Xan Məhəmməd bəy Mirzə bəy oğlu Ustaclı və ya Məhəmməd xan Ustaclı (ö. 1514, Çaldıran düzü, Maku, Səfəvi imperiyası) — qızılbaş sərkərdəsi, Diyarbəkir bəylərbəyi. Məhəmməd xan Ustaclı Türkman tayfası olan Ustaclı tayfasından olmuş, Səfəvi hökmdarı I Şah İsmayılın (1501–1514) dövründə fəaliyyət göstərmişdir. O, Şah İsmayılın Kiçik Asiyadakı və Mesopotamiyadakı fəthlərində mühüm rol oynamış, 1506-cı ildən ölümünə qədər Diyarbəkir hakimliyi vəzifəsini icra etmişdir. Onun barəsində anonim müəllif tərəfindən yazılan "Tarix-i Qızılbaşan" əsərində qısa məlumat verilir:
Xanməhəmməd bəy Ustaclı | |
---|---|
1506 – 1514 | |
Əvvəlki | II Əmir xan Mosullu |
Sonrakı | Qara xan Ustaclı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XV əsr |
Doğum yeri | Diyarbəkir, Ağqoyunlu dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Çaldıran, Səfəvilər dövləti |
Vəfat səbəbi | döyüş |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Mirzə Bəy Ustaclı |
Həyat yoldaşı | Bikisi xanım |
Uşağı | Qılıc bəy |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general, qubernator |
"Onlar I Şah İsmayılın zühurunun əvvəllərində Ərzincan yaxınlığında öz köçləri ilə xoşbəxt orduya qoşuldular. Onların böyük əmirləri çoxdur. O cümlədən: Xan Məhəmməd yeddi il I Şah İsmayılın adından Diyarbəkir hakimi idi, az bir qoşunla dəfələrlə zülqədr ordularını məğlub etmişdi."[1]
Xan Məhəmməd Çaldıran döyüşündə öldürülmüşdür.[2][3][4][1]
Məhəmməd xan Ustaclı Mirzə bəy Ustaclının ailəsində doğulmuşdur. Özündən başqa Ovlaş bəy Ustaclı, Əvəz bəy Ustaclı və Qara bəy Ustaclı adlı üç qardaşı olmuşdur. O, Şah İsmayılın bacılarından biri ilə evlənmişdir.[5] Onun Şah İsmayıın dərgahına qoşulması barədə "Aləmara-yi Səfəvi" əsərində qısa məlumat var:
"İsmayıl əzəmətli əcdadlarının və kəramətli şeyxlərin ruhlarından xeyir-dua diləyib, darülirşad Ərdəbildən Qarabağa yola düşdü. Orada Şamdan, Diyarbəkirdən, Sivasdan, Bayburddan və o hüduddan üç-dörd min nəfərədək sufi və əqidə sahibləri ali taxtın ətəyinə gəldilər. O cümlədən Əbdi bəy Şamlu 300 nəfərlə və Xan Məhəmməd Ustaclı böyük dəstə ilə aləmin pənahı olan dərgahın qulluğuna hazır olub, xidmət göstərmək səadətinə nail oldular və İsmayılın razılığını qazandılar."[6]
İsmayıl Mahmudabadda olarkən onu və bir başqa Ustaclı əmirini Bakı qalasını almaq və oradakı Şirvanşah xəzinəsini ələ keçirmək üçün göndərdi. O həmçinin İsmayıl Naxçıvana doğru hərəkət edərkən bu yürüşdə iştirak edən əmirlərdən biri idi. Məhəmməd bəy Ustaclı 1501-ci ildə Şərur döyüşündə və Təbrizin alınmasında Səfəvi ordusunun rəhbərlərindən idi.[7]
Ən əvvəldən Şah İsmayılın yanında olan Məhəmməd xan onun Şirvan yürüşündə də iştirak etmişdi. Məhəmməd xan həmçinin Almaqulağı döyüşündə Şah İsmayıl qoşununun cinahlarından birinə rəhbərlik edirdi.[8] Bu barədə Aləmara-yi Şah İsmayıl əsərində yazılır:
"Döyüş meydanına yerləşdikdə isə Şah İsmayıl mərkəzdə qərar tutdu. Sağ cinahda Abdal bəy Dədə və Əbdi bəy Şamlu qorçularla birlikdə səf çəkdilər. Sol cinaha isə Məhəmməm xan Ustaclı və qardaşı Qara xan Ustaclı rəhbərlik edirdilər. "[8]
