Tofiq Süleymanov (azərb. Tofiq Nuri oğlu Süleymanov; 10 iyul 1941, Cəbrayıl – 12 avqust 2018, Əbu-Dabi) — Azərbaycanlı kimyaçı alim, professor.
Tofiq Süleymanov | |
---|---|
Tofiq Nuri oğlu Süleymanov | |
Doğum tarixi | 10 iyul 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 12 avqust 2018 (77 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Tofiq Nuri oğlu Süleymanov 10 iyul 1941-ci ildə Cəbrayıl rayonu Karxulu kəndində anadan olmuşdur. 1948-ci ildə Karxulu kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuş, sonrakı illərdə təhsilini Maralyan kənd 7 illik məktəbində və Böyük Mərcanlı kənd orta məktəbində davam etdirmişdir. 1959-cu ildə orta məktəbi bitirərək 4 saylı texniki-peşə məktəbinə daxil olmuşdur. 1962–1964-cü illərdə Rusiyanın paytaxtı Moskva şəhərində Sovet Ordusu sıralarında — Mərkəzi Ordu İdman Klubunda xidmət etmişdir. Hərbi xidmətdə qeyri-adi bacarığı, çalışqanlığı ilə fərqlənmiş, sərbəst güləş üzrə SSRİ çempionu olmuş, SSRİ İdman Ustası fəxri adına layiq görülmüşdür. Tofiq Süleyman əsgəri xidmətdən sonra, Azərbaycana qayıtmış və Bakı şəhərində Leytenant Şmidt (indiki Səttərxan) adına Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakultəsinə daxil olmuşdur. Tələbəlik illərində təhsil aldığı universitetin ictimai-mədəni həyatında fəal iştirak etmiş, müəllim-professor heyətinin hörmətini qazanmışdır[1].
1970-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra institutun komsomol komitəsi katibinin birinci müavini vəzifəsində çalışmışdır. Lakin kimya elminə olan maraq onu Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna gətirmiş və burada kiçik elmi işçi vəzifəsində fəaliyyətə başlamışdır. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyası Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu "Yüksək molekullu polimerlər kimyası" üzrə aspiranturaya daxil olmuş, 1979-cu ildə Leninqrad (indiki Sank-Peterburq) Elmlər Akademiyası Yüksək molekullu Polimerlər İnstitutunun professoru İ. S. Lisanskiy və Azərbaycan EA-nın müxbir üzvü, professor A. M. Quliyevin elmi rəhbərliyi altında dissertasiya müdafiə etmiş və kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1974–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyası Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Fotoelektronika İnstitutunda çalışmışdır. 1987–1989-cu illərdə SSRİ EA Üzvi kimya (Moskva) İnstitutunun doktorantı olmuş, "Pirolizin səmərələşdirilmiş şəraitində aşağı molekullu doymamış, aromatik karbohidrogenlərin alınması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildə kimya üzrə professor elmı adını almış və Ali Hərbi Akademiyanın Elmi Şurasının üzvi olmuş alimin 1974–1993-cü illərdə elmi-tədqiqat işlərindən bəhs edən 40-dan çox məqaləsi respublikamızın, eləcə də xarici ölkələrin elmi jurnallarında, Ali Hərbi Məktəblərdə çalışdığı dönəmlərdə isə 60-dan cox elmi-metodiki məqaləsi, məruzə və çıxışları Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Belorusiya, Birləşmiş Ərəb Əmirliklərinin hərbi, elmi dərgilərində çap olunmuşdur. 1993-cü ildə Azərbaycan Müdafiə Nazirliyinin əmri ilə Bakı Ali Dənizçilik Məktəbinə müəllim göndərilmiş, sonralar baş müəllim, dosent, Ali Hərbi Məktəbin Elmi Şurasının qərarı ilə professor vəzifəsinə seçilmişdir. 2003-cü ilə qədər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin professoru və Elmi Şurasının üzvü olmuş, 2004-cü ildən isə respublika Müdafiə Nazirliyinin əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin "Taktika" kafedrasında çalışmışdır.
Tofiq Süleymanovun kimya və hərbi sənaye sahəsində kəşf və ixtiraları, elmi uğurları bir çox beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallara layiq görülmüş, müxtəlif diplomlar və fəxri ödüllərlə təltif olunmuşdur. Alimin elmi-tədqiqat işləri müasir texnikanın müxtəlif sahələrində, cihazqayırma, gəmiqayırma, maşınqayırma, hərbi sənayedə, xüsusilə hərbi texnikada fotoqəbuledici cihazların istehsalında tətbiq edilmiş, 15-dən çox elmi ixtirasına müəlliflik şəhadətnaməsi verilmişdir. Bir neçə il ardıcıl olaraq keçirilən hərbi-elmi sınaqlardan sonra SSRİ Kəşflər və İxtiralar Komitəsi alimin yeni metodlarına patentlər verərək, qeydə almışdır. Tofiq Süleymanovun əldə etdiyi elmi kəşflər məhz SSRİ Müdafiə Nazirliyi tərəfindən gizli kod altında həyata keçirilən hərbi silahların hazırlanmasında istifadə edilmişdir[1].
Ömrünü elmə həsr etmiş kimyaçı alim, kimya üzrə elmlər doktoru, professor Tofiq Süleymanov bir sıra beynəlxalq forum, konfrans və simpoziumlarda: Sant-Peterburq (Leninqrad, SSRİ, 1981), Nalçik (Kabarda Balkar Muxtar Respublikası, 1982), Bratislava (Çexslovakiya, 1983), Riqa (Latviya, 1983), Tallin (Estoniya, 1984), Moskva (SSRİ,1985), Minsk (Belorusiya, 1991), Kiyev (Ukrayna, 1992), Əbu-Dabi (BƏƏ, 1994), Ankara (Türkiyə, 2000), İstanbul (Türkiyə, 2001) və s. şəhərlərdə elmi məruzələrlə çıxış etmişdir.
4 Azərbaycan və 3 Rusiya patentinin, 5 monoqrafiya, xeyli sayda elmi-metodiki kitabların, məqalələrin, eləcə də, dərs vəsaitlərinin müəllifi olan kimyaçı alim Tofiq Süleymanov kimya sahəsində göstərdiyi xidmətlərə görə dəfələrlə SSRİ Elmlər Akademiyası, SSRİ Müdafiə Nazirliyi, Azərbaycan Elmlər Akademiyası, Azərbaycan Müdafə Nazirliyinin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik Məktəbinin, D. İ. Mendeleyev adına Kimyaçılar Cəmiyyətinin, Səudiyyə Ərəbistanın Elmi Araşdırmalar Fondunun, Əbu-Dabi Dövlət Universitetinin fəxri fərmanları ilə təltif olunmuşdur.
Tofiq Süleymanov 12 avqust 2018-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində vəfat etmişdir.