Osmanlı sülaləsi, Osmanlı imperiyasını təqribən 600 il idarə edən xanədandır. Osmanlılar, Osmanoğulları, Âl-i Osman və Hanədan-ı Âl-i Osman olaraq da bilinir. Sülalə adını, Osmanlı bəyliyinin qurucusu olan Osman Qazidən alıb. Osmanlı sülaləsinin 1299-cu ildə başlayan idarəsi, 1922-ci ildə Ankara Hökuməti ləğv etmişdir.
Osmanlı xanədanı | |
---|---|
türk. Osmanlı Hanedanı | |
Ölkə | |
Banisi | Osman Qazi |
Sonuncu hökmdar |
VI Mehmed Vahidəddin (Osmanlı İmperiyasının sultanı)
|
Hazırkı rəhbər | Harun Osman Osmanoğlu |
Əsası qoyulub | 1299 |
Milliyyət | Türk (kişi nəsli) |
Titullar | |
Padşah Sultan Bəy Xan Qazi Şahzadə Xaqan Xəlifə |
|
Vikianbarda əlaqəli mediafayllar |
Osmanlı xanədanı Oğuzların Qayı boyuna mənsub idi. Bir uc bəyliyi olaraq tarix səhnəsinə çıxışından etibarən lazım olan dini, ictimai və iqtisadi dəyişiklikləri etməkdən çəkinməyən Osmanlı bəyliyi qısa bir müddət içərisində köklü bir dövlət halına gəldi. Dövrünün şərtlərinə görə çox qısa deyilə biləcək zamanda tarixin əksini dəyişdirəcək qədər böyüyən bu dövlətin inkişafını sadə və əsaslı təsadüflərlə izah etməyə çalışmaq mümkün deyildir.
Osmanlı dövlətinin əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik əyalətinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirmiş və öz paytaxtına çevirmişdir. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlətin qurucusu və Osmanlı sülaləsinin banisi Osman bəy olmuşdur.
1299-cu ildə Osmanlı dövlətini yaradan Osman Qazinin əsas planlarından biri Bursa şəhərini ələ keçirmək idi. Osmanlı qoşunları 1314-cü ildə Bursanı mühasirəyə aldılar. Qala olduqca güclü müdafiə olunurdu. Osmanın oğlu Orxan Qazinin başçılıq etdiyi ordu mühasirəni müvəffəqiyyətlə davam etdirirdi. On iki illik müqavimətdən sonra 1326-cı ildə qala təslim oldu. Bursanın fəthi Osmanlı tarixində böyük dönüş nöqtəsinə çevrildi. Bursa şəhəri 1329-cu ildə gənc dövlətin paytaxtı oldu. Osmanlılar həmişəlik olaraq Mərmərə dənizinin Anadolu hissəsinə yiyələndilər.
Osman Qazinin vəfatından sonra hakimiyyətə gələn Orxan Qazi (1326–1359) dövlət quruculuğu işləri ilə də məşğul olmağa başladı. O, dövlətin hakimiyyət orqanlarını və vəzifələrini müəyyənləşdirdi. Ölkə vilayətlərə və dairələrə bölündü. Orxan Qazinin ən yaxın məqsadlərindən biri də mühüm iqtisadi və strateji əhəmiyyətə malik olan Konstantinopolu ələ keçirmək idi. Bunu üçün isə ilk növbədə Nikeya şəhərini tutmaq lazım gəlirdi. 1329-cu ildə osmanlılar bir sıra məntəqələri ələ keçirdikdən sonra Nikeya şəhərini mühasirəyə aldılar. Osmanlıların bu yürüşü Bizansın ciddi narahatlığına səbəb oldu. Maltəpə adlandırılan yerdə baş vermiş döyüşdə Bizans ordusu darmadağın edildi. Nikeya şəhəri təslim oldu. Şəhər İznik adlandırıldı. Bununla da Bizans Anadoludakı güclü dayaqlarından birini itirdi. 1337-ci ildə Nikomediya şəhəri də Osmanlı dövlətinin tərkibinə qatıldı. Bu şəhər isə İzmit adlandırıldı. Beləliklə, Osmanlı dövlətinin sərhədləri Konstantinopola qədər genişləndi və Egey dənizi sahillərinə qədər olan ərazi osmanlıların nəzarəti altına keçdi. XIV əsrin 30-cu illərində Bizansda güclü daxili çəkişmələr baş verdi. Bizans imperatoru kömək üçün osmanlılara müraciət etməyə məcbur oldu. Kömək üçün göndərilmiş 20 minlik qoşun qiyamçı serbləri darmadağın etdi. 1354-cü ildə Gelibolu və ətrafdakı Bizans qalaları ələ keçirildi. Bu qələbə nəticəsində osmanlılar Balkanlarda əlverişli strateji mövqe qazandılar.
