Siyavuş Mustafayev

Siyavuş Firudin oğlu Mustafayev (1968, Qaraxanbəyli, Naxçıvan rayonu) — Azərbaycan dövlət xadimi. O, 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri təyin edilmiş, lakin bu təyinat Naxçıvan Ali Məclisi tərəfindən təsdiqlənməmişdir. Bundan sonra Mustafayev Daxili İşlər Nazirliyi və Naxçıvan Xalq Cəbhəsinin dəstəyi ilə Naxçıvanda çevrilişə cəhd etmiş, uğursuz olmuşdur. O, 1993-cü ildə Naxçıvan Daxili İşlər nazirinin müavini təyin edilmişdir. Mustafayev həmin il həbs edilmiş, lakin 2001-ci ildə əfv edilmişdir. O, 2020-ci ildə orduya dəstək yürüşündəki iştirakına görə həbs edilmişdir.

Siyavuş Mustafayev
PrezidentƏbülfəz Elçibəy
Şəxsi məlumatlar
Doğum tarixi 1968
Doğum yeri
Milliyyəti azərbaycanlı
Partiya
Təhsili
Fəaliyyəti dövlət xadimi, siyasətçi, siyasi fəal[d], siyasi məhbus
Hərbi xidmət
Döyüşlər

Siyavuş Firudin oğlu Mustafayev 1968-ci ildə Azərbaycan SSR-nin bir hissəsi olan Naxçıvan MSSR Babək rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. O, Azərbaycan Bədən Tərbiyəsi İnstitutundan məzun olmuşdur. Mustafayev Milli Azadlıq Hərəkatı dövründə Azərbaycan Xalq Cəbhəsinə üzv olmuşdur.[1] Müstəqillik dövründə o, Naxçıvan Muxtar Respublikası Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri olmuşdur.[2]

Çevriliş cəhdi

[redaktə | mənbəni redaktə et]

17 avqust 1992-ci ildə daxili işlər naziri İsgəndər Həmidov Siyavuş Mustafayevi Naxçıvan Muxtar Respublikasının (Naxçıvan MR) Daxili İşlər Nazirliyi (DİN) başçısı təyin etmiş, 24 avqustda Naxçıvan DİN-in 1,500 əməkdaşı ümumi yığıncaqda Mustafayevin təyinatının əleyhinə müraciət qəbul edilmiş və qəbul edilən tələblər Bakıdakı mərkəzi hökumətə göndərilmişdir.[1] Naxçıvan Ali Məclisinin 17 sentyabrda keçirilən sessiyasında Əsgər Ələkbərov daxili işlər naziri seçilmiş,[3] Bakıdan gələn təyinat təsdiqlənməmişdir.[4]

24 oktyabrda[5] Daxili Qoşunlara bağlı hərbi desant Naxçıvana göndərilmişdir.[6] Aralarından 100 nəfəri Naxçıvan Xalq Cəbhəsinin Ordubad rayonundan olan üzvlərindən təşkil olunmuş 300 nəfərlik qüvvələrə[2] zirehli vasitələrlə,[7] saat 16:00 radələrində Naxçıvan MR DİN-in binasına daxil olmuşdur. Silah dəstəyə Siyavuş Mustafayev və başqa cəbhəçilər rəhbərlik edirdi.[8] Əlavə olaraq, basqınçılar arasında Azərbaycan Milli Ordusunun Naxçıvandakı hərbi hissəsinin hərbi qulluqçuları da var idi.[9] Buna baxmayaraq, çevriliş cəhdi uğursuz olmuş və basqınçılar mövqelərini tərk etmişdir.[10]

Sonrakı illəri

[redaktə | mənbəni redaktə et]

Mustafayev 28 oktyabrda Naxçıvan Muxtar Respublikası Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri vəzifəsindən azad edilmişdir.[2] O, 1993-cü ildə prezident Əbülfəz Elçibəyin sərəncamı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini təyin edilmişdir.[11] Mustafayev AXC hakimiyyəti devrilməsindən sonra, 1993-cü ildə həbs edilmişdir. O, prezident Heydər Əliyevin 17 avqust 2001-ci il tarixində imzaladığı əfv fərmanı ilə azadlığa buraxılmışdır.[12]

Siyavuş Mustafayev 2020-ci ilin iyulunda Tovuz döyüşlərindən sonra Bakıda keçirilən etiraz aksiyasına qoşulmuşdur.[13] Buna baxmayaraq o, yürüş əsnasında bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınının aşırılması və s. hadisələrin təşkilində təqsirkar sayılaraq məhkum edilmişdir.[14] 21 iyul 2021-ci ildə Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyev hökm çıxarmış, Mustafayev 2 il 6 aydan 3 il 1 aya qədər şərti cəza verilmişdir.[15]

O, 2003-cü ildə Müsavat Partiyasına üzv olmuş, lakin daha sonra partiyadan ayrılmışdır.[16]

Siyasi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Siyavuş Mustafayev özü 2020-ci ilin iyulundakı yürüşə "milli hissləri" səbəbilə getdiyini bildirmişdir.[13] Azərbaycanlı siyasətçisi Fərəc Quliyev də Mustafayevin vətənpərvər bir insan olduğunu vurğulamışdır.[17]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Siyavuş Mustafayevin iki oğlu var.[18] O, 1990-cı illərdə həbsdə olduğu müddətdə ingilis dilini öyrənmişdir.[12]

  1. 1 2 Həsənov, 2008. səh. 451
  2. 1 2 3 Həsənov, 2008. səh. 473
  3. Həsənov, 2008. səh. 456
  4. Alıoğlu, 2019
  5. Həsənov, 2008. səh. 495
  6. Meydan TV, 2021
  7. Həsənov, 2008. səh. 491–492
  8. Həsənov, 2008. səh. 466
  9. Həsənov, 2008. səh. 467
  10. Həsənov, 2008. səh. 476–477
  11. Elçibəy, 1993
  12. 1 2 Qabiloğlu, 2015
  13. 1 2 Əhmədzadə, 2021
  14. Azadlıq Radiosu, 2020
  15. Azadlıq Radiosu, 2021
  16. "İsa Qəmbəri tərk edən tanınmışlar - Araşdırma". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  17. Xural, 2020
  18. Fərhadoğlu, 2020