"Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu" (QƏXTMT) — rus dilində Сборник материалов для описания местностей и племён Кавказа (SMOMPK). Jurnal Tiflis Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən 1881-ci ildən başlayaraq, nəşr edilmişdir.
Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu | |
---|---|
İlk buraxılışı | 1881 |
Ölkə | Rusiya imperiyası; SSRİ |
Dil | rus |
Vikianbarda əlaqəli mediafayllar |
1881-ci ildən başlayaraq Qafqaz Tədris Dairəsi İdarəsinin vəkili Yanovski nəşrə rəhbərlik edirdi (1902-ci ildə vəfat etmişdir). Jurnalda Qafqazın tarixi, arxeologiyası, dilçiliyi və etnoqrafiyası üçün geniş material, onların tarixinə dair məqalələr yer almışdır. Qafqaz xalqlarının lüğətləri və mətnləri, narlar haqqında əfsanələr, böyük rus və xarici mahnıları, gürcülərin, azərbaycanlıların, osetinlərin, dağ yəhudilərinin və digər Qafqaz xalqlarının həyatı və adətlərinə dair məqalə və materiallar böyük elmi marağa olmuşdur.
Çoxcildli əsər Qafqazın son fəthindən sonra tədqiqatçılar tərəfindən toplanan gündəlik həyat, yazı, həyat tərzi, adət-ənənələr, folklor və və s. haqqında məlumatları özündə cəmləşdirir. Nəşrdə kəndlərin və şəhərlərin təsvirləri, onların tarixi, həyatı və əhalinin sənətkarlıqları haqqında oçerklər yer almışdır. Tarixi, lirik, məişət və ritual mahnıları, əfsanələr, Qafqaz xalqlarının dilinin gözəlliyini və mənəvi mahiyyətini açır. Bu nəşrin elmi dəyəri 1893-cü ildə "Xalq Təhsili Nazirliyinin Jurnalı"nda dərc olunmuş geniş icmallarda professor V.F.Miller tərəfindən tanınmışdır.
Jurnal 1881-1915-ci illərdə Tiflisdə Qafqaz Qubernatorluğu Baş İdarəsinin mətbəəsində nəşr olunsa da, sonralar müharibə səbəbindən nəşri dayandırılmışdır. Yalnız 1926-cı ildə Mahaçqaladakı Şimali Qafqaz Dağ Diyarşünaslıq Təşkilatları Birliyi sayəsində 45-ci, 1929-cu ildə isə 46-cı nəşr dərc edilmişdir.[1] 1893-1915-ci illərdə toplu L. G. Lopatinski tərəfindən ön söz ilə nəşr olunmuşdur. Nəşrin müəlliflərinin əksəriyyəti müxtəlif materialları toplayan və qeyd edən yerli Qafqaz məktəbləri və gimnaziyalarının müəllimləri idi. Jurnalın nəşr müddəti fərqli idi, çünki materialların ildə təxminən 1-2 sayı yığılmışdı.