Orxan Qazidən sonra hakimiyyətə Sultan I Murad (1359–1389) gəldi. O, Osmanlı dövləti tarixində ilk dəfə olaraq sultan titulunu qəbul etdi. Sultan I Murad Balkanlarda fəthləri davam etdirdi. 1361-ci ildə Ədirnə, Şərqi Frakiyanın qonşu bölgələri, Plovdiv, Sofiya, Şumen, Nis şəhərləri ələ keçirildi. Ədirnə Osmanlı dövlətinin paytaxtına çevrildi. Bu zaman Balkan yarımadasında üçüncü böyük dövlət Bizans idi. Lakin Bizans özünün keçmiş hərbi qüdətini itirmişdi. Onun dənizsahili vilayətlərində venesiyalılar və genuyalılar ağalıq edirdilər. onlar Bizans ticarətini də öz əllərinə keçirmışdilər.
XIV əsrdə Balkan yarımadasındakı dövlətlər həm daxildə gedən feodal ara müharibələri, həm də həmin dövlətlərin öz aralarında gedən mübarizə nəticəsində zəifləmişdilər. 1370-ci ildə Bizans, sonra isə Bolqarıstan osmanlılardan asılılığı qəbul etməyə məcbur oldular. Balkan yarımadasında osmanlılara müqavimət göstərə biləcək yeganə güclü dövlət Serbiya idi. 1371-ci il sentyabrın 26-da osmanlılar Çirmən döyüşündə serbləri ağır məğlubiyyətə uğratdılar. Serbiya osmanlılardan asılılığı qəbul etməyə , hər il müəyyən miqdarda əsgər və vergi verməyə məcbur oldu. Serb çarı Lazar osmanlılara qarşı mübarizə üçün qüvvələrini səfərbər etdi. Osmanlılarla serblər 1389-cu il iyunun 25-də Kosova çölündə qarşılaşdılar. Sultan Muradın ordusu üç istiqamətdə yerləşmişdi. Bu döyüşdə osmanlılar misilsiz qələbə qazandılar. Serb çarı Lazar öldürüldü. Lazarın döyüş zamanı əsir düşmüş yeznəsi Miloş Obiliç riyakarcasına bildirdi ki, o, İslam dinini qəbul etmək qərarına gəlmişdir. Bu münasibətləsultaın ayağını öpmək istəyir. Muradın yanına gəlməyə nail olan Miloş xaincəsinə qəflətən Sultan Muradın üstünə atilaraq onu ölümcül yaraladı.
Özünü sultan elan edən I İldırım Bəyazid (1389–1402) Serbiyanın müstəqilliyinə son qoydu. Nəticədə Osmanlı dövlətinin sərhədləri qərbdən Dunay çayının sahillərinə qədər genişləndirildi. XIV əsrin sonuna yaxın Bosniyanın çox hissəsi də osmanlıların hakimiyyəti altına düşdü. Osmanlılar Albaniyaya da daxil oldular. 1396-cı il sentyabrın 25-də Bolqarıstan ərazisində Niqbolu(Nikopol) şəhəri yaxınlığında Avropa səlibçiləri ilə döyüşdə osmanlılar qələbə qazandılar. Bununla da bütün Bolqarıstanın işğalı başa çatdırıldı. İldırım Bayazidin Qaraman bəyliyini, Sivası, Malatyanı ələ keçirməsi nəticəsində Osmanlı hakimiyyəti Şərqi Avropaya qədər yayıldı və qüdrətli Osmanlı imperatorluğu yaranmağa başladı. Osmanlı fəthlərini yüngülləşdirən əsas səbəblərdən biri də xristian dövlətlərində feodalların zülmündən cana doymuş zəhmətkeş xalq kütlələrinin, ilk növbədə kəndlilərin osmanlılara nəinki müqavimət göstərməməsi, hətta çox vaxt könüllü olaraq onların tərəfinə keçməsi idi. Osmanlılar vergiləri bir qədər yüngülləşdirir, ayrı-ayrı dinlərə etiqada maneçilik göstərmirdilər. Osmanlılar fəth etdikləri ərazidə ilk olaraq asayiş və intizamı, hər bir adamın şəxsi və mülki təhlükəsizliyini təmin edirdilər. Bundan