1506-cı ildə İsmayıl Dülqədiroğullarından Əlaüddövlə ilə toqquşmalardan sonra Xoya dönmüş, Məhəmməd xan Ustaclını Diyarbəkirin hakimi təyin edilmişdir.[9][10][5] Beləliklə, "tamam Diyarbəkir mülkü Azərbaycan məmləkətinin əlavəsinə çevrildi".[11]
Şərqi Anadolu ələ keçirildikdən sonra Məhəmməd xan Ustaclıya verilmiş Diyarbəkir vilayəti Səfəvi dövlətinin hərbi-strateji baxımdan ən önəmli ərazilərindən birinə çevrildi. "O, həm Səfəvi hakimiyyətini tanımayan Ağqoyunlu əmirlərinə, həm qiyamçı kürd tayfalarına, həm Zülqədər bəyliyinin aramsız basqınlarına qarşı mübarizə aparır, bəzən isə Osmanlı və Məmlük dövlətlərinə qarşı sərhəd münaqişələrinə girməli olurdu."[12]
Şah İsmayıl Diyarbəkir, Mosul və Səncarı tutduqdan sonra Bağdadın şimalındakı Cizrə vilayətini ələ keçirmək üçün ora bir dəstə əsgər göndərdi. Cizrə hakimi Əmir Şərəf Əmir Bədrin oğlu idi. Uzunmüddətli mühasirə nəticəsiz qaldı və qızılbaşlar müvəffəqiyyət əldə edə bilmədən geri qayıtdılar. Bu səbəbdən Şah İsmayıl Məhəmməd xan Ustaclını və onun rəhbərliyində Ustaclı dəstəsini yenidən Cizrəyə göndərdi. Ustaclılar sözügedən bölgəni ələ keçirib talan etdilər. Şah İsmayıl Xoyda olarkən Əmir Şərəfəddin 11 nəfərlik Kürd əmir və hakimləri onun əlini öpmək üçün Xoya gəldilər. Şah İsmayıl Məhəmməd xan Ustaclının təhriki ilə Əmir Şərəfəddin də daxil olmaqla 9 nəfəri həbsə atdırdı.[13]
Şah İsmayıl öz qoşunları ilə Xoya yollandıqdan sonra Diyarbəkirin yerli hakimləri və onların tərəfdarları özlərini daha arxayın hesab edərək yenidən qızılbaşlara itaətsizlik yolunu tutdular. Bu qüvvələrin başında vaxtilə Mosul hakimi olmuş Əmir bəyin qardaşı Qayıtmış bəy dayanırdı. Qayıtmış bəy ətrafına topladığı dəstə ilə Diyarbəkirin Hamid adlanan mərkəzi hissəsini ələ keçirdi və qızılbaşlar hakimiyyətinə tabe olmadığını bildirdi. Qayıtmış bəyin belə bir əmələ əl atması bölgənin kürd silahlı dəstələrini də həvəsə və hərəkətə gətirdi və onlar da Məhəmməd xan Ustaclıya qarşı silah qaldırdılar. Məhəmməd xan da nəhayətdə qoşun dəstəsi ilə qayıtmış bəyin üstünə hücum çəkdi və tərəflər arasında ciddi bir döyüş baş verdi. Bu qarşıdurma İsgəndər bəy Münşinin "Tarix-i aləmara-yi Abbasi" və Həsən bəy Rumlunun "Əhsən-ət Təvarix" əsərlərində daha geniş təsvir edilmişdir. Münşi yazır: "…Xan Məhəmməd Diyarbəkirə gəldi. Gülabi bəy Mosullunun oğlu Qayıtmış bəy Həmid şəhərində idi. O, düşmənçilik edərək, qalanı bağlayıb, oraya daxil olmağa mane oldu. Xan Məhəmməd çarəsizlikdən bayırda qaldı.[14] O ətrafdakı kürdlər qızılbaş ordusuna qarşı çoxlu basqınlar etdilər. Xan Məhəmməd kürdlərin üstünə getdi. Onların arasında böyük bir vuruşma oldu. Kürdlərdən yeddi min nəfər öldürüldü. Xan Məhəmməd kürdlərlə hərbdən qalib və müzəffərcəsinə qayıtdı. Qayıtmış bəy ona müqavimət göstərə bilməyib, öz adamını Əlaüddövlə Zülqədərin yanına göndərdi və ondan kömək istədi, əvəzində şəhəri ona verəcəyinə söz verdi. Əlaüddövlənin vəziyyətində məğlubiyyət aşkar olduğuna baxmayaraq, Qayıtmış bəyin xahişi əsasında