Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sayat Nova (erm. Սայաթ-Նովա; gürc. საიათნოვა; az.-əski. سایات نووا; fars. سایات نووا; əsl adı Harutyun Sayatyan;[4] 14 iyun 1712[1][2][…], Tiflis[3] – 22 noyabr 1795[1][2], Ağpat[d]) — erməni, gürcü və əsasən Azərbaycan dillərində yazan erməni şair və aşıq. Sayat Novanın günümüzə qədər gəlib çatmış əsərlərin çoxu Azərbaycan dilində qələmə alınmışdır.[5]
Sayat Nova | |
---|---|
erm. Սայաթ-Նովա | |
| |
Doğum adı | Արութին Սայադյան |
Doğum tarixi | 14 iyun 1712[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 22 noyabr 1795[1][2] (83 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | şair, bəstəkar, müğənni, aşıq |
sayat-nova.am | |
Vikianbarda əlaqəli mediafayllar |
Səyat Novanın anası Sara, Tbilisi şəhərində anadan olmuş, atası Karapet isə Hələb şəhərindən gəlmiş ermənilərdən idi. Sayat Nova 1712-ci ilin 14 iyun tarixində Tbilisi şəhərində anadan olur. Anası ilə daim gürcü dilində danışdığından ilk öyrəndiyi dilin gürcü dili olduğu ehtimal edilir. Bu ehtimalı gücləndirən əsas səbəblərdən biridə Sayat Nova tərəfindən yazılan ilk şeirin gürcü dilində olmasıdır. Yeniyetməlik yaşlarında erməni və azərbaycan dillərini təmiz öyrənir. Musiqi sahəsinə olan böyük həvəsi nəticəsində müxtəlif musiqi alətlərində ifa etməyə səy göstərirdi. Kamança və Çoğur qısa zamanda sevimli musiqi alətlərinə çevirilir. Musiqi sahəsində məşhurlaşması nəticəsində dönəmin Kaxeti çarı II İrakli tərəfindən təşkil edilən ziyafətlərdə çıxış etməyə başlayır.
Musiqi sahəsi ilə yanaşı diplomatik sahədə də fəaliyyət göstərən Sayat Nova Səfəvi İmperiyası ilə Gürcü çarları arasında olan danışıqlarda iştirak edirdi. Kübar cəmiyyətdə böyük nüfuzunun olmasına baxmayaraq dönəmin Səfəvi şahının bacısına aşiq olması və bu barədə sarayda müxtəlif dedi-qoduların yayılmasından sonra nüfuzunu və bütün vəzifələrini itirir. Bu hadisədən sonra rəsmi dövlətçilik işlərindən kənarlaşır və rahib həyatı sürməyə başlayır. 1759-cu ildə Erməni Qriqorian Kilsəsi tərəfindən rahib təyin edilir. Ter-Stepanos rütbəsi verilən Sayat Nova, əvvəlcə İrandakı Ənzəli Kilsəsində, 1765-ci ildə isə Qaxdakı kilsədə xidmət göstərməyə başlayır.[5]
Həyat yoldaşı Mərmər 1768-ci ildə uzun müddət davam edən xəstəlikdən sonra vəfat edir. Bu hadisə Sayat Novaya olduqca pis təsir edir.
Sayad Novanın bu evlilikdən dörd övladı dünyaya gəlir. Sevimli həyat yoldaşının ölümündən sonra Ermənistan ərazisində yerləşən Haxpat Monastrında rahiblik etməyə başlayır. 1795-ci ildə xidmət etdiyi monastrın daxili otaqlarının birində öldürülür. Sayat Novanın öldürülmə səbəbi kimi Ağa Məhəmməd şah Qacarın adamlarının ona zorla İslamı qəbul etmələrini təkid etməsi, buna qarşı gəldiyi üçünsə öldürülməsi göstərilir. Ancaq bu ehtimalın dəqiq olması şübhəlidir. Belə ki, Sayat Nova öldürülən zaman 83 yaşı vardı. Digər mühüm bir iddia isə Sayat Novanın kilsə daxilində güclü nüfuzunun olmasını qəbul edə bilməyən erməni rahibləri ona qarşı sui-qəsd cəhdi həyata keçirmiş və onu öldürmüşdür.
Başqa bir iddiaya görə isə, Haxpat Kilsəsini ələ keçirən Qacarın əsgərləri, Sayat Novadan kilsənin xəzinəsinin yerini öyrənmək üçün ona işgəncə verirlər və bu işgəncələrə dözməyən yaşlı şair-rahib həlak olur.[5]
Erməni Qriqorian Kilsəsi daxilində XIX əsrin əvvəllərinə yaxın şiddətlənən kilsə çəkişmələri bu ehtimalı gücləndirir. Həyatının böyük qismini kilsə işlərinə sərf edən Sayat Nova Ermənistan ədəbiyyatını formalaşdıran təməl daşlardan biri hesab olunur. Dini vəzifələrdə çalışsa da tərəfindən yazılan ədəbiyyat nümunələri əsasən romantik və dünyavi ruhdadır. Bu gün müəllif tərəfindən nə qədər incəsənət nümunəsinin yaradıldığı dəqiq məlum deyil. Əsas məlum olan 220-dən çox musiqi və şeirin ona məxsus olmasıdır. Dünyada erməni musiqiçisi kimi təqdim edilsə də Sayat Nova əslində Gürcüstan və Azərbaycan ədəbiyyatlarından da çox təsirlənmişdir.
Azərbaycanda Səyyad Nova kimi tanınan[mənbə göstərin] şairin günümüzə gəlib çatmış əsərlərinin yarısından çoxu Azərbaycan dilindədir. Bunun əsas səbəbi isə XVIII və XIX əsrdə Azərbaycan dilinin Qafqazda linqva franka olması idi. Çünki Qafqazda yaşayan ozan və şairlər üçün Azərbaycan dilinin imkanları digər dillərin imkanlarına nisbətən daha geniş idi. Ozanlar bayatı və qoşmalarını hər zaman Azərbaycan dilində yazırdılar. Gürcü dili əsasən hərbi və diplomatik yazışmalarda istifadə edilirdi. Sayat Nova Tbilisi şəhərində yerləşən Köhnə Tbilisi səmtində dəfn edilmişdir.
Poetik yaradıcılığa azərbaycan dilində qoşduğu mahnılarla başlayan Sayat Novanın irsi iki dəftərdə toplanmış toplam 209 şeirdən ibarətdir ki, bunlardan 115-i azərbaycan, 68-ı erməni və 34-ü gürcü dillərindədir.[6] Aşığın bir neçə fars və ərəb dillərində də əsərləri movcuddur. Lakin maraqlı olan budur ki, 1760-cı ildə Sayat Novanın öz əli ilə ayrıca bir dəftərə köçürüb saxladığı mahnılardan 114-ü azərbaycan dilindədir. İkincə dəftər isə, 1823-cü ildə gürcü şahzadəsi Teymurazın tapşırığı ilə şairin oğlu Ohan tərəfindən tərtib edilmişdir və bu dəftərdə də bir neçə mahnı gürcü əlifbası ilə azərbaycan dilində qeyd edilmişdir.[5]