Soiçiro Honda (yap. 本田 宗一郎; 17 noyabr 1906[1][2], Şizuoka – 5 avqust 1991[1][2], Tokio[d]) — Yaponiyalı mühəndis və sənayeçi.
Soiçiro Honda | |
---|---|
yap. 本田 宗一郎 | |
Doğum tarixi | |
Doğum yeri | Hamamatsu, Yaponiya |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Tokio, Yaponiya |
Vəfat səbəbi | böyrək çatışmazlığı |
Vətəndaşlığı | Yaponiya |
Milliyyəti | yapon |
Atası | Gihei Honda |
Anası | Mika Hond |
Elm sahəsi | Honda |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Soiçiro Honda 1906-cı ilin noyabrın 17-si Yaponiyanın Şizuoka Prefekturasının Komyo kəndində anadan olmuşdur.[3] Atası Gihei Honda dəmirçi, anası Mika Honda isə toxucu olub. Ailəsi kasıb olsa da onlar Soiçironun ən azından ibtidai təhsil almasına çalışıblar, amma Soiçiro uşaqlıqdan ənənvi tədris üsulunu sevmirdi.
O dövrdə şagirdlərin gündəliyinin yoxlanmasını təsdiqləmək üçün ailə üzvlərindən biri gündəliyə öz möhürünü vurmalı idi, lakin Soiçiro qiymtlərini ailəsindən gizlətmək üçün özünün hazırladığı möhürdən istifadə edirdi. Belə ki, o, hələ məktəbdə oxuyarkən velosiped pedalından öz ailəsinin möhürünü hazırlamışdı.
Honda familiyası iki heroqlifdən (本田) ibarət və simmetrik olduğundan onu hazırlamaq asan idi, lakin digər məktəblilər üçün hazırladığı möhür tərsinə alındığından onun bu fırıldağı ortaya çıxmışdı.
Uşaqlıq xatirələrdindən danışanda Soiçironun ən çox xatırladıqları arasında avtomobillərin arxasınca qaçması və avtomobil səsboğucusundan çıxan benzin qoxusu var.
Soiçiro bir gün atasının velosipedini götürərək pilot Art Smitin təyyarə şousuna baxmağa gedir və bu hadisədən sonra onun mexanizmlərə marağı yaranır. Hələ 15 yaşında ikən, 1922-ci ildə heç bir təhsili olmayan Soiçiro Tokioya işləməyə gəlir və qarajların birində düz 6 il çalışır. İşlədiyi "Art Şokay" qarajında işləyərkən təcrübədə öz biliyini artırır. Burada avtomobillərlə yanaşı motosikletlər də təmir olunurdu.
Həmin dövrdə avtomobil sahibləri yuxarı təbəqəyə məxsus idilər və avtomobillər ölkəyə xaricdən gətirilirdi. Bunların içində həm konveyr avtomobilləri, həm idman tipli avtomobillər, həm də xüsusi istehsal edilmiş avtomobillər var idi. Bu avtomobillərin çoxu təmir üçün "Art Şokay"a gətirilidi ki, bu Soiçironun yeni bilgilərə sahib olmasında çox yaxşı bir şans idi. Beləcə o, çox şey öyrənmişdi. Soiçiro hər şeyi şəxsi təcrübəsi ilə öyrənirdi.
1923-cü ildə "Art Şokay"ın sahibi Sakakibaranın rəhbərliyi altında Sakakibaranın qardaşı Şiniçi, Soiçiro və başqa bir neçə nəfərlə birlikdə idman avtomobillərinin istehsalına başlayırlar. Soiçironun hazırlanmasında iştirak etdiyi ilk avtomobil "Art Daimler" olur. Sonra "Kurtissin"i istehsal etdilər. Həmin avtomobil hələ də Honda şirkətinin "Honda Collection Hall"unda (azərb. Honda kolleksiya zalı) işlək vəziyyətdə saxlanılmaqdadır.
