V İohann (imperator)

V İohann Paleoloq (yun. Ἰωάννης Παλαιολόγος, Iōánnēs Palaiológos; 18 iyun 1332, Dimetoka, Bizans imperiyası16 fevral 1391, Konstantinopol) — Bizans imperatoru.[2][3]

V İohann
yun. Ιωάννης Ε' Παλαιολόγος
19 noyabr 1341 – 12 avqust 1376
ƏvvəlkiIII Andronik
SonrakıIV Andronik
1 iyul 1379 – 14 aprel 1390
ƏvvəlkiIV Andronik
SonrakıVII İohann
17 sentyabr 1390 – 16 fevral 1391
ƏvvəlkiVII İohann
SonrakıII Manuel
Şəxsi məlumatlar
Doğum tarixi 18 iyun 1332
Doğum yeri
Vəfat tarixi 16 fevral 1391 (58 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xəstəlik
Fəaliyyəti rəhbər
Atası III Andronik (imperator)
Anası Savoyyalı Anna (imperatriça)
Həyat yoldaşı
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

18 iyun 1332-ci ildə Dimetokada dünyaya gəldi. Atası Bizans imperatoru III Andronik, anası isə Savoyya qrafı V Amadeyin qızı Anna idi. 1341-ci ildə atası III Andronik tutulduğu malyariya xəstəliyi səbəbilə vəfat etdi və hələ 8 yaşındakı İohann imperator elan olundu. Ancaq uşaq yaşlarında olduğu üçün yeni imperatorun yerinə ölkəni kimin idarə edəcəyi müəmmalı idi. Mərhum atasının ən yaxın adamı və daxili siyasətdəki ən güclü dəstəkçisi olan İohann Kantakuzin və anası Savoyyalı Anna əsas naib namizədləri idi. İkisi arasında davam edən 1341-1347 vətəndaş müharibəsi İohann Kantakuzinin qələbəsi ilə nəticələndi. Nəticədə o, VI İohann adıyla ortaq imperator elan olundu. Vətəndaş müharibəsi əsnasında anası Savoyyalı Anna özünə muzdlu hərbi birlik toplamaq məqsədilə 1343-cü ildə Bizans imperatoruna məxsus mühüm zinyət əşyalarını 30 min duka qızıl qarşılığında Venesiya Respublikasına girov göndərdi. Bu borc gələcəkdə V İohannın Venesiyada həbs olunmasına səbəb olacaq.

Onun ilk səltənəti vəba epidemiyasının yayılmasıyla da anılır. Belə ki, 1346-1349-cu illərdə Qara ölüm minlərlə insanın ölümünə səbəb oldu.

1353-cü ildə VI İohann öz oğlu Matvey Kantakuzini də ortaq imperator edərək öz ailəsi adından Bizans taxt-tacında haqq iddia etməyə başladı. Buna qarşı çıxan V İohann dərhal serblərlə ittifaq quraraq topladığı birliklərlə Kantakuzinləri məğlub etdi. 10 dekabr 1354-cü ildə ələ keçirilən imperator VI İohann bütün taxt hüquqlarından məhrum edildi və qalan ömrünü yaşaması üçün kilsəyə həbs olundu. Döyüş meydanından qaçırılan oğlu Matvey Kantakuzin isə 1357-ci ildə serblər tərəfindən əsir alınaraq Bizans ordusuna satıldı və o da, taxt hüququndan məhrum edilərək həbs edildi. Kantakuzin ailəsinə qarşı güclənmək məqsədilə, V İohann qızlarından İrinanı Osmanlı sultanı Orxan Qazinin oğlu Xəlil bəylə evləndirdi.

Bütün bu hadisələr zamanı Anadoluda güclənən Osmanlılar artıq Avropa qitəsində irəliməyə başlamışdılar. Süleyman Paşa əmrindəki Osmanlı birlikləri Adrianapol (indiki Ədirnə) və Filibos (indiki Plovdiv) şəhərlərini ələ keçirmiş, Bizans imperiyasını xərac verməyə məcbur etmişdi. Artan Osmanlı təzyiqinin qarşısını almaq məqsədilə V İohann müttəfiq axtarışına başladı və bu məqsədlə, 1366-cı ildə Macarıstan kralı I Lüdoviki ziyarət etdi. Ancaq kral ona yalnız katolik məzhəbini qəbul etməsi qarşılığında ittifaqa qoşulacağını bildirərək geri çevirdi. Ancaq başqa çarəsinin olmadığını anlayan V İohann 1367-ci ildə Roma papası V Urbana məktub yazaraq Konstantinopol Patriarxlığının artıq Roma-Katolik kilsəsinin təbəəliyini qəbul etdiyini və iki məzhəb arasındakı düşmənliyin artıq sona çatmasını arzuladığını bildirdi. Bununla qalmayan V İohann 1369-cu ilin oktyabrında Neapol üzərindən Romaya gedərək rəsmi mərasimlə katolik məzhəbini qəbul etdi və Romanı ziyarət edən son Bizans imperatoru olaraq tarixə düşdü. Ancaq onun bu davranışı iki məzhəbi birləşdirmək əvəzinə, aradakı uçurumu daha da genişləndirdi.

