Milliyətçi tarixşünaslıq — tarixşünaslığın siyasi legitimlik və mədəni kimliyə dair inanclar toplusu olan milliyətçilik ilə təsirlənmiş forması. Milliyyətçilik Avropada və XIX əsrdən etibarən Avropanın təsiri altına düşmüş keçmiş koloniyalarda tarixi yazı üçün əhəmiyyətli bir çərçivə təmin etmişdir. Bir qayda olaraq, rəsmi məktəb dərslikləri milliyətçi modelə əsaslanır və əsas diqqət milliyətçilik qüvvələrinin meydana çıxması, sınaqları və uğurları üzərində qurulur.[1]
XVIII və XIX əsrlər milliyətçi ideologiyaların meydana çıxması ilə nəticələnmişdir.[2][3][4] Con Breuilli qeyd etmişdir ki, "milliyətçiliyin tarixi əsası onun peşəkar akademik tarixi yazının yaranması ilə sıx əlaqələri ilə necə möhkəmlənmişdir".[5] Fransa inqilabı zamanı adi insanları qallar ilə eyniləşdirən milli kimlik hazırlanmışdı. Almaniyada İohann Qottfrid Herder və Yohann Qotlib Fixte kimi tarixçilər və humanistlər bu alman millətinin parçalanmış dövlətlərini birləşdirmək üçün siyasi hərəkatın əsasına çevrilən alman millətinin dil və mədəni kimliyini müəyyən etmişdilər.[6]
XIX əsr tarixçilərinin səyləri həm yeni milli dövlətlərin formalaşdırılmasına, həm də artıq mövcud olanların genişlənməsinə haqq qazandırmaq üçün intellektual əsaslar yaratmışdir.[7] Georq İqgersin qeyd etdiyi kimi, bu tarixçilər çox vaxt son dərəcə tərəfkeş idilər və "arxivə daxil olaraq onların milliyətçi və sinfi ön mülahizələrini dəstəkləyəcək və beləliklə də onlara elmi nüfuz aurası verəcək sübutlar tapmağa gedirdilər".[8] Pol Lourens də eyni fikirdədir və qeyd etmişdir ki, tarixçilər "çox vaxt hələ mövcud olmayan dövlətlərin millilik və siyasi müstəqillik iddiaları üçün tarixi əsas yaratmağa çalışırdılar".[9]