Trevis Skott (əsl adı: Jak Berman Vebster II; 30 aprel1991[1][2], Hyuston, Texas, ABŞ[2]) — amerikalı repçi, müğənni, mahnı yazarı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" da daxil olmaqla çoxsaylı mükafata layiq görülüb, üstəlik səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. Trevis 2023-cü ilə qədər ABŞ-də 49 milyondan çox albom satmağa nail olmuşdur.[7]
O, universiteti buraxmış və musiqiçi kimi karyera qurmaq üçün əvvəlcə Nyu-Yorka, daha sonra Los-Ancelesə köçüb. 2012-ci ildə repçi T.I. Trevisin mahnılarını eşitdikdən sonra onunla tanış olub. 2012-ci ildə Trevis onun leyblı olan Grand Hustle ilə müqavilə bağlayıb.[8]
Trevis Skott 2012-ci ildə Epic Records-a qoşulub. 2013-cü ildə "Owl Pharaoh" adlı debüt miksteypini çıxarıb. Həmin il o, Kanye Vestin musiqi şirkəti olan Good Music-də prodüser kimi işə başlayır.
Onun sayca ikinci miksteypi olan "Days Before Rodeo" sonrakı il 2014-cü ildə işıq üzü görüb. Trevis Skott 2015-ci ildə debüt studiya albomu olan "Rodeo"nu yayımlayıb. Bu albom ona geniş tanınma qazandırıb. Albomun trek siyahısında yer alan sinql "Antidote", Billboard Hot 100 çartında 16-cı mövqeni tutub. Trevisin ikinci studiya albomu olan "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb.
Trevisin üçüncü albomu "Astroworld" 2018-ci ildə çıxıb. Dreyk ilə birgə ifa etdiyi "Sicko Mode" bu albomun ən uğurlu treklərindən biri olub. Trevis növbəti il 2019-cu ildə "Jackboys" adlanan kompilasiya albomunu dinləyicilərinə təqdim edib. 2023-cü ildə o, uzun müddətdir gözlənilən dördüncü albomu "Utopia"nı yayımlayıb.
Trevis Skott Nike, Dior və McDonald's kimi şirkətlərlə tərəfdaşlıq edib. 2017-ci ildə "Cactus Jack" adlı leybl şirkətinin əsasını qoyub. Don Toliver və Sheck Wes kimi sənətçilər bu şirkətlə müqavilə imzalayıblar. 2021-ci ilin noyabrında Trevis Skottun Hyustonda baş tutan "Astroworld" festivalı faciə ilə nəticələnib. Konsert zamanı yaranan izdihamda 10 nəfər ölüb, çox sayda insan yaralanıb. Trevis bu hadisəyə görə tənqidlərlə üzləşib. O, konserti dayandırmağa cəhd etməməkdə ittiham olunub.[9][10][11]
Trevis Skott 1991-ci il aprelin 30-da Texas ştatının Hyuston şəhərində anadan olmuşdur.[12][13] Bir yaşından altı yaşına qədər Hyustondakı South Park bölgəsində nənəsinin yanında yaşamışdır. Onun uşaq vaxtı yaşadığı bu məhəllə yüksək cinayət nisbətlərilə tanınırdı. Bu mühit Trevisə erkən uşaqlıq illərində pis təsir göstərmişdir. Özü bu haqda danışıb: "Uşaq vaxtı nənəmlə yaşadığım bu məhlədə olduqca dəlisov şeylərin baş verdiyinin şahidi olmuşdum. Orada hər cürə başdan xarab var idi, avara, evsiz-eşiksiz, ac, murdar, nə desən. Uşaq olanda özümə söz vermişdim ki, bu xarabadan çıxıb getməliyəm. Bu pis mühit və üzləşdiyim çətinliklər hazırda olduğum sərt və dözümlü bir insan kimi formalaşmağımda mühüm rol oynayıb.".[14]
Trevis valideynləri ilə birlikdə yaşamaq üçün onların yanına, Hyuston yaxınlığındakı orta səviyyəli bir şəhərətrafı bölgə olan Missuri-Siti şəhərinə köçür. Anası Apple-da işləyir, atası da öz biznesinə sahib idi.[15] Trevisin atası soul musiqisi ifa edirdi, babası isə caz bəstəkarlığı ilə məşğul olurdu.[16] Trevis orta təhsilini Elkins High School-da alıb və buranı on yeddi yaşında başa vurmuşdur.[17] Orta məktəb illərində musiqili teatr tamaşalarında iştirak etmişdir.[18] Trevis Skott ali təhsil almaq üçün San-Antoniodakı Texas Universitetinə daxil olmuşdur. O, musiqi karyerasına diqqət cəmləmək üçün ikinci kursda buranı yarımçıq qoymalı olur.[19][20]
Müsahibədə repçi öz səhnə adını sevimli əmisinin adı Travis ilə ən böyük ilhamlarından biri olan Kid Cudi (əsl adı Scott Mescudi) ilə birləşdirərək seçdiyini bildirir.[21]
Onun boyu 177sm-dir. O, Chance The Rapper və ASAP Rocky ilə eyni boydadır. 2016-cı ildə o, Quavo ilə "Huncho Jack" adlı superqrup yaratmışdır. Qrupun adı Quavo-nun ləqəbi olan Huncho ilə Trevisin leyblının adı olan Cactus Jack Records-un adının birləşməsindən meydana gəlib.
2017-ci ilin aprel ayında media şəxsiyyəti və iş qadını Kayli Cenner repçi Tyga-dan ayrılaraq Trevislə romantik münasibətə başlayıb.[22] 2018-ci ilin fevral ayında onların qızı Stormi dünyaya gəlib.[23][24] Trevis övladını dünyaya gətirdiyinə görə 20 yaşlı Kayliyə təşəkkür kimi 1.4 milyon dollarlıq LaFerrari hədiyyə edib.[25]
Kayli Trevisin "Astroworld" albomunda yer alan "Stop Trying to Be God" mahnısının videosunda çəkilmişdir.[26] Onlar 2019-cu ilin sentyabrında ayrıldılar,[27] lakin COVID-19 pandemiyası zamanı qızlarına baxmaq üçün yenidən birlikdə yaşamağa qərar verdilər.[28] Bu müddət ərzində onlar münasibətlərini bərpa etdilər. 2021-ci ilin sentyabr 7-də Kayli Cenner, Trevis Skott ilə ikinci övladlarını gözlədiklərini bildirdi və bir müddətdir yayılan şayiələri təsdiqlədi.[29] 2022-ci ilin fevral ayında Cennerin Aire adlı oğlu oldu.[30][31][32] 2023-cü ilin yanvarında cütlük ikinci dəfə ayrılıb.[33]