Talış mədəniyyəti |
---|
Mədəniyyət və incəsənət |
Mərasimlər |
Talış mifologiyası (tal. Tolışə mifoloqiyə) — talışların mifoloji inancları toplusu. Talış mifoloji dünyagörüşü təbiət kultunun, Avestada öz əksini tapmış zərdüştilik dininin və İslamla gələn elementlərin sintezini daşıyır.
Talış folkloru barədə ilkin məlumatlar, müəllim Teymurbəy Bayraməlibəyovun 1894–1899-cu illərdə yazmış olduğu, Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu adlı əsərində öz əksini tapıb. Bayraməlibəyovun hazırladığı üç məqalə özundə talış nağıllarını, əfsanələrini və inanclarını əks etdirir.[1]
1894-cü ildə dilçi və etnoqraf L. G Lopatinski talış dilində olan nağıl və mətnləri toplayır. Bu zaman Tiflisdə yaşayan talış əsilli general-mayor Mir Əsəd bəy, enoqrafa topladığı nağılların mətnlərinin yoxlanılmasında kömək edir. Talış dilində iki nağıl, rus dilinə tərcümə edilərək, "Qafqazın yaşayış məntəqələrini və tayfalarını təsvir etmək üçün materiallar toplusu"nda çap edilir. Bunlar "Sehirli alma" və "Qorxaq" adlı nağıllar olur.[2]
1920–1930-cu illərdə talış folklorunun öyrənilməsinə yeni təkan verilmiş, yerliləşdirmə siyasətinin tərkib hissəsi kimi talış folkloru etnoqraflar, talış dilini dilçilər öyrənmiş, talış texnikumu fəaliyyət göstərmiş və talış dilində qəzet dərc edilmişdir.[3]
1930-cu ildə tanınmış iranşünas Boris Vsevolodoviç Miller "Talış mətnləri" əsərində talış lətifələrini, hekayələrini, mahnılarını, nağıllarını, atalar sözlərini və kiçik bir talışca-rusca-fransızca lüğəti əks etdirmişdir.
1936–1938-ci illərin Böyuk təmizləmə terroru dövründə bir çox talış ziyalıları (Zülfuqar Əhmədxzadə, Böyukağa Mirsalayev, M Nəsirli, Şirəli Axundov və.s) repressiyaya məruz qalmış, talış məktəbləri, qəzetlər bağlanmış, xalqın adı yox olmuşdur. Bu dövrdən başlayaraq 1989-cu ilə qədər talışların azərbaycanlı adlandırılması əmri verilmiş, müvafiq olaraq bu talış folkloruna da təsir etmişdir.[1][4]
SSRİ-nin dağılmasından sonra talışların mədəni fəaliyyəti daha da güclənmiş, talış nağıllarından nümunələr, mifoloji obrazlar, rəvayətlər kitablarda dərc edilmiş, "Tolışi Sədo" qəzeti kimi talış qəzetləri açılmışdır.
2010-cu ildə yaradılan Talış Milli Akademiyası talış folklorunun, mifologiyasının sistemli şəkildə tədqiqi ilə məşğul olur və tədqiq olunan sahələri akademiyanın bülleteninin nömrələrində əks etdirir.
2020-ci ildə, Talış nağıllarının ən dolğun toplularından biri olan "Tolışə xəlqi folklor. Nəğılon iyən əfsonon" (az.: "Talış folkloru. Nağıllar və əfsanələr") çap edilmişdir.
Talışların mifoloji təfəkkürü ondan irəli gəlir ki, hadisələrin təbii axarının pozulması xarici qüvvələrin müdaxiləsinin nəticəsidir. Talışların əcdadları, digər xalqlar kimi, etnik şüurun formalaşmasının ilkin mərhələsində, məsələn, Günəşin və ya Ayın tutulması kimi təbiət hadisələrində dünyanın yaxınlaşan məhvini görürdülər. Ayın tutulması zamanı mis qabları döyüb silahdan atəş açır, onu qorxutmaqla və səs-küylə işığı həbs edən şeytanların əlindən azad etmək istəyirdilər. Bu şeytanların ayı tutaraq "göyun üçuncu qatında" yerləşən böyük, dərin bir gölə batırdıqlarına inanılırdı. Mifə görə yalnız yüksək səs və ya insanların yandırdığı alov ayı sərbəst buraxa bilərdi.[5]
Astral mədəniyyətin qalığı olaraq günəş qadın ilə, ay isə kişi ilə xarakterizə olunur. Bu işıqlı səma cismlərinin Allah tərəfindən mələklər kimi gözəl yaradıldığına inanılır[6] .
Qədim Talışlar inanırdılar ki, cinlər metal əşyaların səsindən çox qorxurlar və buna görə də cinləri qovmaq üçun hər bir insan, meşəyə və ya gecə harasa getməli olanda, özü ilə yola bıçaq və ya mis əşya götürməlidir.
Talış miflərində ildırım çaxması və tufan, səmada yaşayan, insanlarla düşmənçilik edən yaşlı qadınla əlaqələndirilir. Bu qadın hirslənib ata minir və göydə çapır. Atın ayağı göy qübbəsinə dəyəndə şimşək dediyimiz qığılcım, atın dırnaq səsindən isə ildırım yaranır.[7]
Qədimdə fıstıq, palıd, o cümlədən çinar talışlar arasında müqəddəs ağac sayılırdı. Erkən tədqiqatçılar, talışlar arasında xüsusi ehtiram obyekti olan xüsusi nümunələri də qeyd edirlər. Məsələn Maşhandakı müqəddəs palıd, Razi və Piada kəndləri yaxınlığında Vaxmaku təpəsində olan palıd, Ulya Şaveş yüksəkliyində fıstıq, Veravul kəndi yaxınlığında çinarlar. Hər bir ziyarətgah kimi müqəddəs ağaclar olan yerləridə talışlar ocaq adlandırırlar.[6]
Talışlar bu ağacları müqəddəs hesab edirdilər və inanırdılar ki bu ağaclar müxtəlif xəstəlikləri sağaltmağa, onları bəlalardan qorumağa qadirdilər. Talışlar belə ağacların dibində şam yandırır, ən gizli arzularının gerçəkləşəcəyinə inanaraq pul qoyurdular. Ağacların özləri isə, müxtəlif parçalarla bəzədilirdi. Belə ağacların budaqlarını kəsmək isə qadağan idi. Bu inancı pozan, bunun əvəzini həyatı ilə ödəyə bilərdi.