başqa, xalqın dini inanc və ibadətinə heç bir müdaxilə edilmir, dini toxunulmazlığına isə təminat verilirdi. Balkanlarda bütün torpaqlar xristian feodallarına məxsus idi. Bu isə kəndlilərin yarımkölə vəziyyətində qalmasına səbəb olmuşdu. Bizans dövləti vergi toplamaq qüdrətində olmadığı üçün vergilərin toplanması yerli feodallara tapşırılmışdı. Onlar isə xalqla daha pis rəftar edirdilər. osmanlıların isə tabe etdikləri ərazilərdə bu məşhur prinsip hakim olurdu: "Mülk Allahındır. İnsanların torpağa sahib olmaq haqqlarını o bilir, bunu da dövlət qərarlaşdırır". Beləliklə, osmanlıların fəth etdiyi ərazilərdə kəndli bu və ya digər feodalın deyil, dövlətin kəndlisi olurdu. Buna görə də Balkan xalqları qüvvətli mərkəzləşdirilmiş dövlət olan Osmanlı idarəsində yaşamağı üstün tuturdular.
XIV əsrin sonlarında Bayazid Bizansın Balkanlardakı sonuncu dayağı olan Konstantinopolu fəth etməyə hazırlaşırdı və bu məqsədlə də Asiya sahillərində Anadoluhisar qalasını tikdirdi. Lakin gözlənilmədən Bizansa şərqdən kömək gəldi. XV əsrin əvvəllərində Osmanlı imperatorluğunun başı üzərini təhlükə aldı. Digər qüdrətli türk cahangiri Əmir Teymur Kiçik Asiyaya yürüş etməklə Aydınoğullar, Germian, Saruxanoğullar və Mentəşə bəyliklərində öz müstəqilliklərini bərpa etmək istəyi yaratdı.
Bayazid Konstantinopolun mühasirəsi ilə məşğul olduğu zaman Əmir Teymur Şərqi Anadoluya girərək, Sivası, sonra isə Malatyanı tutdu və Dəməşqə qədər irəlilədi. Məmlükləri özünə tabe etdi. Sonra isə Kiçik Asiyanı tərk edib Azərbaycana qayıtdı. Teymur 1402-ci ildə təkrar Anadoluya yürüş ütdi. Bu dəfəki hədəf Osmanlı dövlətinin torpaqları oldu. İldırımın ordusunun bir hissəsi Konstantinopolun mühasirəsi, bir hissəsi isə Anadolu qalalarının müdafiəsi ilə məşğul olduğundan, Teymura qarşı sayca xeyli az hərbi qüvvə toplamışdı. Teymurun ordusunda isə döyüş filləri də var idi. 1402-ci il iyulun 28-də Ankara düzənliyində orta əsrlərin bəlkə də ən böyük döyüşü baş verdi. Teymur qələbə çaldı. Bayazid və onun iki oğlu əsir düşdü. Teymurun qələbəsində öz müstəqilliklərini bərpa etmək istəyən Anadolu bəyliklərinin xəyanəti də mühüm rol oynamışdı. Teymur Osmanlı dövlətini zəiflətmək üçün bəyliklərin müstəqilliklərini bərpa etdi.
Osmanlıların hakimiyyəti altında olan əraziləri isə Bayazidin dörd oğlu arasında bölüşdürdü. Bayazidin oğulları arasında gedən hakimiyyət mübarizəsi Osmanlı dövlətini xeyli zəiflətdi. Ankara döyüşü bütün türk dünyasının faciəsi idi. Teymur özü də bilmədən Avropanı Osmanlı imperatorluğundan xilas etdi və bütün türk dünyasının gələcək faciəsi üçün zəmin hazırladı.
1403-cü ildə Bayazid zəhər içib özünü öldürdü.
I İldırım Bəyazidin (1389–1402) ölümündən sonra, oğullarından Süleyman Rumelidə, İsa Çələbi Balıkəsirdə, Mehmet Çələbi Amasiyada və Musa Çələbi Bursada padşahlıq elan etdilər. Nəticədə Çələbi Mehmet tək hökmdar vəziyyətinə gəldi. Ancaq 1421-ci ildə onun vəfatından sonra yerinə oğlu II Murad keçdi.
