Xədim Şəhabəddin Paşa (ö. 1453-dən sonra) — Osmanlı sultanı II Murad və Fateh Sultan Mehmed dönəmlərində vəzir olmuş dövlət xadimi. Hərəm ağası olduğu üçün Xədim Şəhabəddin Paşa olaraq anılmışdır.
Şəhabəddin Paşa | |
---|---|
osman. خادم شهاب الدين شاهين پاشا | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | 1453-dən sonra |
Vəfat yeri | Plovdiv, Osmanlı imperiyası |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, zabit, qubernator |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Əsli və ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Dönəmin tarixi mənbələrində Qula Şahin Paşa, vəqf kitablarında isə Qazi, Əlhac ünvanlarıyla anılır. II Murad dönəmində sarayda yetişmiş, daha sonra hərəm ağası olaraq xidmət etmişdir. Sultan Muradın yaxın adamlarından biri olaraq önə çıxmış, 1432-ci ildən öncə Balkan yarımadasında Evrenesoğlu Əli bəyin ardından Ərgirikasrı sancaqbəyliyinə gətirilmişdir. Bu vəzifədə ikən hərbi fəaliyyətləriylə məşhurlaşmış, Sultan Muradla birlikdə bir çox hərbi əməliyyata qatılmışdır. Sultan Muradın oğulları Şahzadə Ələddin və Şahzadə Mehmedin 1438-ci ildə Ədirnədə keçirilən sünnət mərasimi əsnasında Saruca Paşanın yerinə vəzirliyə gətirildiyi bilinir. Bundan başqa yaxın zamanda vəfat edən Sənan Paşanın Rumeli bəylərbəyliyi ünvanı da Şəhabəddin Paşaya verildi.
Belqrad qalasının uğursuz mühasirəsinin ardından Sultan Murad onu macarların əks-hücumlarının qarşısını almaqla vəzifələndirdi. Bu istiqamətdə serblərə aid bir çox qalanı ələ keçirən Şəhabəddin Paşanın, Belqrad qalasını nəzarətdə saxlamaq məqsədilə yaxınlıqda Gözəlcəhisar qalasını inşa etdirdiyi bilinir. 1442-ci ildə Ərdələ hücum edib ağır məğlubiyyətə uğrayan və həlak olan axıncı bəyi Məzid bəyin intiqamını almaq məqsədilə, Sultan Muradın icazəsiylə Şəhabəddin Paşa bir qrup yeniçərinin də qatıldığı Rumeli birlikləriylə macarlara hücum etdi. Ancaq Osmanlı birlikləri Yalomitsa çayı yaxınlığında Yanoş Hünyadinin rəhbərlik etdiyi macar süvarilərinin ani basqınıyla məğlub edildi (sentyabr 1442). Ağır itkilər verən Şəhabəddin Paşa çətinliklə Dunay çayını keçərək Osmanlı torpaqlarına gəldi. Bu məğlubiyyət qazandığı bütün şöhrəti kölgədə qoydu və Ədirnəyə gəldikdən sonra Sultan Murad onu bütün vəzifələrindən azad etdi. Ardından Plovdivə gedən Şəhabəddin Paşa burada öz imarətinin inşasıyla məşğul oldu. Bu əsnada Yanoş Hünyadi Osmanlı sərhədini keçərək qarşısına çıxan birlikləri məğlub edirdi. Bu irəliləmənin qarşısını almaq məqsədilə Sultan Murad Plovdivə gəldi və burada Şəhabəddin Paşanı çağıraraq səfərin istiqaməti məsələsində onunla müzakirə apardı. Rəsmi bir vəzifə verilməsə də, Şəhabəddin Paşa sonradan gələn birlikləri Sofiyaya gətirməklə vəzifələndirildi. Qarşısı kəsilən macarların sülh müzakirələri əsnasında, məğlubiyyəti səbəbilə vəzifədən alınan Qasım Paşanın yerinə vəziriəzəm Çandarlı Xəlil Paşa tərəfindən vəzirliyə və Rumeli bəylərbəyliyinə gətirildi (1444-cü ilin yazında). Sultan Muradın taxtı oğluna verərək Manisaya çəkilməsi və 12 yaşlı Sultan Mehmedin taxta çıxmasının ardından yeni sultanın vəzirlərindən biri olaraq öz yerini aldı. Bu taxt dəyişikliyindən istifadə edən Bizans imperatorunun əsir tutduğu Şahzadə Orxanı bir qrup əsgərlə Balkanlara göndərməsinin ardından Şəhabəddin Paşa qaçaq şahzadəni ələ keçirməklə vəzifələndirildi. Şahzadəni ələ keçirə bilməsə də, apardığı uğurlu hərbi taktikalarla onu heç bir şey etmədən qısa müddətdə Konstantinopola qayıtmağa məcbur etdi.