Qeyd edim ki, 23 noyabr 1924-cü ildə Şiniçi bu avtomobillə 5-ci Yaponiya Avtomobil Yarışında iştirak etmiş və qalib gəlmişdi. Şiniçi Sakibahara Tsurumidə ilk dəfə qalib gələrkən onun yanında addımlayan mexan məhz 17 yaşlı Soiçiro Honda idi. Soiçironun o zaman hələ 17 yaşı var idi. Bu avtomobillər üçün müxtəlif hissələrin müəllifi olmaq ona gələcəkdə lazım olacaq çox dəyərli biliklər öyrətmişdi.
Müştərilər qaraja "Mersedes", "Linkoln" və "Daimler"lərlə gəldikcə Soiçironun biliyi və ambisiyaları da o dərəcə çoxalırdı. Həmin vaxtdan artıq o öz işi barədə düşünməyə başlamışdı. O öz xatirələrindən danışarkən demişdi:
"Bilirdim ki, əgər dünya bazarında uğur əldə etsəm, yerli bazarı da artıq əlimə almış olacam".
20 yaşında Hondanı əsgərlik xidməti üçün çağırırlar; lakin rəng koru olduğu ortaya çıxdığından, o, hərbi xidmətdən azad edilir.
1928-ci ildə Soiçiro Hamamatsuda "Art Şokay"ın bir qolunu açır. O, yeganə adam idi ki, ona bütün fəaliyyət azadlığı verilmişdi. Soiçiro yalnız yaxşı təmir etmək bacarığına görə deyil, həm də ixtira edəbilmə bacarığına görə də çox məşhur idi. Hətta sonralar ona "Hamamatsunun Edisonu" ləqəbi də vermişdilər. Yeni obyektdə o, yalnız təmirlə yox daha artıq işlərlə məşğul olurdu. Onlar burada su nasosu, zibil daşıyan maşınlar düzəldir, avtobusların daha çox sərnişin daşıya bilməsi üçün düzəliş edirdilər. Hamamstsu filialı açılarkən bu şöbə yalnız 1 nəfərdən ibarət idi, lakin sonra burada çalışanların sayı 30 nəfərə qədər artmışdı.
1935-ci ilin oktyabr ayında Soiçiro ailə qurmuşdu və onun yoldaşı Saçi işçilərə yemək bişirir və maliyyə hesabatını özü edirdi. Bununla da Soiçiroya işlərində kömək edirdi.
1936-cı ildə Hamamatsuda baş tutan avtomobil yarışında iştirak edən Soiçiro Hondanın avtomobili qəzaya uğrayır. Soiçiro bundan sonra yarışlarda iştirak etmir. Özünün dediyinə görə:
"Saçi mənə yalvardı və ağladı deyə yarışlarda iştirak etməyi dayandırdım".
Lakin Saçinin dediyinə görə, atası Gihei Honda onu tənbeh etdikdən sonra Soçiro daha yarışlarda iştirak etməmişdi.
Elə həmin ildən Soiçiro təmirçi işləməyi dayandırıb istehsalata keçməyi planlaşdırır. O, Hamamatsu filialını özəlləşdirərək ayrıca şirkət açmaq istəsə də investorlar onun porşen halqaları hazırlamaq fikrini qəbul etmirlər. Onlar təmirdən yetəri qədər çoxlu pul gəldiyini gördükləri üçün yeni bir təşəbbüsə ehtiyac olmadığını düşünürdülər, lakin Soiçiro rədd cavablarına baxmayaraq, özünə Şiçiro Kato adında ortaq taparaq, elə həmin şəxsin prezidentliyi ilə "Tokai Seikai Ağır Sənaye" şirkətini açır və layihələrini reallaşdırmağa başlayır. O, "Art Porşen Halqaları Tədqiqat Mərkəzi"ni quraraq gündüzləri "Art Şokay"da işləyir, axşamları isə porşen halqaları hazırlamaq üçün işə girişdi.