Həmid şəhərini almaq həvəsi ilə o qışda bir daha döyüşkən qoşun yığaraq, öz oğulları Sarı Qaplan adı ilə məşhur olan Qasım bəyin və Ərdüvanə bəyin başçılığı ilə on min nəfəri Diyarbəkirə, Xan Məhəmmədə qarşı göndərdi. Xan Məhəmməd Ustaclı ordusunun sayca az olmasına baxmayaraq, şahın zavalsız bəxtinə arxalanıb, ustaclu tayfası ilə birlikdə o ulduz kimi saysız qoşunun qarşısında döyüş nizamı tutdu. Xan Məhəmməd qüdrətli dövlətin uğurlu bəxtinin gücü ilə müvəffəqiyyət və zəfər qazandı."[15]
Rumlu yazır ki, bu döyüşdə igidliklə və qorxmazlıqla Əlaüddövlənin başqa övladlarından seçilən Sarı Qaplan və qardaşı Ərdüvanə bəy bir çox adamla tululub qətl edildilər. "Sarı Qaplan üç yüz nəfər zülqədərlə atdan düşmüşdü, lakin döyüşü davam etdirirdi. Xan Məhəmməd onu tanıyıb qoşununa hökm etdi ki, onu tutub yanına gətirsinlər. Ərdüvanə bəy də əsir alındı. Bu döyüşdə zülqədər camaatından yeddi yüz nəfər ad-san sahibi və otuz nəfər bayraq (ələm) yiyəsi əmir qətlə yetirildi. Sarı Qaplan elə ki Məhəmməd xanın yanına çatdı, onun ətəyinə düşüb xahiş etdi ki, "məni sağ-salamat İsgəndər şanlı xaqanın dərgahına göndərin". [Amma] o, [bu xahişi] qəbul etmədi. Axırda [Məhəmməd xan] bəzi adamların təhriki ilə [Sarı Qaplanı da] Ərdüvanə bəylə birlikdə qətlə yetirib onların başlarını ali dərgaha göndərdi. Qasid Xoy qışlağında özünü hökmdar ordusuna yetirdi və əhvalatı kama çatmış hökmdarın dərgahında ərz edib, ənama və ehsana qərq olaraq Diyarbəkirə tərəf geri döndü, şahın ona göstərdiyi böyük hüsn-rəğbəti ərz etdi."[16]
Xan Məhəmməd qələbə çaldıqdan sonra Qayıtmış bəyin üzərinə yürüdü. Qayıtmış bəy şəhərin darvazalarını bağlı saxlamaq istəsə də buna nail ola bilmədi. Həmid şəhərinin əhalisi ondan üz çevirərək şəhərin darvazalarını açıb qaziləri içəri buraxdılar. Bu hadisədən sonra Xan Məhəmməd Diyarbəkirdə müstəqil hakimiyyət sürməyə başladı.[16][17][18] Əlaüddövlə öz oğullarının qətlindən xəbər tutub dağınıq qoşununu bir daha toplayaraq digər oğulları Kor Şahrux və Əhməd bəyi 15 min süvari ilə Xan Məhəmmədin üzərinə göndərdi. Xan Məhəmməd yenidən şəhərin müdafiəsinə qalxdı və zülqədər qoşunu ilə yeni bir döyüşə girdi. Bu döyüşdə Xan Məhəmmədin ordusu 3 min nəfərdən ibarət idi. Xan Məhəmməd döyüşdə qalib gəldi və Əlaüddövlənin digər övladları Kor Şahrux və Əhməd bəy qətlə yetirildi.[15]
"Aləmara-yi Şah İsmayıl" əsərinin müəllifi yazır ki, itaət etməyən bəzi keçmiş Ağqoyunlu əmirlərinə qarşı fəal mübarizə aparan Məhəmməd xan Ustaclı kürdlərin mahmudi tayfasının başçısı İsgəndərin qiyamını da yatırdı və onun 7 minlik qoşununu darmadağın etdi. Ümumiyyətlə, Məhəmməd xanın Şərqi Anadoluda gördüyü tədbirlər həmin ərazidə Səfəvi hakimiyyətinin, müvəqqəti də olsa, möhkəmlənməsinə səbəb oldu. O, cəsur döyüşçü və istedadlı sərkərdə olmasına baxmayaraq, bacarıqlı siyasətçi deyildi. Bölgəyə hakim təyin edildiyindən bəri sadəcə qılıncının gücü ilə hökm etməyə çalışdı və qarşısına çıxan hər kəslə savaşdı.[19]
