Tural Əliyev

Tural Əliyev (Tural Məhəmməd oğlu Əliyev; 31 dekabr 1986, Qazax rayonu) — Azərbaycanlı zorxana ustası; sərbəst güləş üzrə Azərbaycanın əməkdar məşqçisi; güləş üzrə 1-ci kateqoriyalı beynəlxalq dərəcəli hakim; idman ustası[1]; Avropa və dünya çempionatının qalibi, dünya kubokunun sahibi[2], IV İslam Həmrəyliyi Oyunlarında gümüş medalçısı.

Tural Əliyev
Şəxsi məlumatlar
Tam adı Tural Məhəmməd oğlu Əliyev
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Doğum tarixi (37 yaş)
Doğum yeri Aslanbəyli, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
İdman növü Güləş, Zorxana
Medallar

Tural Əliyev 31 dekabr 1986-cı ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur[3].

Birinci sinifə doğma kəndində getsə də, az sonra ailəvi olaraq Sumqayıt şəhərinə köçüblər. Bundan sonra o, təhsilinə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə davam etdirmişdir[3].

Qazax rayonunda yaşadığım kənddə əvvəl ancaq karate var idi; ona görə də idmana karate ilə başlamışdır[3]. Sumqayıta köçdükdən sonra atası güləşə çox həvəsli olduğu üçün onu qardaşı ilə birlikdə güləşə qoymuşdur[3]. Beləliklə o, 1996-cı ildən sərbəst güləşlə məşğul olmağa başlayır[1]. Eyni zamanda özünün futbola da həvəsi olduğu üçün güləşlə yanaşı futbola da gedir. Lakin bir gün onu futbolda görməsindən sonra güləş məşqçisi Firdovsi müəllimi Turala deyir ki, "ya güləşi, ya da futbolu seç." Tural da atasına görə güləşi seçir və idman növü ilə məşğul olmağa davam edir[3].

Sərbəst güləş üzrə 2007-ci ildə keçirilən respublika çempionatında çiynindən aldığı zədə onun bir il ərzində idmandan kənarda qalmasına səbəb olur. Müalicəsi başa çatdıqdan sonra isə o, zorxananın pəhləvan güləşinə həvəs göstərir[4]. Onun bu növdə ilk yarışı 2009-cu ilin Azərbaycan çempionatı olur və həmin turnirdə qızıl medal qazanır[4]. Bu uğurlu nəticədən sonra məşqçilər onu milli komandaya cəlb edirlər.

İlk dəfə 2009-cu ildə Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa çempionatında qalib gələrək Avropa çempionu olur[3]. 2011-ci ildə isə Litvanın Şaulyay şəhərində[5] və 2014-cü ildə Belarusun Minsk şəhərində zorxana pəhlivan güləşi üzrə 90 kq çəki dərəcəsində Avropa çempionu olmuşdur[1].

2009-cu ildə Bakıda, 2010-cu ildə Türkiyənin Konya şəhərində, 2011-ci ildə Belarusun Minsk şəhərində 90 kq çəkidə dünya kubokunun sahibi olmuşdur[1].

2016-cı ildə Qırğızıstanın Çolpan-ata şəhərində keçirilmiş köçəri dünya oyunlarında 90 kq çəkidə 2-ci yeri tutmuşdur[1].

Tural Əliyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına qatılmışdır. Komanda yarışlarında o, Məmmədi Salamov, Orxan Xanlarov, Rüfət GülalıyevXəyyam Orucov ilə birlikdə 2-ci yeri tutmuş və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib olmuşdur.

Tural Əliyev sərbəst güləş üzrə 25 yaşında Əməkdar məşqçi adına layiq görülüb[3]. Həmçinin güləş üzrə beynəlxalq dərəcəli hakimdir.

Dünya üzrə 3 il (2009, 2010, 2011) ardıcıl olaraq ilin ən yaxşı pəhləvanı, güləşçisi, Azərbaycanın isə 6 il ən yaxşı idmançısı seçilmişdir[3].