Tsubouçi Şoyo (坪内 逍遥?, 22 may 1859[1], Ota-cuku[d] – 28 fevral 1935[2][3][…], Tamai[d]) – Yaponiya tərcüməçisi, tənqidçisi, dramaturqu və romançısı. Yaponiya ədəbiyyatının və teatrının modernləşdirilməsinin qabaqcılı olmuşdur.
Tsubouçi Şoyo | |
---|---|
yap. 坪内逍遥 | |
Doğum tarixi | 22 may 1859[1] |
Doğum yeri | |
Vəfat tarixi | 28 fevral 1935[2][3][…] (75 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, tərcüməçi, roman yazıçısı, universitet müəllimi[d], dramaturq, rejissor, teatr rejissoru, ədəbiyyat tənqidçisi, pedaqoq |
Fəaliyyət illəri | 1885–1916 |
Vikianbarda əlaqəli mediafayllar |
Tsubouçi Şoyo 1859-cu ildə Yaponiyanın Mino əyalətində yerləşən Ota kəndində Tsubouçi Yuzo adı ilə doğulmuşdur. Ovari klanına mənsub olan Tsubouçi Heynoşinin 10-cu oğlu idi. Ayçi İngilis Məktəbini bitirdikdən sonra 1876-cı ildə Tokioya köçərək hazırlıq məktəbinə daxil olmuşdur.[4] 1883-cü ildə Tokio Universitetini bitirərək Vaseda Universitetinin professoru olmuşdur. 1891-ci ildə universitetin "Vaseda Bunqaku" adlı ədəbi jurnalının redaktoru təyin olunmuşdur.[5] 1896-cı ildə Vaseda orta məktəbini, 1920-ci ildə Vaseda Universitetində mədəniyyət təşkilatı təsis etmişdir. 1899-cu ildə doktorluq dərəcəsini vermiş, 1915-ci ildə Vaseda Universitetinin emerit-professoru olmuşdur.[4]
Şoyo yaradıcılıq fəaliyyətinə tərcüməçiliklə başlamışdır. Universitetdə oxuduğu dövrdə Qərb müəlliflərinin, xüsusilə, ingilis romantiklərinin əsərlərini oxumuşdur.[5] Valter Skott və Eduard Bulver-Litton kimi bəyəndiyi yazıçıların əsərlərini yapon dilinə tərcümə başlamışdır.[4] Vilyam Şekspirin əsərlərini tərcümə edərək 1883–1928-ci illərdə nəşr etdirmişdir.[5]
Şoyo Qərb ədəbiyyatının əsərlərini tərcümə edərkən yapon ədəbiyyatının geridə qaldığına inanmışdır. O, yapon ədəbiyyatının müasirləşdirilməsi və Edo dövrünün ənənələrinin tərk edilməsi fikrini müdafiə etmişdir. Şoyoya görə ədəbiyyat müstəqil sənət sahəsi olmalı və siyasi romanlardan uzaqlaşılmalıdır. O, müasir qurma, modern ənənə və üslublar, obyektiv təsvir, fəlsəfi dərinlik və psixoloji realizm kimi elementlərdən istifadə edərək yapon ədəbiyyatının modernləşdirilməsi fikrini ortaya atmış, bu fikirlərini 1885–1886-cı illərdə nəşr etdirdiyi "Romanın məğzi" (Seyci Şosetsu) adlı tənqidi kitabında əks etdirmişdir. Şoyonun konsepsiyasında plenar realizm əsas yer tuturdu.[5]
Şoyo öz ideyalarını nümayiş etdirmək və tətbiq etmək üçün 1885–1890-cı illərdə 9 ədəbi əsər yazmışdır. "Tosey şosey kataqi" (1885–1886), "İmo to sekaqami" (1886), "Matsu no uçi" və "Sakuin" (1888) ən tanınmış ədəbi əsərləridir. Bu əsərlər özlərində realizm elementlərini əks etdirsə də, streotipləşmiş xarakterizasiya və süniləşmiş sonluq kimi çatışmazlıqlara malik olmuş, bu səbəbdən Şoyo öz məqsədlərini tam formada gerçəkləşdirə bilməmişdir. O, 1888-ci ildə dramaturgiyaya yönəlmiş və pyeslər yazmağa başlamışdır. O, "Vaqakuni no şiqeki" (1893–1894) və "Şinqakuqeki ron" (1904) kimi esselərdə siyasi utilitarizmi tənqid etmiş,[5] dramın müstəqil və ciddi janr olmalı olduğu fikrini müdafiə etmişdir. Populyar teatrın vulqar əyləncədən uzaqlaşmalı olduğunu bildirmiş, Qərb və ənənəvi teatr elementlərinin birləşdirilməsi ilə yeni dram üslubunun yaradılması fikrini vurğulamışdır.[5]
Şoyo teatr sahəsindəki ideyalarını tətbiq etmək üçün 1894–1920-ci illərdə müxtəlif forma, uzunluq və yenilikdə olan dram əsərləri ortaya çıxarmışdır.[5] 1896-cı ildə "Kiri no ha" kabuki tamaşasını,[6] 1904-cü ildə "Şinkyoku Uraşima" adlı əsas pyesinin yazmışdır. Onun cəhdləri yapon teatrını yeni istiqamətə doğru aparmışdır.[5]
1928-ci ildə Vaseda Universitetinin nəzdində açılmış Tsubouçi Şoyo Memorial Teatr Muzeyi onun adını daşıyır. Şoyo muzeyin açılışında iştirak edən şəxslərdən biri olmuşdur. Muzey Asiyada tamamilə teatra həsr olunmuş yeganə muzeydir. Muzey Şoyonun Şekspir haqqında mühazirə verdiyi anı əks etdirən, Eysaku Haseqava tərəfindən hazırlanmış büstü yerləşir.[7]