Elmi-tarixi araşdırmalarda Osmanlı-Səfəvi müharibəsinin səbəblərinə toxunarkən Diyarbəkir hakimi Məhəmməd xan Ustaclının da təhrikindən söz açılır. Şah İsmayıl Məhəmməd xan Ustaclının məktubunu aldıqdan sonra öz elçilərini Sultan Bəyazidin yanına göndərmişdi.[20] Mənbələr yazır ki, bu məktub çox iddialı idi və burada Osmanlı sultanının ünvanına hörmətsizlik nümayiş etdirilmişdi. Sultan Bəyazid məktubu təmkinlə qarşılasa da, Sultan Səlim məktubla bağlı qəzəbini nümayiş etdirməkdən çəkinmədi. Məhəmməd xan Ustaclı Sultan Səlimə də məktublar göndərirdi. Məhəmməd xan Ustaclı ona məktubla yanaşı bir qılınc və qadın geyimi göndərmiş, bu da Səlimin qəzəbinə səbəb olmuşdu.[13] Bu barədə "Əhsən ət-Təvarix" əsərində məlumatlar öz əksini tapır:
"Bu il Rum padşahı Sultan Səlim, Cəmşid səviyyəli xaqanın saray adamlarına qarşı üsyan məqamına gəldi. Onun müxalifliyinin səbəbi budur ki, Xan Məhəmməd Ustaclı Diyarbəkiri istila etmiş, bir neçə dəfə zülqədər qoşununu az adamla məğlub etmiş, onun mülazimi Dəli Duraq yetmiş süvari ilə Misir padşahı Sultan Qansunun igidlikdə şöhrət tapmış və ad-san qazanmış üç yüz qulamını məğlubiyyətə uğratmışdı. Bu şücaət üzündən onun (Xan Məhəmmədin) lovğalığı, qüruru, əzəməti, cah-calalı və özündənrazılığı həddini aşdı və Sultan Səlimə təhdid və təhqirlə dolu məktublar göndərib onu vuruşmaya və qarşıdurmaya rəğbətləndirdi və təhrik etdi. Hətta ona kələğayı və s. kimi fitnə-fəsada səbəb olan bir neçə şeylər göndərdi."[21]
Mənbələrdən də məlum olur ki, onun bu hərəkətləri Səfəvi tarixçiləri tərəfindən də tənqidlə qarşılanmışdı. Məhəmməd xanın göndərdiyi məktublara səbəb Sultan Səlimin Səfəvi dövlətinin qərb sərhədi boyunca ərazilərə talançı yürüşlər etməsi idi. Bu zaman Sultan Səlim Trabzon hakimi idi. "Aləmara-yi Şah İsmayıl"ın müəllifi Səlimi qəddar və amansız xarakterə malik bir şəxs kimi təsvir edir. 1507–08-ci illərdə Şərqi Anadoludakı bir sıra ərazilərin Səfəvilər dövlətinə birləşdirilməsi və Şah İsmayılın yeznəsi Məhəmməd xan Ustaclınun hakim olduğu Diyarbəkir bəylərbəyiliyinin Osmanlıların Trabzon vilayəti ilə həmsərhəd olması Səlimi xüsusilə narahat etməyə başlamışdı. Hələ Şah İsmayılın Əlaüddövlə üzərinə yürüşü zamanı Səlim atası Bayəzidin laqeydliyinə sərt etiraz edərək, ona yazdığı məktubda bildirirdi: "Bir sufinin oğlu peyda olub, gəlib, at təpib, Qeysəriyyəyədək gələ və siz baxa-baxa durasız! Hanı irz-ü namus-i məlik? Hanı qeyrətiniz? Padşahlıq böylə olmaz! Onların haqlarından gəlinmək gərəkdir"2 . "Aləmara"da deyilir ki, "Məhəmməd xan Ustaclı tamam Diyarbəkir ölkəsini ələ keçirdikdən sonra" Səlim bir neçə dəfə atası Bayəziddən Diyarbəkirə hücum üçün icazə istəsə də, rədd cavabı almışdı.