" şirkəti tərəfindən Ağstafa rayonundakı ötürücü stansiyanın gücü 2500Watt-a çatdırıldı. 17 fevral 2007-ci ildə "SM TV"nin aparıcı redaktoru Günel Paşayeva "Internews" diplomunu aldı. 2007-ci ilin mart ayında isə kanalın xəbərlər departamentinin rəhbəri Leyla Mirzəyeva Jurnalist Qadınlar Assosiasiyası tərəfindən regionlarda İlin Jurnalisti Diplomu ilə təltif olundu. Həmin ilin mart ayında "SM TV"nin reportyoru Ülviyyə İsmayılova "CNN Türk"-ün dəstəyi ilə Qafqaz Media Mərkəzində jurnalistika ilə bağlı keçirilən müsabiqədə 1-ci olaraq CNN Türk kanalında 2 həftəlik təcrübə mübadiləsi keçmək üçün vəsiqə qazandı.[1] "SM TV"nin həftəlik yayımının ümumi həcmi 130 saat təşkil edir. Yayım dairəsi Azərbaycanın Gəncə-Qazax, Gürcüstanın Borçalı bölgəsidir. Ümumi efir vaxtının 20 faizini ölkədə istehsal olunan proqramlar, 40 faizini xaricdə istehsal olunan proqramlar, 40 faizini şəxsi istehsal olan proqramlar təşkil edir. 2010-cu ildə isə telekanal Region TV İstehsalat Birliyinin tabeliyinə keçdikdən sonra fəaliyyəti dayandırılmış və yerinə Türkel TV (indiki ARB 24) keçmişdir.[2]