XIX əsrin 20-cı illərində Qafqaz çar Rusiyası tərəfindən imperiyanın tərkibinə qatıldıqdan sonra bölgənin inzibati və mədəni mərkəzinə çevrilmiş Tiflisdə fəaliyyət göstərən çar general-qubernatorluğu yeni torpaqları və burada yaşayan xalqları yaxından tanımaq və daha uğurla idarə etmək məqsədilə humanitar, kulturoloji istiqamətlərdə müxtəlif tədbirlər həyata keçirməyə başlamışdır. Əsas məqsəd burada yaşayan yerli xalq və millətlərin tarixini, dilini, həyat tərzini, mentalitetini, psixologiyasını, folklor və etnoqrafiyasını və s. öyrənməkdən ibarət idi. Elə həmin məqsədlə də Tiflisdə rus dilində “Qafqaz təqvimi”, “Qafqaz arxeoloji komissiyalarının aktları”, “Qafqaz dağlıları haqqında məlumatlar toplusu”, “Tiflis xəbərləri”, “Qafqaza dair materiallar toplusu” və s. qəzet, kitab və jurnallar nəşr edildi. Lakin 1881-ci ildən başlayaraq, Tiflisdə Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən rus dilində «Сборник материалов для описания местностей и племен Кавказа» – SMOMPK-un (“Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu” – QƏXTMT-in) nəşri Qafqaz xalqları, o cümlədən Azərbaycan xalqı üçün xüsusilə əlamətdar bir hadisə oldu. Toplu tezliklə özünün diyarşünaslıq, kulturoloji materiallarının çoxşaxəliliyinə, əhatə dairəsinin genişliyinə görə digər nəşrlərdən seçilirdi. Nəşr edilən materialların mövzu genişliyi toplunun əsasən üç şöbədən ibarət olan daxili quruluşuna da təsir göstərdi. Belə ki, diyarşünaslıq, kulturoloji aspektlərdə yazılmış məqalələr, əsasən, onun 1-ci 4 şöbəsinin, etnoqrafik və folklor materialları isə 2-ci və 3-cü şöbələrinin mövzularını təşkil etdi. 1881-1929-cu illər arasında nəşr edilən toplunun 46 buraxılışı (cildi) işıq üzü görmüşdür. Onun 44 buraxılışı Tiflisdə (1881-1915-ci illər), son iki – 45-ci və 46-cı buraxılışları isə (1926-cı və 1929-cu illər) Mahaçqalada nəşr edilmişdir. [1][2] SMOMPK-un bir çox buraxılışlarında sırf diyarşünaslıq, kulturoloji yönlü elmi məqalələrlə yanaşı, Azərbaycan şifahi xalq ədəbiyyatının əfsanə, rəvayət, atalar sözü və məsəllər, tapmacalar, lətifələr, nağıllar və s. kimi janrlarına aid örnəklər də işıq üzü görmüşdür. İrəvan şəhər gimnaziyasının müəllimi S.Zelinskinin toplunun 1881-ci ildə nəşr edilmiş 1-ci buraxılışındakı “Tatar atalar sözləri, məsəlləri, tapmaca və qadın adları” başlıqlı yazısı burada işıq üzü görmüş ilk Azərbaycan folklor materiallarıdır. Azərbaycan folklor janrlarından nağıllar, əfsanə və rəvayətlər, lətifələr, dastanların yurd yeri topluda yalnız rusca nəşr edildiyi halda, atalar sözləri və məsəllər, tapmacalar, aşıq şeirləri, nəğmələr və s. həm rus, həm də Azərbaycan dillərində işıq üzü görmüşdür (Topludakı yazıların adlarında və mətnlərdə işlənmiş “Tatar” sözü “Azərbaycan” kimi oxunmalıdır). Azərbaycan folklor örnəklərinin nəşr edildiyi buraxılışların müqəddimələrində onlardan elmi müstəvidə bəhs edilmiş, ayrı-ayrı xalqların müvafiq şifahi xalq ədəbiyyatı örnəkləri ilə qarşılaşdırılmış, onların müqayisəli-tipoloji aspektdə araşdırılması yolunda ilk addımlar atılmışdır.[2]
