Rüstəm xan Xoyski (5 noyabr 1888, Yelizavetpol – 1948, Moskva) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri. General-leytenant İskəndər xan Xoyskinin oğlu, Fətəli xan Xoyskinin və Hüseynqulu xan Xoyskinin kiçik qardaşıdır.
Rüstəm xan Xoyski | |
---|---|
26 dekabr, 1918 – 14 mart, 1919 | |
Əvvəlki | Musa bəy Rəfiyev |
Sonrakı | Viktor Klenevski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 noyabr 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 1948 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | dövlət qulluqçusu, siyasətçi |
Atası | İskəndər xan Xoyski |
Rütbəsi | general |
Əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olan, sonradan Şəkidə məskunlaşan Xoyski ailəsinə mənsub Rüstəm xan, 1888-ci ilin 5 noyabr tarixində Gəncə şəhərində dünyaya gəlmişdir. Onun atası İsgəndər xan Xoyski Rusiya İmperator Ordusunda general olmuşdur.[1]
Gəncə Gimnaziyasını bitirdikdən sonra 1913-cü ildə Sankt-Peterburq Universitetinin hüquq fakültəsindən məzun olmuşdur.[2]
Ali təhsilini bitirdikdən sonra Gəncə və Bakıda hakim köməkçisi vəzifəsində çalışmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gedən yolda iştirak etmiş və azadlıq hərəkatının aktiv üzvlərindən biri olmuşdur.[3] 1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra formalaşan nazirlər kabinetində dövlət məsələləri üzrə nazir portfelinə sahib olmuşdur. Böyük qardaşı Fətəli xan Xoyski AXC-nin III hökumət kabinetini formalaşdırdığı zaman Rüstəm xan himayədarlıq naziri kimi çalışmışdır.[2][3] Bundan əlavə, II Yusifbəyli hökumətində səhiyyə nazirinin müavini vəzifəsində çalışmışdır.
28 aprel işğalından sonra Rüstəm xan Bakıda qalmış və Azərbaycan SSR Ali İqtisadi Şurasının rəyasət heyətinin katibi vəzifəsində çalışmışdır.[4] Bundan əlavə, o, Bakı və Moskvada korperativ hüquqşünas kimi də işləmişdir.[3]
Sonralar Moskvaya köçmüş və 1948-ci ildə orada vəfat etmişdir. Rüstəm xan Xoyski Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.[3][2][5]
Rüstəm xanın atası İsgəndər xan Xoyski Rusiya İmperator Ordusunda general olmuşdur. O, İsgəndər xanın Şəhribanu xanım Molla Hacı Zeynal qızı Şəkili ilə olan ikinci evliliyindən olan oğludur. Bu evlilikdən İsgəndər xanın Rüstəm xandan başqa, Hüseynqulu xan, Fətəli xan, Abbasqulu xan adlı oğlanları, Tubu bəyim adlı qızı olmuşdur.
Qardaşı Hüseynqulu xan Azərbaycan Xalq Cumhiriyyəri dövründə Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylinin müavini idi. 28 aprel işğalından sonra öncə İrana, oradan da Türkiyəyə köçmüş, 1955-ci ildə orada vəfat etmişdir. Digər qardaşı Fətəli xan isə, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı (1917–1918) nəzdində xalq maarif komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasının (1918) ədliyyə naziri. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk nazirlər şurası sədri (1918–1919) və daxili işlər naziri (1918) təyin edilmişdir, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində çalışmışdır.