Sultan II Muradın (1421–1451) hakimiyyəti dövründə Osmanlı dövləti əvvlki qüdrətini bərpa etdi. Qardaşı Mustafanın üsyanını yatırdı. Bizansı işğal etdi. Venediklilərlə döyüşdü. Eğriboza və Moraya axınlar edildi. 1430-cu ildə Selanik, venediklilərdən alındı. Əflak və Serbiya yenidən Osmanlı dövlətinə qatıldı. (1437) Həmideli, Daşeli, Konya, Bəyşəhər alındı. Il Murad taxtı oğlu Mehmetə verdi. Bu isə Xaçlı Birliyinin yeni basqınlarına səbəb oldu. II Murad Osmanlı ordusunun başına təkrar geçib, 1444-cü ildə Varna yaxınlığında Yanos Hundayinin başçılq etdiyi birləşmiş macar və çex qoşunlarını darmadağın etdi. 1448-ci ildə ikinci Kosovo döyüşündə türklər Yanos Hundayinin başçılıq etdiyi səlibçi qüvvələrini də məğlub etdilər. II Murad buradan Albaniyaya səfər etdi. Akçahisar mühasirəyə alındı, amma alına bilmədi.
1451-ci ildə II Murad öləndən sonra yerinə oğlu II Mehmed (1451–1481) padşah oldu. II Mehmed 1453-cü ilin yazında Konstantinopolu qurudan mühasirəyə aldı. Osmanlılar öz gəmilərini Mərmərə dənizinə yeritdilər. Bu vaxt Bizans imperiyası böhran keçirirdi. Fasiləsiz saray çəkişmələri və hakimiyyət uğrunda mübarizə mərkəzi hakimiyyəti zəiflətmiş, maliyyə sistemini pozmuş, ordunu döyüş qabiliyyətindən məhrum etmişdi. Imperiyanın ərazisi yalnız Konstantinopolun ətrafından ibarət idi və hər tərəf türk torpaqları ilə əhatə olunmuşdu.
Osmanlılar qala divarlarını ağır toplardan atəşə tutdular. Osmanlı gəmiləri Konstantinopolun daxili limanına – Qızıl Buynuz limanına keçməli idi. Lakin limanın yolu ağır zəncirlərlə bağlatdırılmışdı. Belə olduqda, osmanlılar gecə öz gəmilərini quru yolla çəkib şəhərin daxili limanına saldılar. Bunun üçün onlar limana gedən quru yola taxta döşəyib üstünü piylədilər və öz gəmilərini həmin piylənmiş taxtaların üstü ilə sürüyərək, Qızıl Buynuz limanına keçdilər. osmanlı qoşunları həlledici hücuma keçərək, 1453-cü il mayın 29-da Konstantinopolu aldılar. Bizans imperiyasının varlığına son qoyuldu. Osmanlıların İstanbul adlandırdıqları Konstantinopol şəhəri Osmanlı imperatorluğunun paytaxtına çevrildi. II Mehmetə "Fateh" təxəllüsü verildi. Osmanlı qoşunları Konstantinopolu tutmaqla Avropanı Asiya ilə birləşdirən ticarət yollarını nəzarət altına aldılar. Bu, İtaliya şəhərlərinin Şərq ölkələri ilə ticarətinə ağır zərbə vurdu.
Sultan II Mehmet zəifləmiş Trabzon dövlətini və Kiçik Asiya əmirliklərini də tabe etdi. Egedə Limni, Taşoz, Midilli, İmroz və Eğriboz Osmanlıların əlinə keçdi. Fateh Sultan II Mehmet sonra 1461-ci ildə Trabzon Rum İmparatorluğuna son qoydu. Kırımdakı Ceneviz koloniyaları ələ keçirildi. Kırım Osmanlı Dövlətinə qatıldı. 1473-cü ildə Ağqoyunlulara qarşı səfərə çıxdı. Fateh Sultan II Mehmet Otluqbelində Ağqoyunlu hökmdarı Uzun Həsəni tamamilə məğlub etdi. Fərat nəhrinə qədər bütün Anadolu, Osmanlıların əlinə keçdi. 1474-cü ildə Qaraman Bəyliyinə son qoyuldu. 1480-ci ildə Gədik Əhməd Paşa, İtalyanın fəthi üçün səfərə çıxdı. Otranto Qalasını ələ keçirdi. Fatehin ölümü səbəbindən İtalyanın fəthi mümkün olmadı. Fateh 1481-ci ildə Misir səfərinə çıxdı. Ancaq Gəbzədə öldü. Beləliklə, XIV–XV əsrlər ərzində Osmanlı sultanlarının yeritdiyi fəal xarici siyasət nəticəsində türklər daha geniş əraziləri fəth edərək öz imperatorluqlarını – Osmanlı İmperatorluğunu yaratmağa nail oldular.