Azərbaycanın ayrı-ayrı bölgələrindən toplanan folklor nümunələri özünün rəngarəngliyi, janr biçimləri və çeşidlərinin spesifikası ilə xüsusi əhəmiyyət kəsb edir, xüsusən də XIX əsrin birinci yarısından sonrakı mərhələnin ümumi mənzərəsi haqqında dolğun təsəvvür formalaşdırır. Məsələn, “İlandağ haqqında əfsanə”, “Əshabi-kəhf dağı haqqında əfsanə”, “Xəsis qara çörək və Yezid təpəsi haqqında rəvayət”, “Məlik Məmməd və Məlik Cümşüd”, “Əvil Qasım və Əvil Məmməd”, “Şah Rüstəm”, “Şahzadə Qəmbər”, “Şah İsmayıl”, “Şərif” və s. kimi nümunələr xalqın yaddaşında olan folklor mətnlərinin ümumi məzmununu aydınlaşdırır.[3]
Azərbaycan folklorunun topluda geniş şəkildə təmsil edilməsi milli kimliyi təsdiqləyən amillərdən birinin və ən vacibinin məhz şifahi xalq ədəbiyyatı olduğunu dərindən dərk edən və buna görə də bu örnəklərin unudulmaması, itib-batmaması, qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi gərəkliyini irəlicədən görən ziyalılarımızın fədakar əməyi sayəsində mümkün olmuşdur. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunları olan Firudin bəy Köçərli, M.Mahmudbəyov, R.Əfəndiyev, S.M.Qənizadə, M.H.Əfəndiyev, M.H.Vəzirov, T.Bayraməlibəyov, H.K.Sanıyev, A.Qiyasbəyov və başqaları kimi təqribən 40 nəfər azərbaycanlı ziyalı və kənd müəllimi Azərbaycan folklor örnəklərini toplayıb yazıya almış, rus dilinə tərcümə etmiş və beləliklə də, Azərbaycan folklorunun adları bizə məlum olan ilk toplayıcıları kimi tarixə düşmüşlər. Azərbaycan folklorşünaslığının əsasını işləyib hazırlayan Hənəfi Zeynallı bu kimi ziyalı və kənd müəllimlərinin əməyinə son dərəcə yüksək qiymət verərək yazırdı: “Azərbaycan el ədəbiyyatı deyil, bütün Qafqaz miqyasında olaraq xalqlar tarixi, etnoqrafiyası və xalq ədəbiyyatı ilə məşğul olan Lopatinskinin ətrafında çalışan Azərbaycan müəllimlərinin adını həmin “Сборник материалов для описания местностей и племен Кавказа” məcmuələrində oxuduqca insanın heyrəti artır. O adamların nə qədər həvəsi, nə qədər qeyrəti varmış!.. Qəpik-quruş bir mükafata uzun-uzun hekayələri, mənzumələri türkcə toplayıb tərcümələri ilə bərabər Tiflisə göndərmişlər. Əlbəttə ki, xalq ədəbiyyatı tarixi yaradılarkən böylə adamların adları qızıl su ilə ən görkəmli yerdə yazılmalıdır!..”.[4]
H.Zeynallının SMOMPK-la əməkdaşlıq edən ziyalı və kənd müəllimlərimizin fəaliyyətinə verdiyi dəyər toplunun artıq o vaxtdan Azərbaycan elmi ictimaiyyətinin diqqət mərkəzində olduğunu göstərməkdədir.[1] Yerli azərbaycanlı ziyalı və müəllimlərlə yanaşı, rus və qeyri-rus maarif işçiləri − S.Zelinski, A.İoakimov, A.Kalaşev, N.Kalaşev, B.Veniaminov, K.A.Nikitin, P.A.Vostrikov və başqaları Azərbaycan folklor materiallarını yazıya alıb toplunun səhifələrində nəşr etdirməklə günümüzə çatdırmışlar.Toplu həmçinin Aşıq Oruc, Abdulla Əfəndiyev, İrza Miriyev, Salman Şərifbəyov, Əhməd Məlikov, İskəndər Şirinov, Aşıq İskəndər, Süleyman Cəfər oğlu, Zeynal bəy, Səftər Əzizov və başqa bu kimi ilk azərbaycanlı folklor söyləyicilərinin adlarını qoruyub oxuculara tanıtmaqdadır. Azərbaycanlı söyləyicilərin dilindən yazılmış folklor mətnləri ilk dəfə olaraq toplunun 1892-ci ildə nəşr edilmiş 13-cü buraxılışında