Romadan geri dönüş yolunda ikən vaxtilə borclu olduğu Venesiya Respublikası tərəfindən ələ keçirilərək həbs olundu. 1371-ci ildə Osmanlı sultanı Murad Hüdavəndigarın təbəəliyini qəbul etdi. O əsnada imperator Osmanlı ordusuyla birlikdə Rumelidə idi və bundan istifadə edən oğlu Andronik atasının əleyhinə üsyan başlatdı. Sultan Muradın o əsnada Bursada olan oğlu Savcı bəylə birləşən Andronikin üsyanı 1373-cü ilin mayında baş tutdu. Savcı bəy özünü Bursada sultan, Andronik isə Konstantinopolda imperator elan etdi. Ancaq Bizans mənbələrinə görə, 25 may 1373-cü ildə baş tutan çatışmada hər ikisi məğlub edildi. Andronik atasının birliklərinə təslim olsa da (30 may), bir gözü kor edildi və taxtdan məhrum edilərək kiçik qardaşı Manuel varis elan olundu.[4][5]

Ancaq 3 il sonra - 1376-cı ilin iyulunda genuyalıların dəstəyilə oğlu Andronik həbsdən qaçdı və Osmanlı sultanı Murad Hüdavəndigara sığınaraq Gelibolu yarımadasının təhvil verilməsi qarşılığında ittifaq təklif etdi. Osmanlı sultanı onun bu təkifi qəbul etdi və nəticədə, V İohann və oğlu Manuel Konstantinopolda həbs olundular. Öz oğlu VII İohannı da ortaq imperator təyin edən IV Andronik taxta çıxdıqdan sonra isə ittifaq şərtlərini pozaraq yarımadanı Venesiyalılara tərk etdi. Artan narazılığın sonunda Osmanlı sultanı Murad Hüdavəndigarın müdaxiləsi ilə V İohann və oğlu Manuel 1 iyul 1379-cu ildə həbsdən çıxarıldı və hakimiyyətləri bərpa olundu. IV Andronik isə qaçaraq gizləndi və 1381-ci ildə bağışlanaraq yenidən ortaq imperator elan olundu. 1386-cı ildə qızlarından Mariyanı Osmanlı sultanı Murad Hüdavəndigarla, adı bilinməyən digər 2 qızını isə sultanın oğlanları Şahzadə BəyazidŞahzadə Yaqubla evlədirərək münasibətləri daha da sıxlaşdırdı.

1390-cı ildə isə nəvəsi VII İohann qısa müddətlik hakimiyyəti ələ aldı və aparılan mübarizədə məğlub edildi. Konstantinopolda hakimiyyətini bərpa edən V İohann çox keçmədən 16 fevral 1391-ci ildə vəfat etdi.

28 may 1347-ci ildə naibi və ortaq imperatoru olan VI İohann Kantakuzinin qızı Helena ilə evləndirildi. Cütlüyün 10 övladı dünyaya gəldi.

  • Nicol, Donald M. (1993). The Last Centuries of Byzantium, 1261-1453. Cambridge: Cambridge University Press. ISBN 9780521439916
  • Fine, John Van Antwerp (1994). The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman Conquest. Ann Arbor: University of Michigan Press. ISBN 978-0-472-08260-5
  1. Lundy D. R. John V Palaeologus, Emperor of Constantinople // The Peerage (ing.).
  2. Nicephorus Gregoras. Byzantine History. Vol. 1. Saint Petersburg. 1862
  3. Grierson, Philip (1999). Catalogue of the Byzantine Coins in the Dumbarton Oaks Collection and in the Whittemore Collection: Michael VIII to Constantine XI, 1258-1453. Dumbarton Oaks. p. 95. ISBN 978-0-88402-261-9
  4. F. Dölger, "Zum Ausstand Andronikos gegen seinem Vater Johannes V. im Mai 1373", a.e., XIX (1961), s. 328–332.
  5. O. Halecki, Un emperour de Byzance à Rome, Warszawa 1930, s. 82–85, 169–212, 233, 241–309.