Xanlıq Şükür (1872, Şuşa – 1927, Şuşa, DQMV) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi.
Xanlıq Şükür | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1872 |
Doğum yeri | |
Vəfat tarixi | 1927 |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Vikianbarda əlaqəli mediafayllar |
Xanlıq Şükür 1872-ci ildə Şuşada yoxsul kəndli ailəsində anadan olmuşdur. Çox gənc yaşlarında valideynləri vəfat etmiş, babası Rövşənin himayəsində böyümüşdür. İbtidai təhsil ala bilmiş, erkən çağlardan oxumağa həvəs göstərmişdir.
Şükürün xanəndə kimi inkişafında Xurşidbanu Natəvanın böyük rolu olmuşdur. Belə ki, o, Şükürün ifasını bəyənmiş və onun saraya gətirilməsini əmr etmişdir. Xanlıq Şükür Natəvanın yaratdığı və rəhbərlik etdiyi "Məclisi-üns" ədəbi məclislərində iştirak etmiş, şairlərin oxuduğu şeirləri dinləmiş və Hacı Hüsü, Məşədi İsi, Həsənçə, Sadıqcan kimi musiqiçilərdən muğamın incəliklərini öyrənmişdir. Xanlıq Şükürün ilk müəllimi Hacı Hüsü olmuşdur. Hacı Hüsü Xanlıq Şükürə Şərq muğamlarını, Azərbaycan xalq mahnı və təsniflərini öyrətmiş, onun xanəndə kimi formalaşmasında mühüm rol oynamışdır.[1]
Gənc yaşlarından xan sarayında yaşadığı üçün Şuşa əhalisi Şükürə "Xanlıq Şükür" deyə müraciət etmişdir. O, xan sarayında, əsasən, "Zəminxarə", "Segah", "Hicaz", "Şüştər" muğamlarını ifa etmişdir.[2]
1897-ci ildə Xurşidbanu Natəvanın vəfatından sonra Şükür İrəvan şəhərinə köçmüş və orada uzun illər xanəndəlik etmişdir. Burada o, erməni xalq mahnılarını və Sayat Novanın bəstələrini özünəməxsus formada ifa etmişdir.[1]
Xanlıq Şükür o, 1910-cu il may ayının 14-də Bakı şəhərində və 1913-cü il avqust ayının 7-də Şuşada Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında İbn Səlam rolunu oynamışdır. Başqa klassik xanəndələr kimi Xanlıq Şükür də el şənliklərində mütəmadi olaraq çıxış etmişdir. Onun ifasında "Şur" muğamı xüsusilə bəyənilmişdir.[1]
Xanlıq Şükür 1927-ci ildə Şuşada vəfat etmişdir.[1]