Tufandağda alpinistlərin itkin düşməsi — 2017-ci ilin 23 dekabr tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış 3 alpinistin itkin düşüməsi ilə nəticələnən hadisə. “Gilavar” İdman Klubunun üzvləri olan alpinistlər 23 dekabrda yürüşə çıxıblar. Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadə adlı alpinistlərlə sonuncu əlaqə 24 dekabrda axşam saatlarında saxlanılıb.
Tufandağda alpinistlərin itkin düşməsi | |
---|---|
Tarix | 23 dekabr, 2017 |
Yeri | Tufandağ, Qusar |
Səbəbi | Qar uçqunu |
İştirakçılar |
Namin Bünyatzadə Babur Hüseynov Fəridə Cəbrayılzadə |
Nəticəsi | 3 nəfər həlak olub |
Axtarışları Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya Nazirliyinin və FAİREX-in (Azərbaycan Hava və Ekstremal İdman növləri federasiyası) üzvlərindən ibarət komanda həyata keçirib. Tufandağ dəniz səviyyəsindən 4 071 metr yüksəklikdədir. Xilasedicilər itkin düşmüş alpinistlərin 2,5 min metr yüksəklikdə olduqlarını ehtimal edirdilər.[1] Hadisənin baş verməsindən on gün sonra alpinistlərin axtarışı üzrə davam edən əməliyyat fonunda Azərbaycan Respublikası Baş Prokurorluğu səhlənkarlıq maddəsi ilə bağlı cinayət işinin açıldığını elan edib.[2]
Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb. FHN-nin aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.
6 yanvar tarixində itkin düşmüş alpinistlərin axtarışına xarici mütəxəssislərdə cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri hadisə rayonunda olub.[3]
2018-ci ilin 20 yanvar tarixinə olan son məlumatlara əsasən alpinistlərin tapılması mümkün olmayıb. Axtarışlara Avstriya və Türkiyədən də mütəxəssislər cəlb olunmuşdur.
2018-ci il mayın 16-da saat 18:00 radələrində axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib.[4] Həmin gün 19:00 radələrində isə daha 2 meyit (kişi və qadın) aşkar edilib.[5]
Qrupun üzvlərindən olan 1990-cı il təvəllüdlü Babur Hüseynov Daşkənddə anadan olub. 2017-ci ilin 4-8 sentyabr arası Gürcüstanda yerləşən Kazbek dağına (5047 metr) çıxıb. Bir çox hikinglərə rəhbərlik edib. Ötən il dekabr ayında Şahdağ platosunda yerləşən "İlham" zirvəsinə (4042 metr) dostları ilə birgə yürüş edib.
Həmin komanda 4 nəfərdən ibarət olub. Namin Bünyatov da yürüşdə iştirak edib. Şaxtalı hava şəraitinə baxmayaraq onlar zirvəyə çıxmağı bacarıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı olan Babur Hüseynov polis leytenantıdır. O, bir neçə günlüyünə işdən icazə alaraq, səfərə gedib.
Qrupda olan digər alpinist 1990-cı il təvəllüdlü Fəridə Cəbrayılzadə müxtəlif alpinizm yarışlarında iştirak edib. Velosiped idman növü ilə məşğul olan Fəridə, fotoqrafiya sahəsinə də maraq göstərib. Qrupda yaşca ən böyük olan Namin Bünyadov 1983-cü ildə anadan olub. Namin Bünyadov sənaye alpinizmi ilə məşğul olub. O, xarici şirkətlərin birində yüksəklikdə yerləşən elektrik xətlərinin çəkilişi və quraşdırılması üzrə çalışıb.
Tufandağda itkin düşən alpinistlərin axtarışına könüllülər də qoşulub. "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin məlumatına görə, çağrışa 150-dən artıq şəxs cavab verərək gənclərin axtarışına qoşula biləcəyini deyib, ancaq onlardan 10 uyğun şəxs seçilib.
"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyası həftənin çərşənbə günü sosial şəbəkələrdə müraciət edərək hazırlıqlı gəncləri köməyə çağırmışdı.
"Seçilmiş şəxslərin ilk qrupu bütün lazımi avadanlıqla təmin olunub və axtarış aparılan zonaya yola salınıb. İkinci qrupun da yola salınması üçün hazırlıqlar davam edir. Bütün bu fəaliyyətlər aidiyyatı dövlət orqanları ilə koordinasiya olunur", açıqlamada deyilir.
Amma artıq axtarışa qoşulmaq istəyən könüllülərin müraciətləri qəbul olunmayacaq, təşkilatlar bildirib. Klub əlavə edir ki, könüllülərin işini alpinistləri axtaran dövlət qurumları koordinasiya edəcək.[2]
İtkin düşən alpinistlərin axtarışına cəlb olunan Avstriya Daxili İşlər Nazirliyinin xilsaetmə polisi, alpinist Adolf Harrer axtarış işləri barəsində bildirib:
Vəziyyət ondan ibarətdir ki, alpinistlər 10 gündür ki, itkin düşüb. Hazırda axtarış xilasetmə əməliyyatının əllərindən gələni edirlər. Lakin onu da nəzərə almalıyıq ki, həmin ərazidə hava şəraitinə və qar uçqununu görə vəziyyət çox riskli və təhlükəlidir. Onların sağ qalıb, qalmayacaqları barəsində bir şey demək çətindir. Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətlərdə hərəkət ediblər. Və yaxud özlərini xilas etmək üçün nə ediblər. Lakin ümidin olub-omamasına qiymət verə bilmərəm. |
Fövqəladə Hallar Nazirliyi Tufandağda itkin düşənlərin axtarışına hazırlığı və təcrübəsi olmayan şəxslərin qoşulmasını təhlükəli sayır. Qurumun yaratdığı Əməliyyat Qərargahı yaydığı məlumatda bildirir ki, itkin düşən gənclərin axtarışı mürəkkəb relyefi olan yüksək dağ massivində aparılır.
Eləcə də meteoroloji şəraiti nəzərə alaraq nazirlik xəbərdarlıq edir ki, müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmamış, həmçinin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə getməsi onların həyatı üçün təhlükəlidir.[2]
2018-ci il mayın 16-da saat 18:00 radələrində axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib.[4] Həmin gün 19:00 radələrində isə daha 2 meyit (kişi və qadın) aşkar edilib.[5]