yer almışdır. Topluda folkor örnəklərinin toplanılması və nəşri ilə bağlı proqram xarakterli materiallarına əsasən belə nəticə çıxarmaq olar ki, o, nəşrə başladığı ilk gündən öz fəaliyyət profilinə uyğun olaraq yerlərdə çalışan müəllimlərə diyarşünaslıq, kulturoloji istiqamətlərdə araşdırmalar aparılmasını tövsiyə edir və eyni zamanda, folklor örnəklərinin canlı ifadan toplanılmasını, yazıya köçürülməsini və rus dilinə tərcüməsini nəzərdə tuturdu. SMOMPK-u nəşr edən Qafqaz Tədris Dairəsi İdarəsi yerlərdə folklor materiallarının toplanılmasına xüsusi fikir vermiş və kənd müəllimlərinə bu işdə yardım etmək məqsədilə toplayıcılıq işinin əsas prinsiplərini ehtiva edən 12 bölmədən ibarət tövsiyə xarakterli proqram tərtib edib göndərmişdir. Həmin proqram toplunun 1-ci buraxılışında da yer almışdır.[2] Daha sonra SMOMPK-un 1882 və 1900-cu illərdə müvafiq olaraq nəşr edilmiş 2-ci və 27-ci buraxılışlarında bəzi əlavələr edilərək proqram daha da təkmilləşdirilmişdir. Bu baxımdan əsas proqrama əlavə olaraq toplunun 27-ci buraxılışında nəşr edilmiş “Rəvayət, nağıl, mövhumat adətləri və ənənələrinin öyrənilməsi üzrə bəzi suallar” adlı material xüsusi əhəmiyyət kəsb edirdi. Tövsiyə xarakterli belə materialların nəşri sonrakı illərdə müxtəlif janrlardan olan folklor materiallarının toplanılmasına, rus dilinə tərcüməsinə və nəşrinə geniş vüsət verdi. Azərbaycanın müxtəlif bölgə və kəndlərində çalışan yerli ziyalı və müəllimlər folklor örnəklərini yazıya alarkən və yaşadıqları və ya toplayıcılıq fəaliyyəti ilə məşğul olduqları ərazi haqqında topluya kulturoloji-diyarşünaslıq aspektlərindən məqalələr yazarkən sözügedən proqram-tövsiyələri rəhbər tutmuşlar və bu səbəbdən də onların məqalələri arasında mövzu, quruluş və s. cəhətlərdən müəyyən yaxınlıqlar, səsləşmələr nəzərə çarpır. Bu məqalələr həm də yaxından-uzaqdan toplunun daxili quruluşu ilə uyğunluq təşkil edir.[2]
“SMOMPK: Azərbaycan folkloru materialları” kitabının birinci cildində məcmuənin on bir nüsxəsində əhatə olunan Azərbaycan folkloru örnəkləri öz əksini tapmışdır. Azərbaycan folklor örnəkləri toplunun, əsasən, aşağıdakı buraxılışlarında yer almışdır:[2]
AMEA Mərkəzi Elmi Kitabxanası “Qafqaz Əraziləri və xalqlarının nağılları” adlı biblioqrafik göstəricisini dərc etmişdir. Göstəricidə 1881-1929 –cu illər ərzində Tiflisdə və Mahaçqalada tərtib və dərc olunmuş “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu”nda (SMOMPK ) əks olunmuş nağılların biblioqrafik göstəricisi əhatə edilmişdir.[5]
Kitabda biblioqrafik informasiyanın istifadəsini asanlaşdırmaq məqsədi ilə bir neçə adla informasiya axtarış aparatı tərtib edilmişdir.[6]
Toplayıcılar və söyləyicilər haqqında olan köməkçi aparat bölməsindəki müəlliflərin adları yalnız ilkin mənbədəki pasport qeydlərinə əsasən tərtib edilmişdir.
Biblioqrafik təsvirlərdəki məxəzlər mövzu istiqamətindən asılı olaraq bir neçə başlıq altında qruplaşdırılmışdır. Həmçinin Qafqazda yaşayan çoxsaylı xalqların adlarını əhatə edən xüsusi köməkçi bölmə də tərtib edilmişdir. Kitab tədqiqatçı alim və tələbələr üçün nəzərdə tutulmuşdur.[7]