Qarabağ xan sarayı

Qarabağ xan sarayı və ya Pənahəli xan sarayıŞuşa şəhərinin tarixi mərkəzində yerləşən və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saraydır. Pənahəli xanın dövründə saray xanın iqamətgahı olmaqla yanaşı, həm də xan ailəsi ilə birlikdə bu sarayda yaşamışdır. Onun oğlu İbrahimxəlil xan ailəsi və əyanları ilə birlikdə Pənahəli xan sarayı yaxınlığında onunla eyni dövrdə inşa edilmiş İbrahimxəlil xan sarayında yaşamışdır. İbrahimxəlil xanın böyük oğlu Məhəmməd Həsən ağa Şuşa yaylasının cənub-şərqində sıldırım qayanın üstündə ucaldılmış Məhəmmədhəsən ağa sarayında yaşamışdır. Bu saraylardan başqa Şuşada xan ailəsi üzvlərinə məxsus Xan qızı Natəvanın sarayıQaraböyük xanım sarayı da vardır. Qarabağ xan sarayı adı müxtəlif mənbələrdə bu sarayların hər birinə aid edilsə də, Qarabağ xanlarının əsas siyasi iqamətgahı ilk Qarabağ xanı Pənahəli xanın saray-qəsri olmuşdur.

Qarabağ xan sarayı
Xəritə
39°45′59″ şm. e. 46°45′05″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Yerləşir Şuşa
Aidiyyatı Qarabağ xanlığı
Sifarişçi Pənahəli xan
Tikilmə tarixi XVIII-XIX
Üslubu Arran memarlıq məktəbi
Qarabağ xan sarayının planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şuşanın tarixi mərkəzinin planında Qarabağ xan sarayının yerləşməsi

Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi.[1] XVI – XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (məsələn Təbrizdə olduğu kimi) adlandırılırdı.[2]

Adətən feodal şəhərlərinin inşasına hökmdar qəsrinin inşasından başlanılırdı. Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır.[1] Praktiki olaraq, təhlükəsizlik üçün Şuşa yaylasının yalnız şimalını qala divarları ilə möhkəmləndirmək kifayət edirdi. P. Zubov yazır ki, “Şuşa sanki, möcüzə nəticəsində yaradılmışdı: Gəncə yolu tərəfdən onu hündür daş divarlar, dar mazğallar və uca qüllələr əhatə edir, qalanın daxilindəki kiçik dördbucaqlı qəsrlərdə isə Pənahəli xan və onun ailəsi məskunlaşıb.” [3]

Qarabağ tarixçisi Baharlının məlumatına görə, Şuşa qalasının inşasına yaylanın aşağı olan şərq tərəfindən başlanılmışdır.[4] E. Avalov qeyd edir ki, bu məlumatı Şuşanın tarixi qeyd edilməmiş planı da sübut edir.[1] Onun fikrincə plan XIX əsrin I yarısında işlənmişdir.[1] Plana əsasən içində saraylar yerləşən qəsrlər əsasən Şuşa qalasının şərq tərəfində, təbii təpələr üzərində və ya sıldırım qayaların küncündə yerləşdirilmişdir.[1] Memarlıq dominantı rolunu oynayan bu qəsrlər şəhərin təbii landşaftı ilə harmonik uyğunluq təşkil edir.[1]

Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün “geniş binalar və hündür saraylar” inşa edilmişdi.[5]

Qarabağ tarixçisi Mir Mehdi Xəzani Şuşa qalasının inşa edilməsindən bəhs edərkən Pənahəli xanın sifarişi ilə qala daxilində sarayların inşa edilməsini də vurğulayır:

" Pənah xan Şuşada özünə balaca qalaya oxşar qala divarları ilə əhatə edilmiş saray inşa etdirdi. Öz sarayı yaxınlığında isə təpə üzərində oğlu İbrahimxəlil üçün saray inşa etdirdi.
"

Şuşa qalasında inşa edilmiş qəsrlərdən yalnız ikisi yaxşı vəziyyətdə dövrümüzə çatmışdır ki, onlar da biri qalanın cənub-şərq tərəfində yerləşən Qaraböyük xanım qəsri, digəri isə dərin yarğan yanındakı qaya kənarında ucalan Pənahəli xanın qəsridir.[7]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Qarabağ xan sarayı XIX əsrdə çap edilmiş açıqcada
Vasili Vereşagin - Dramatik tamaşanın sonu, 1865. Arxa fonda Şuşa qalası və Xan sarayı görünür.
Şuşanın işğalından sonra saray dağıdılaraq xarabalığa çevrilmişdir.

Şuşa qalasındakı qəsrlərin özünəməxsus memarlıq xüsusiyyətləri qədim dövrlərdən səyyahlar və şəhər qonaqlarının diqqətini cəlb etmişdir. Məsələn XIX əsrin ortalarında Qafqaz (rus. Кавказ) qəzetində yazılır: “Şəhərdəki müxtəlif evlər və yaşayış binaları arasında xan ailəsi üzvlərinin yaşadığı qəsrlər o dəqiqə diqqət çəkir: onlar özünəməxsus xarakterə malikdirlər. Onları künclərində dairəvi qüllələr olan hündür divarlar əhatə edir.” [8]

Tarixi bilinməyən baş plana əsasən müəyyən edilmişdir ki, demək olar ki, bütün Şuşa qəsrləri oxşar konfiqurasiyaya malik olmuşdur: planda düzbucaqlı formaya malik olmaqla, onların dörd küncündə müdafiə qüllələri yerləşdirilmişdi. Daxildən bu divarlara bitişik şəkildə qəsr sakinlərinə xidmət edənlərin yaşaması üçün saray tipli binalar inşa edilirdi.[7] Şuşa qəsrlərinin həcm-məkan və plan formalaşmasının həllinə Şahbulaq qalasının memarlıq xüsusiyyətləri təsir göstərmişdir.[7]

Şahbulaq qəsrində olduğu kimi bu qəsrlərin də girişləri şimal istiqamətində yerləşir.[7] Birbaşa girişdən müdafiə olunmaq üçün qapının qarşısında Г formalı keçidə malik prizmatik örtüklə tamamlanan qüllə ucaldılmışdı. Pənahəli xanın qəsrinin yuxarı hissələri saxlanmamışdır. E. Avalov ehtimal edir ki, Pənahəli xann qəsri və Qaraböyük xanım qəsrindəŞahbulaq qəsrində olduğu kimi kvadrat formalı qüllə ikimərtəbəli olmuşdur.[7]

İki mərtəbəli saray binasında çoxlu sayda otaqlar, o cümlədən T formalı böyük parad zalı yerləşir. Zal, binanın kompozisiya mərkəzi rolunu oynayır. Bu zal iki tərəfdən nəhəng qaldırılan şəbəkə pəncərələrə malik idi.[9] Şəbəkə tipli pəncərələr XVIII-XIX əsrlədə Azərbaycanın yaşayış binaları memarlığında geniş yayılmaqla, Şəki xan sarayı, Məhəmmədhəsən ağa sarayı, Mehmandarovların evi, Şəkixanovların evi və başqa yaşayış binalarında dövrümüzə çatmışdır.[9]


Erməni işğalında dağıdılmış Xan sarayı

  1. 1 2 3 4 5 6 Авалов, 1977. səh. 23
  2. Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964. 96.
  3. Зубов, П. Шесть писем о Грузии и Кавказе. 1834. 75.
  4. Baharlı. Əhvalati-Qarabağ, 1888. Авалов, 1977. səh.&nbsp, 23-də istinad edir.
  5. Адигезал-бек, Мирза. Карабах-наме. Баку. 1950. 63.
  6. Xəzani, Mir Mehdi. [Mir_Mehdi_Xəzani_və_onun__Kitabi-tarixi_Qarabağ__əsəri Kitab-tarixi-Qarabağ] (#bad_url). Bakı: Azərbaycan Elmlər Akademiyası nəşriyyatı. 1950.
  7. 1 2 3 4 5 Авалов, 1977. səh. 25
  8. Газета Кавказ, № 58. Тифлис. 1857.
  9. 1 2 Город Шуша. Дворец карабахских ханов //. Азербайджан (Исторические и достопримечательные места) / Под общей редакцией М. А. Казиева. Баку: Издательство АН Азербайджанской ССР. 1960. 92.
  • Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
  • Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.