Macarların bağlanan sülhü pozaraq hərbi fəaliyyətlərə davam etməsi Ədirnədə böyük iğtişaşlara səbəb oldu. Paytaxta doğru irəliləyən macarlara qarşı müdafiə hazırlıqları davam etdiyi əsnada, xalq Şəhabəddin Paşanı və Xəlil Paşanı mallarını Dimetokaya qaçırmaqla günahlandırdı. Dönəmin bir çox mənbələrində isə bu, Ədirnənin mühasirəyə alınması ehtimalına qarşı alınan bir tədbir olaraq qeyd olunur. Bu əsnada Şəhabəddin Paşa macarlara qarşı səfərə çıxsın deyə gənc sultana təlkin edirdi. Bu səbəblə sülh tərəfdarı vəziriəzəm Çandarlı Xəlil Paşanın baş müxaliflərindən birinə çevrildi. Beləcə, Ədirnədə Sultan Muradla Sultan Mehmed tərəfdarları arasında güclü mübarizə başlamışdı. Sədrəzəm Çandarlı Xəlil Paşa ilə yeniçərilər Sultan Muradı, vəzirlərdən Şəhabəddin Paşa, Zağanos Paşa və Saruca Paşa isə Sultan Mehmedi taxtda görmək istəyirdi. Çandarlı Xəlil Paşa daha çox sülh tərəfdarı olsa da, Sultan Mehmedin tərəfdarı olan vəzirlər gənc sultanı yeni fəthlərə təşviq edirdi.
Sultan Mehmedin ilk səltənətinin başa çatmasının əsas səbəbi isə Buçuktəpə hadisəsidir. Osmanlı tarixində qeydə alınan ilk yeniçəri üsyanı olan Buçuktəpə hadisəsinin görünüşdəki səbəbi Osmanlı sikkəsinin dəyərinin aşağı düşməsi idi. Çünki aparılan ilk maliyyə islahatları əsgərləri və əhalini çətin vəziyyətə salmışdı. Mənbələrin dediyinə görə, aylardır maaş almayan yeniçərilər pulun dəyərinin aşağı düşməsini bəhanə edərək üsyan başlatdı. Hadisələr əsnasında Şəhabəddin Paşanın köşkünə hücum edilmiş, bu əsnada Şəhabəddin Paşa Sultan Mehmedin sarayına sığınaraq xilas olmuşdu. Yeniçərilər daha sonra şəhərin şərqindəki yüksəkliyə çəkilmiş, maaşlarının yarım axca artırılmasından sonra üsyan yatırılmışdı. Bu səbəblə o vaxtdan sonra həmin yüksəklik Buçuktəpə adlanmışdır. Üsyançılar yatırılsa da, yeniçərilər artıq gənc sultandan üz döndərmişdi.
Digər yandan Buçuktəpə hadisəsinin Sultan Mehmedi taxtdan uzaqlaşdırmaq üçün Çandarlı Xəlil Paşa tərəfindən planlaşdırıldığı haqqında güclü sübutlar da var. Əsas sübut isə bu hadisələr zamanı əsas hədəfin Çandarlı Xəlil Paşanın baş düşməni və gənc sultanın ən yaxın adamı olan Şəhabəddin Paşa olmasıdır. Nəticədə Çandarlı Xəlil Paşanın gizlicə göndərdiyi məktubla Sultan Murad 1446-cı ildə Ədirnəyə qayıtdı və yenidən Osmanlı taxtına çıxdı. Şəhabəddin Paşa isə vəzifədən alınaraq, Sultan Mehmedlə birlikdə Manisaya çəkildi.
Sultan Mehmedin ikinci dəfə taxta cülus etməsinin ardından ikinci vəzir olaraq yenidən paytaxta qayıtdı. Konstantinopolun fəthi məsələsində sultanı dəstəklədi. Ancaq fəthin ardından Çandarlı Xəlil Paşanın edam edilməsi və yeni paytaxtdakı bəzi inzibati məsələlərdə Sultan Mehmedlə ixtilaf yaşadı. Vəziriəzəmin edam edilməsindən sonra əhalinin narazılıqlarına cavab olaraq 1453-cü ilin payızında vəzifədən alınaraq təqaüdə göndərildi. Plovdivə qayıdaraq qalan ömrünü burada keçirdi. Ölüm tarixi bilinməs də, Plovdivə getdikdən qısa müddət sonra vəfat etdiyi ehtimal olunur.
Şəhabəddin Paşanın Bursa, Ədirnə və Plovdivdə bir çox tarixi əsəri var. Bursada bir çeşmə, Ədirnədə 3 məscid, körpü və hamam inşa etdirmişdir. Ədirnədə onun adını daşıyan 3 məhəllə vardır. İnşa etdirdiyi məscidlərdən biri olan Kirazlı məscidi bu məhəllələrdən birində yerləşir. Məscidin kitabəsində inşa tarixi 1436-cı il olaraq eyd olunmuşdur. Digər məscidlər isə günümüzədək gəlib çatmamışdır. Plovdivdə məscid, mədrəsə, hamam və imarətdən ibarət külliyəsi günümüzədək gəlib çatmışdır. Külliyədə yerləşən türbənin ona aid olduğu düşünülür. Kitabəsinə görə, 1445-ci ildə inşa olunan məscid Balkan yarımadasında ən böyük məscidlərdən biridir.