Səlcuqlular 1071-ci il Malazgirt Meydan zəfərindən sonra Anadolunu fəthə başladıqları sırada özlərinə bağlı türkmən boylarını, bu ölkənin müxtəlif bölgələrinə məskən etmişlər. Yerləşdirilən Türkmənlər içində Osmanlı Dövlətini quran Qayıxanlılar da mövcud idi. Qayıxanlıların tarixi Anadoluya köç etmələrindən etibarən başlamaqdadır. Qayıxanlıların IX əsrdən etibarən Ceyhun çayını keçərək İrana gəldikləri haqqında tarixçilər məlumat vermişlər. Ceyhunu keçən Qayıxanlılar Xorasansanda Mərv və Mahan tərəfinə yerləşmişlər və sonra Monqolların hücumlarına görə yerlərini tərk edərək Azərbaycana və Şərqi Anadoluya gəlmişlər. Bu qeydlərə görə Qayı boyu da Səlcuqlularla birlikdə Xorasana və Monqolların təcavüzləri üzərinə, Azərbaycana və Şərq Anadoluya köç etmişlər.
Oğuzların Qayı boyundan olan Gündüzalpın oğlu Ərtoğrul bəy oğullarından Saru Batu bəyi Konyaya göndərib, Anadolu Səlcuqlu Sultanı I Alaəddin Keyqubadan məskunlaşmaq üçün bir yer istəmiş və ona Ankara ətrafındakı Qaracadağ verilmişdir. Ərtoğrul Bəy burada ikən Səlcuqları Monqol və Bizans hücumlaından qorumuşdur. Bundan əlavə, Qayı nəslindən olanların məskunlaşdığı ərazi sərhəd xəttini təşkil edirdi. Onlar Səlcuqlu dövlətinin şimal qərb vilayətlərini müdafiə etməli idilər. Səlcuqlardan torpaq almış tayfa başçıları əhalidən vergi toplamaq, qonşu dövlətlərin torpaqları hesabına öz mülklərini genişləndirmək hüququna malik idilər. Monqollara və Bizansa qarşı Səlcuqlulara mühüm xidmətlər göstərmiş olduğu üçün Qayı nəslindən olanlara mükafat olaraq Ucda yəni Bizans sərhəddində "Söyüd Qışlağı" ilə "Domaniç Yaylağı" iqta olaraq verilmiş və bu bölgə gələcək Osmanlı Dövlətinin beşiyi olmuşdur.
№ | Adı | Başlanğıc tarixi | Bitiş tarixi |
---|---|---|---|
1. | VI Mehmed | 19 noyabr 1922 | 16 may 1926 |
2. | Əbdülməcid Əfəndi | 16 may 1926 | 23 avqust 1944 |
3. | Əhməd Nihad Əfəndi | 23 avqust 1944 | 4 iyun 1954 |
4. | Osman Fuad Əfəndi | 4 iyun 1954 | 19 may 1973 |
5. | Mehmed Əbdüləziz Əfəndi | 19 may 1973 | 19 yanvar 1977 |
6. | Əli Vasib Əfəndi | 19 yanvar 1977 | 9 dekabr 1983 |
7. | Mehmed Orxan Əfəndi | 9 dekabr 1983 | 12 mart 1994 |
8. | Ərtoğrul Osman Əfəndi | 12 mart 1994 | 26 sentyabr 2009 |
9. | Osman Bəyazid Əfəndi | 26 sentyabr 2009 | 6 yanvar 2017 |
10. | Dündar Əli Əfəndi | 6 yanvar 2017 | 18 yanvar 2021 |
11. | Harun Əfəndi | 18 yanvar 2021 | davam edir |
Monarx, sülalə və ya onların nümayəndələri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |