Vergi dərəcəsi (ing. Tax rate) — vergi məbləğinin vergiyə cəlb edilən gəlirin və ya obyektin dəyərinə nisbətidir.[1] O, müxtəlif vergi növləri üzrə fərqli olur və iqtisadi,[2] sosial və hüquqi amillərdən asılı olaraq təyin edilir. Vergi dərəcələri adətən qanunvericiliklə müəyyən edilir və müxtəlif ölkələrdə fərqli ola bilər.
Vergi dərəcələri dövlətin iqtisadi siyasətini əks etdirir və gəlirləri, istehlakı və investisiyaları stimullaşdırmaq və ya məhdudlaşdırmaq üçün istifadə edilə bilər.[3]
- Sabit dərəcə (ing. Flat Rate) — gəlirdən və ya mənbədən asılı olmayaraq, hamıya eyni faiz tətbiq edilir. Məsələn gəlirin 10%-i sabit vergi dərəcəsi kimi müəyyən edilə bilər.[4]
- Proqressiv dərəcə (ing. Progressive Rate) — gəlir və ya dəyər artdıqca vergi dərəcəsi yüksəlir. Məsələn ilk 10.000 manata 10%, sonrakı 20.000 manata 15%.[5]
- Reqressiv dərəcə (ing. Regressive Rate) — gəlir və ya dəyər artdıqca vergi dərəcəsi azalır. Bu nadirən istifadə edilir, lakin dolaylı vergilərdə təsadüf edilə bilər (məsələn, ƏDV və ya aksiz vergisi).
- Mütləq dərəcə (ing. Absolute Rate) — müəyyən məbləğ üzrə sabit vergi tətbiq edilir. Məsələn torpaq vergisi üçün hər hektar üçün 2 manat.[6]
Vergi dərəcələri Vergi Məcəlləsi ilə tənzimlənir. Əsas vergi növləri və onların dərəcələri:[7]
- Gəlir vergisi (fiziki şəxslər üçün) — aylıq gəlir 2.500 manatadək olduqda — 14%. 2.500 manatdan çox olduqda: 350 manat + 25% (2.500-dən yuxarı olan məbləğə tətbiq edilir).
- Mənfəət vergisi (hüquqi şəxslər üçün) — ümumi mənfəətin 20%-i
- Əlavə Dəyər Vergisi (ƏDV) — ümumi dərəcə — 18%. Bəzi mallar və xidmətlər üçün sıfır (0%) dərəcə tətbiq edilir (ixracat malları kimi).
- Sadələşdirilmiş vergi — Bakı şəhərində 4%, digər bölgələrdə 2%.
- Torpaq vergisi — torpağın kateqoriyasından və yerləşməsindən asılı olaraq hər hektar və ya kvadrat metr üçün sabit məbləğ.
- Aksiz vergisi — spirtli içkilər, tütün məhsulları və avtomobillər kimi mallara tətbiq olunur. Dərəcələr məhsulun növünə görə fərqlidir.