Bir çox texniki uğursuzluqlardan sonra metallurgiya ilə bağlı biliklərini artırmaq məqsədilə Hamamatsu Sənaye İnstitutunda yarımştat tələbə olaraq oxumağa başlayır. 2 il müddət o burada həm oxuyur, həm də işləyir. Bu müddət ərzində hətta onun üz quruluşu da dəyişmişdi. Nəhayət, onun çabaları öz nəticəsini verir və o, "Art Şokay"ın Hamamatsu filialını öz işçilərinə təhvil verib "Tokai Seikay"ın prezidenti olaraq işinə davam etdirir.
Porşen halqalarının istehsalı başlasa da hələ də çətinliklər var idi. Bu dəfə problem istehsalat texnologiyalarının səviyyəsində idi. Halqalar standartlara demək olar ki, cavab vermirdi. 50 halqadan yalnız 3-ü sertifikat ala bilmişdi. 2 il ərzində Yaponiyanın poladtökmə və metallurgiya ilə bağlı bütün universitetlərini gəzdikdən sonra Toyota və Nakajima Aviasiya şirkətinə kütləvi şəkildə porşen halqaları satmağa başlayır. Artıq həmin dövrdə şirkətin 2000-ə yaxın işçisi var idi.
Bütün digər ölkələr kimi Yaponiya da 1930-cu illərdəki böhranla üzləşmişdi. Böhran zamanı Soiçiro həm işləyir, həm də universitetdə təhsil alırdı. O düşünürdü ki, porşen halqalarını təkmilləşdirərək bu üsulu Toyotaya sata biləcək. O gecə, gündüz də işləyirdi. Hətta gecələr emalatxanada yatır və inanırdı ki, çox keyfiyyətli məhsulun istehsalını bacaracaq.
Hətta yeni evləndiyi həyat yoldaşı, qızıllarını da bu "uğura sataraq" öz ideyası üçün xərcləmişdi. Nəhayət halqalar hazırlandı və o, nümunələri Toyotaya apardı, lakin nümunələr standartlara cavab vermədi. Soiçiro universitetə geri qayıtdanda isə digər mühəndislər onu lağa qoyaraq gülmüşdülər, lakin Honda uğursuzluğa düçar olmağı qəbl etmədi. 2 il daha da böyük vəchlə çalışaraq öz hədəfinə doğru addımladı və nəhayət "Toyota" ilə müqavilə bağlamağa müvəffəq oldu.
Bu aralar Yaponiya hökuməti müharibəyə hazırlaşırdı. Əlindəki müqavilə ilə Soiçiro "Toyota"nı təmin edə bilmək üçün tikinti materilları almağa çalışsa da material çatışmazlığı vardı, amma o həmişəki kimi çıxış yolu axtarmağa çalışırdı. Soiçiro zavodu qura bilmək üçün yeni yol axtarib tapdı, lakin zavod 2 dəfə bombardumana məruz qaldığı üçün istehsalata başlaya bilmədi. Bu da onu dayandırmadı. O, Amerika hərbçilərinin atdıqları benzin saxlanılan dəmir qabları yığaraq onları istehsala qatmaq istəyirdi, lakin baş verən zəlzələ yerdə qalan hərşeyi yerlə bir etdi.
1941-ci ilin dekabrında Yaponiya II Dünya Müharibəsinə qoşuldu və "Tokai Seikay" hərbiləşdirildi. 1942-ci ildə Toyota şirkətin 40%-ni əldə etdi və Soiçiro prezidentlik vəzifəsindən idarəçi direktor vəzifəsinə endirildi. O zamanlar şirkətdəki kişilər yavaş-yavaş azaldılar, hərbi xidmətə getməyə başladılar. Nəticədə kişi işçiləri qadınlar və könüllü qızlar əvəz etdi. Soiçiro artıq zavodda tək qalmışdı və mümkün qədər hərşeyin təmirinə özü nəzarət edirdi. Çalışırdı ki, işçilərin təhlükəsizliyini mümkün qədər təmin etsin. Elə bu vaxtlar o işi asanlaşdırmaq üçün porşen halqalarının istehsalını avtomatikləşdirməyi planlaşdırmağa başladı.
"Nippon Gakki" — indiki "Yamaha" şirkətinin prezidentinin təklifi ilə o propeller hazırlamaq üçün konveyr hazırladı. Prezident onun bu bacarığına heyran qalmışdı. Əvvəlcə həftədə müddətə 1 propller yığan Hondanın sonra qurduğu sistemlə hər 30 saniyəyə 2-ni düzəltmək mümkün idi. Soiçiro bununla bir daha öz biliyini və ixtiraçılığını sübut etmiş oldu.
II Dünya Müharibəsi zamanı Yaponiyaya tez-tez hava hücumları olduğu üçün Hamamtsudakı bir çox müəssisə dağılmışdı. Bu azmış kimi Nankai zəlzələsi yerdə qalan hərşeyi yerlə bir etmişdi.
Müharibədən sonra yanacaq çatışmazlığı yaranmışdı və buna görə də insanlar ya piyada, ya da yalnız velosipedlə hərəkət edirdilər. Honda çox kiçik bir mühərrik hazırlayaraq öz velosipedinə qoşdu. Onun qonşuları da bu yeni vasitədən istəsələr də material çatışmazlığı ucbatından o, tələbi ödəyə bilmədi, lakin Honda yenə də geriyə addım atmadı. Soiçiro 18.000 velosiped dükanı sahibinə Yaponiyanı xilas etmək üçün məktub yazdı. Onlardan 5000-i — verə biləcəkləri çox kiçik pulla — onu öz kiçik mühərriklərini istehsal edə bilməsi üçün ilkin maya ilə təmin etdilər. İlk motosiklet biraz böyük alınmışdı, lakin Soiçiro onun üzərində işləyərək yetəri qədər kiçik mühərrikli ilk "Super Kub" adlı motosikleti hazırladı. Onun satışı uğurlu oldu. Yaponiyadan sonra məhsulun Avropa və Amerikaya satışa başladı.
Soiçiro Hondanın "hər kəs üçün nəqliyyat vasitəsi arzusu" onun 1948-ci ildə "Honda Motor" Co. Ltd.-ni yaratmasına səbəb oldu. Şirkətin ilkin məqsədi kiçik həcmli mühərriklərə sahib olan motorlu velosipedlərin istehsalı idi. Soiçiro bunun üçün Hamamatsuda öyrəndiyi bilikləri, təhsil illərində və müharibə vaxtında işlədiyi zaman əldə etdiyi bütün təcrübədən yararlanmağa başlayır.
İstehsalla maraqlananda o, şirkətin idarəçiliyini Takeo Fucisavaya həvalə etmişdi. Fucisava onun çox yaxın dostu idi və ona çox inanırdı. İkisi bir-birini çox gözəl tamamlayırdılar. Nəhayət, onların ilk istehsalı olan "Dream" (azərb. Arzu) adlı 98cc mühərrikli motosikletləri küçələrdə görünməyə başladı.
Bundan sonrakı illərdə "Honda" şirkəti bir neçə dəfə uğursuzluğun qapısından geri qayıtmalı olur, amma onların hər ikisi bilirdi ki, həmin dövrdəki şərait onlar qumardan fərqlənməyən oyunun içindədirlər, lakin Honda heç vaxt ruhdan düşmədi.
Soiçiro Honda öz xasiyyəti ilə "Sərhədləri zorlayan" adam kimi ad çıxarmışdı. O müharibə dövrünü görmüşdü və bilirdi ki, öz istəyindən əl çəkməyən sonunda haqqını alır. Soiçiro hətta satış və istehsalat metodunu dəyişmişdi. O düşünürdü ki, yüksək keyfiyyət yaradıcı dizayndan və istehsalat dizaynının kombinasiyasından ortaya çıxır. Beləcə hər şey, xüsusi tələbat üçün hazırlanırdı:
"Asanlıqla hazırlana bilən məhsul daha keyfiyyətli hazırlana bilər. Belə məhsul öz istifadəçilərini də məmnun edər".
"Tələbi öyrən, xüsusi bir yolla qane etməyi bacar, münasib dəyərlə müştərini təmin et". Bu, Hondanın izlədiyi yol idi. Tələbat öyrənilirdi, səhv və düzlərlə doğru yol tapılırdı.
"Honda Kub" modeli ilə "Honda Motor" şirkətinin beynəlxalq uğuru başladı. Bazara çıxmaq məqsədilə ümumi tələbi öyrənilir, sonra 2 təkərli motosikletlərlə təmin edilir. Bazar doyduqdan sonra Honda yeni çıxış yolu kimi idman üslubunda motosikletlərin hazırlanıb bazara təqdim edilməsinə başlayır. Bu fikir də işə yaradıqdan sonra artıq dünyanın bir çox ölkəsinə xüsusi istəklərlə özəl dizayn edilmiş motosikletlər satışa çıxarılır.
1959-cu ildə "Honda" şirkəti Los-Ancelesdə ilk dilerini açdı. Bu dilerin yalnız 6 işçisi var idi. 1963-cü ildə isə artıq şirkət Amerikanın ən məşhur motosiklet şirkəti oldu. 1961-ci ildə şirkət ayda 100.000 motosiklet istehsal edirdi. 1968-ci ildə isə şirkət 1.000.000-cu motosikletini satdı. 80-ci illərin sonuna "Honda" dünya motosiklet bazarının 60%-ni öz əlində cəmləşdirmişdi. Sonra isə, artıq avtomobil istehsalı başladı və eyni yolla davam etdi.
Növbəti hədəf "Tourist Trophy" yarışlarında iştirak etmək idi. Bu yeni təşəbbüs onu motosiklet istehsalçısı olaraq daha da məşhurlaşdırdı. 1961-ci ildə atrıq "Honda" bu yarışların diqqət mərkəzidə idi.
Soiçiro F1 mühəndisi kimi idi. O, hər zaman texnologiyanın sərhədlərindən kənara çıxmağa çalışır və daha yaxşı performans sərgiləmək üçün əlindən gələni edirdi. Hhonda onun adını daşıyan avtomobilləri sürən pilotlardan daha yaxşı nəticə almaq istəyirdi. Honda öz işçilərinə ambisiyanın hiylə olmadığını təbliğ etmişdi. Uğur ağır iş və investisiyanın nəticəsidir. Honda hesab edirdi ki, F1 yarışları yalnız ən yaxşı avtomobillərin yox, həm də mükəmməl mühəndislərin ortaya çıxması üçün mükəmməl mühitdir.
1970-ci illərdə yanacaq böhranı baş verdi və kiçik həcmli avtomobillər dəb halını aldı. Soiçiro Honda bu trendi çox tez tutdu. Bu dəfə isə çox kiçik mühərrikli avtomobillərin istehsalına başlayaraq yeni uğura bir imza daha atdı. Əslində Honda kiçik həcmli mühərriklərin istehsalında ixtisaslı bir mühəndis olduğu üçün bu bazara girmək o qədər də çətin olmadı.
1972-ci ildə "Honda" Amerikanın Ətraf Mühitlə bağlı standartlarına cavab verib ABŞ bazarına girməyi bacaran ilk şirkət oldu. 1990-cı illərdə "Honda" Şimali Amerikada ildə təqribən 1.000.000 avtomobil istehsal edirdi. Avtomobil hissələri yerli şirkətlər tərəfindən təmin edilirdi. Bu isə, ABŞ vətəndaşları üçün iş yeri demək idi.
Soiçiro Honda tamamilə fərqli bir insan idi. Onun və yoldaşı Saçinin xüsusi pilot vəsiqələri də var idi.
O və dostu Fucisava bir-birinə söz vermişdilər ki, öz oğullarını heç vaxt şirkətin işinə qoşulmağa məcbur etməyəcəklər.
Soiçiro 1991-ci ilin avqustun 5-də Tokioda "Cuntendo Hospitalı"nda 84 yaşında vəfat etmişdir.