Trevis Skott (əsl adı: Jak Berman Vebster II; 30 aprel1991[1][2], Hyuston, Texas, ABŞ[2]) — amerikalı repçi, müğənni, mahnı yazarı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" da daxil olmaqla çoxsaylı mükafata layiq görülüb, üstəlik səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. O, 2023-cü ilə qədər ABŞ-də 49 milyondan çox albom satmağa nail olmuşdur.[7]
Trevis 2012-ci ildə Epic Records ilə müqavilə imzalayıb, bunun ardınca o, 2013-cü ildə "Owl Pharaoh" adlı ilk miksteypini çıxarıb. Onun ikinci miksteypi "Days Before Rodeo" növbəti il 2014-cü ildə buraxılıb. 2015-ci ildə yayımladığı ilk albomu "Rodeo" ona geniş tanınma qazandırıb, alboma daxil olan "Antidote" sinqlı "Billboard" hit-paradında yuxarı cərgələrdə qərarlaşıb. İkinci albomu "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb, və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb.
Trevisin üçüncü albomu "Astroworld" 2018-ci ildə işıq üzü görüb, Dreyk ilə birgə ifa etdiyi "Sicko Mode" albomun ən çox sevilən treklərindən biri olub. Trevis növbəti il 2019-cu ildə "Jackboys" kompilasiya albomunu dinləyicilərinə təqdim edib. 2023-cü ildə, uzun müddətdir gözlənilən dördüncü albomu "Utopia"nı yayımlayıb.
Trevis Skott Nike, Dior və McDonald's kimi şirkətlərlə tərəfdaşlıq edib. 2017-ci ildə "Cactus Jack" adlı leybl şirkətinin əsasını qoyub. Don Toliver və Sheck Wes kimi sənətçilər bu şirkətlə müqavilə imzalayıblar. 2021-ci ilin noyabrında Trevis Skottun Hyustonda baş tutan "Astroworld" festivalı faciə ilə nəticələnib. Konsert zamanı yaranan izdihamda 10 nəfər ölüb, çox sayda insan yaralanıb. Trevis bu hadisəyə görə tənqidlərlə üzləşib. O, konserti dayandırmağa cəhd etməməkdə ittiham olunub.[8][9][10]
Trevis Skott 1991-ci il aprelin 30-da Texas ştatının Hyuston şəhərində anadan olmuşdur.[11][12] Bir yaşından altı yaşına qədər Hyustondakı South Park bölgəsində nənəsi ilə yaşamışdır. Onun uşaq vaxtı yaşadığı məhəllə təhlükəli idi və cinayətlərlə tanınırdı. Bu mühit Trevisə erkən uşaqlıq illərində pis təsir etmişdi. Özü bu haqda danışıb: "Uşaq vaxtı nənəmlə məhlədə yaşayırdım və orada olduqca dəlisov şeylərin baş verdiyinin şahidi olmuşdum. Qaldığım yerdə hər cürə başdan xarab var idi, avara, evsiz-eşiksiz, ac, murdar, nə desən. Uşaq olanda özümə söz vermişdim ki, bu xarabadan çıxıb getməliyəm. Bu pis mühit və qarşılaşdığım çətinliklər hazırda olduğum sərt insan kimi formalaşmağıma səbəb olub".[13]
Trevis valideynləri ilə birlikdə yaşamaq üçün onların yanına, Hyuston yaxınlığındakı orta səviyyəli bir şəhərətrafı bölgə olan Missuri-Siti şəhərinə köçür. Anası Apple-da işləyir, atası da öz biznesinə sahib idi.[14] Trevisin atası soul musiqisi ifa edirdi, babası isə caz bəstəkarlığı ilə məşğul olurdu.[15] Trevis orta təhsilini Elkins High School-da alıb və buranı on yeddi yaşında başa vurmuşdur.[16] Orta məktəb illərində musiqili teatr tamaşalarında iştirak etmişdir.[17] Trevis Skott ali təhsil almaq üçün San-Antoniodakı Texas Universitetinə daxil olmuşdur. O, musiqi karyerasına diqqət cəmləmək üçün ikinci kursda buranı yarımçıq qoymalı olur.[18][19]
Müsahibədə repçi öz səhnə adını sevimli əmisinin adı Travis ilə ən böyük ilhamlarından biri olan Kid Cudi (əsl adı Scott Mescudi) ilə birləşdirərək seçdiyini bildirir.[20]
Trevis Skott 2017-ci ilin aprel ayında media şəxsiyyəti və iş qadını Kayli Cenner ilə romantik münasibətə başlayıb.[21] 2018-ci ilin fevral ayında onların qızı Stormi dünyaya gəlib.[22][23] Kayli Cenner Trevisin "Astroworld" albomunda yer alan "Stop Trying to Be God" mahnısının klipində çəkilmişdir.[24] Onlar 2019-cu ilin sentyabrında ayrıldılar,[25] lakin COVID-19 pandemiyası zamanı qızlarına baxmaq üçün yenidən birlikdə yaşamağa qərar verdilər.[26] Bu müddət ərzində onlar münasibətlərini bərpa etdilər. 2021-ci ilin sentyabr 7-də Kayli Cenner, Trevis Skott ilə ikinci övladlarını gözlədiklərini bildirdi və bir müddətdir yayılan şayiələri təsdiqlədi.[27] 2022-ci ilin fevral ayında Cennerin Aire adlı oğlu oldu.[28][29][30] 2023-cü ilin yanvarında cütlük ikinci dəfə ayrılıb.[31]