Xəyyam Orucov

Xəyyam Hüseyn oğlu Orucov (6 fevral 1981, Vardenis rayonu) — Azərbaycanlı zorxana ustası, 4 qat Avropa çempionu, 2 qat Dünya kubokunun sahibi, 6 qat dünya çempionatının mükafatçısı, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş, 1 bürünc mükafatçısı, Beynəlxalq dərəcəli hakim, Beynəlxalq dərəcəli məşqçi, Yığma komandanın baş məşqçisi (2014–2017), Yığma komandanın böyük məşqçisi (2017-ci ildən).[1][2]

Xəyyam Orucov
Şəxsi məlumatlar
Tam adı Xəyyam Hüseyn oğlu Orucov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (43 yaş)
Doğum yeri Vardenis rayonu
Ermənistan Sovet Sosialist Respublikası Ermənistan SSR
Təhsili
İdman növü Zorxana
Karyera illəri 2007 – h. h.
Medallar

Xəyyam Orucov 6 fevral 1981-ci ildə Ermənistanın Vardenis rayonunda anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistandan köçkün düşüb, Şəmkir rayonunda yerləşiblər. 1988–1998-ci illərdə Şəmkir rayonu Sarıtəpə kənd orta məktəbində təhsil almışdır. Uşaq vaxtından Sərbəst güləş idman növü ilə məşğul olmuşdur. 1998–2002-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. 2002-ci ildə akademiyanı bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 2003-cü ildə hərbi xidmətini başa vurmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Güləşmə və onun metodikası" kafedrasında işə qəbul olub. 2010-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına ikinci ali təhsil almaq üçün qəbul olub. 2014-cü ildə akademiyanın bakalavr pilləsini bitirib "Bədən Tərbiyəsi və İdmanda tibbi-bioloji təminat və reablitasiya" ixtisası üzrə magistr pilləsinə qəbul olmuşdur. 2016-cı ildə magistr pilləsini bitirmişdir. 2016-cı ildən həmin akademiyanın "İdmanın təkmübarizlik növləri" kafedrasında müəllim vəzifəsində çalışır. 2016–2017-ci illərdə Azərbaycan İslam Həmrəyliyi Oyunları təşkilat komitəsində Zorxana və Pəhləvan güləşi üzrə yarış təşkilatçısı və məsləhətçi işləmişdir. 2021-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının doktorantura ali təhsil səviyyəsinə qəbul olmuşdur.

Xəyyam Orucov 2007-ci ildən Zorxana və Pəhləvan güləşi idman növü ilə professional məşğul olur.

2009-cu ilin mart ayında Zorxana və Pəhləvan güləşi üzrə Bakıda keçirilən ilk Dünya kubokunun qalibi olmuşdur.

2009-cu ildə Zorxana və Pəhləvan güləşi üzrə yığma komandanın məşqçisi vəzifəsinə təyin olunmuşdur.

2009-cu ilin dekabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa çempionatında I yerə çıxmışdır (2 qızıl, 1 gümüş).

2009–2014-cü illərdə Azərbaycan Zorxana İdman Federasiyasında Milli yığma komandanın məşqçisi olmuşdur.

2010-cu ildə Beynəlxalq dərəcəli hakim adı almışdır. 2010-cu ilin oktyabr ayında Türkiyədə keçirilən Dünya kubokunda III yer tutmuşdur (3 bürünc).

2011-ci ilin may ayında Litvanın Şyaulyay şəhərində keçirilən Avropa çempionatında I yer tutmuşdur (3 qızıl).

2011-ci ilin dekabr ayında Belarusiyanın Minsk şəhərində keçirilən Dünya kubokunda I yer tutmuşdur (1 qızıl, 2 gümüş).

2014-cü ilin iyul ayında Belarusiyanın Minsk şəhərində keçirilən Avropa çempionatında I yer tutmuşdur (3 qızıl).

2014-cü ildə Beynəlxalq dərəcəli məşqçi adı almışdır.

2014-cü ildə Zorxana və Pəhləvan güləşi üzrə yığma komandanın baş məşqçisi vəzifəsinə təyin olunmuşdur.

2015-ci ilin fevral ayında Tacikistanın Düşənbə şəhərində keçirilən Dünya kubokunda II yer tutmuşdur (3 gümüş).

2016-cı ilin oktyabr ayında İndoneziyanın Cakarta şəhərində keçirilən Dünya çempionatında II yer tutmuşdur (2 gümüş, 1 bürünc).

2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Mil bazi yarışlarında bürünc, mil səngin yarışlarında isə gümüş medala layiq görüldü. Komanda yarışlarında isə o, Məmmədi Salamov, Orxan Xanlarov, Rüfət GülalıyevTural Əliyev ilə birgə 2-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.[3]

2017-ci ildə Beynəlxalq Zorxana İdman Federasiyası tərəfindən "İlin ən yaxşı məşqçisi" adına layiq görülmüşdür.[4]

2018-ci ilin avqust ayında Belarusiyanın Minsk şəhərində keçirilən Avropa çempionatında 2 qızıl qazanmışdır.

2020-ci ilin yanvar ayında İran İslam Respublikasının Bocnurd şəhərində keçirilən Dünya çempionatında 1 gümüş, 2 bürünc qazanmışdır.

İşlədiyi dövrdə çoxlu sayda Dünya, Avropa çempionları və mükafatçıları yetişdirmişdir. İslam Həmrəyliyi Oyunlarında iştirak edən Rüfət Güləliyev (1 qızıl, 1 gümüş), Orxan Xanlarov (2 gümüş, 1 bürünc) və Məmmədi Salamov (1 gümüş və 1 bürünc) Xəyyam Orucovun tələbələridir.

  1. "Xəyyam Orucov". 2021-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-22.
  2. "Zorxana və pəhlivan güləşi idman növü üzrə böyük məşqçi – Xəyyam Orucov". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
  3. "Azərbaycan idmançısı Xəyyam Orucov zorxana yarışlarının gümüş medalına layiq görülüb". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
  4. "Xanımların yaxın düşmədiyi milli idman növü". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.