Xədicə Şükriyə Sultan (24 fevral 1906, İstanbul – 1 aprel 1972, İstanbul) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Xədicə Şükriyə Sultan | |
---|---|
osman. شکریه سلطان | |
Şəxsi məlumatlar | |
Doğum adı | خديجه شُكريَّه سلطان |
Doğum tarixi | |
Doğum yeri | Çamlıca köşkü, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Dəfn yeri | Sultan Mahmud türbəsi, İstanbul |
Fəaliyyəti | əsilzadə |
Atası | Yusif İzzəddin Əfəndi |
Anası | Ləman Ünlüsoy |
Həyat yoldaşları |
Mehmed Şərafəddin Əfəndi Əhməd Əl-Cabir Əs-Sabah Mehmed Şəfiq Ziya |
Ailəsi | Osmanlı xanədanı |
Şükriyə Sultan 24 fevral 1906-cı ildə atasına məxsus Çamlıca köşkündə dünyaya gəldi. Atası Sultan Əbdüləzizin oğlu İzzəddin Əfəndi, anası isə onun son xanımı Ləman Ünlüsoydur. Hələ 10 yaşında ikən atası İzzəddin Əfəndi Zincirlikuyudakı köşkündə ölü olaraq tapıldı. Ölüm səbəbi intihar nəticəsindəki qan itkisi olaraq göstərilsə də, İttihadçılar tərəfindən qətlə yetirilməsi haqqında fərziyyələr də var. Atasının vəfatından sonra 4 ay boyunca anası, bacısı Mihrişah Sultan və qardaşı Nizaməddin Əfəndiylə birlikdə Dolmabağça sarayında qonaq edildilər və bu müddət ərzində Sultan Rəşad tərəfindən atasının mirası bölüşdürüldü.
Şükriyə Sultan hələ 17 yaşında ikən Sultan Əbdülməcidin nəvəsi (Süleyman Əfəndinin oğlu) Şərafəddin Əfəndiylə nigahlandı. Cütlüyün toy mərasimi 14 noyabr 1923-cü ildə Nişantaşı köşkündə baş tutdu. Ancaq cəmi bir neçə ay sonra - 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Şükriyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Paris şəhəri oldu. Ancaq bir il sonra cütlük Beyruta köçdü və 1927-ci ildə burada boşandılar.
Boşandıqdan sonra o və bacısı Mihrişah Sultan İsgəndəriyyədə yaşayan Lütfiyə Sultanın yanına köçdülər. Burada ikən Şükriyə Sultan Küveyt əmiri Əhməd Əs-Sabahla evləndi. Toy mərasimi 4 sentyabr 1935-ci ildə Qahirədə baş tutan cütlük cəmi 2 il sonra boşandı.
10 fevral 1938-ci ildə Zivər Paşanın oğlu Midhat bəylə nişanlansa da, bu evlilik heç vaxt baş tutmadı. 1944-cü ildə xəlifə Əbdülməcidin vəfatından sonra ailə rəisliyi seçimlərində Şükriyə Sultan, o əsnada bacısı Mihrişah Sultanın gizli münasibət saxladığı Fərrux Əfəndini dəstəklədi. Buna baxmayaraq Əhməd Nihad Əfəndi ailə rəisi seçildi.
1949-cu ilin aprelində Şükriyə Sultan Mehmed Şəfiq Ziya bəylə (d. 1894 - ö. 1980) evləndi. 1952-ci ildə çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıdan Şükriyə Sultan 1 aprel 1972-ci ildə burada vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsinə — atasının yanına dəfn olundu.
Heç bir evliliyindən övladı olmayan Şükriyə Sultanın vəfatının ardından sonuncu əri Mehmed Şəfiq Ziya bəy bir başqa Osmanlı xanım sultanıyla — Əbdülqadir Əfəndinin qızı Nəslişah Sultanla evləndi.