[22] Buna baxmayaraq, Səlim atası ilə hesablaşmadan Səfəvilərə qarşı özbaşına siyasət yürüdürdü. O, 1508-ci ildə Əlaüddövlənin oğullarına məktub yazaraq, onları Şərqi Anadoludakı Səfəvi torpaqlarına hücum etməyə təşviq etmişdi. Bizim müəllifin şərhinə görə, "qızılbaşların vəziyyətini götür-qoy edən Sultan Səlim qorxurdu ki, hərgah onlar Əlaüddövləni aradan qaldırsalar, onda bütün Rumu zəbt edəcəklər". Zülqədərlilərin Məhəmməd xan Ustaclı qarşısında ardıcıl məğlubiyyətlərindən sonra onlardan ümidini kəsən Səlim özü fəaliyyətə başlamağı qərara aldı. "Aləmara"nın məlumatlarına əsasən, 1508–12-ci illər arasında Səlim bir neçə dəfə qızılbaşlarla sərhəd münaqişələrinə girdi. O, osmanlıların Ərzincan hakimi Osman paşaya məktub yazıb, ona Səfəvilərin tabeliyindəki ərazilərə soxulmağı əmr etdi. Lakin Osman paşanın sərhədi keçmiş 12 minlik qoşununun hərəkəti Səfəvi casusları tərəfindən diqqətlə izlənilirdi. Osmanlı düşərgəsi gecə vaxtı dağın arxasında pusquda gizlənmiş qızılbaş sərkərdəsi Əhməd sultan Qacarın qoşununun qəfil hücumuna məruz qaldı. Nəticədə, Osman paşa öldürüldü, ağır məğlubiyyətə uğramış və heyətinin yarıya qədərini itirmiş "Rum qoşunu"nun qalıqları öz ərazilərinə çəkildilər. Qızılbaşlar osmanlıların "alaçıq və çadırlarını, mallarını və əşyalarını" ələ keçirdilər, öldürülmüş "rumilər"in başları Məhəmməd xan Ustaclının hüzuruna göndərildi.[23] Səlimin bu hərəkətlərinə cavab olaraq, Məhəmməd xan Ustaclı öz qardaşı, Qara-Həmid qalası hakimi Qaraxana 10–12 minlik qoşun verərək, ona "Ərzincanın Sultan Səlimə məxsus nahiyəsinə basqın edib elə bir xərabəlik törətməyi tapşırdı ki, bir də oraları abad etmək mümkün olmasın". Cəmi 15 gün çəkmiş bu əməliyyat nəticəsində qızılbaşlar çoxlu qənimətlə geri qayıtdılar.[24]
Ağqoyunlu Murad bəy və Sultan Səlim böyük bir ordu ilə Səfəvi üzərinə yürüşə başlayarkən Xan Məhəmməd Ustaclının Diyarbəkiri tərk etdib Şah İsmayılın ordusuna qoşulması barədə xəbər eşitdilər. Bu səbəbdən onlar ilk əvvəl Diyabəkir üzərinə hücuma keçdilər. Sultan Səlim hərəkətini davam etdirərək 1514-cü il 13 iyul tarixində Osmanlı-Səfəvi sərhəddində yerləşən Çaysuyu çayını keçdi və Səfəvi torpaqlarına daxil oldu. Osmanlı qoşunu yolda xaraba halında olan kəndlərlə rastlaşdılar. Tarixçilərə görə Şah İsmayılın əmri ilə Xan Məhəmməd Ustaclı vilayət hakimlərinin dəstəyi ilə Səfəvi sərhəddindəki Fərat çayının şərq sahilində Təbrizə qədər bütün kənd və şəhərləri, əkin sahələrini, körpüləri dağıtmışdı. Eyni zamanda bu ərazilərin əhalisi də başqa şəhər və kəndlərə köçürülmüşdü.[25]
Şah İsmayıl Çaldıran döyüşündən əvvəl Diyabəkir hakimi Məhəmməd xana məktub göndərib onu əsgərləri ilə birlikdə Azərbaycana gəlməyi əmr etdi. Beləliklə Məhəmməd xan Ustaclı rəhbərliyindəki bir dəstə ordu Təbrizə gəlib Çaldıran obasında öz yerlərini tutdular.[25]
Bican tərəfindən yazılmış "Cahanqoşai-ye Xaqan" əsərində Çaldıran döyüşündən öncəki müharibə şurası toplantısı barədə məlumatlar vardır. Bu əsərdə Osmanlı ordusu barədə məlumat verməyə ilk növbədə Xan Məhəmməd xanın başladığını, Osmanlı ordusunun arabalardan, toplardan və tüfəngçilərdən ibarət döyüş taktikasını izah etdiyi bildirilir. Nurəli Xəlifə və bəzi başqa sərkərdələr qələbə üçün Osmanlıya qəfil hücumu etməyi məsləhət bilirlər. Durmuş xan isə onlara "əmriniz [yalnız] Diyabəkirdə işləyir" deyə şiddətlə qarşı çıxmışdır. Rumlu yazır:
"Xan Məhəmməd Ustaclı, Nurəli xəlifə və rumilərin vərdişlərini bilən bəzi digər şəxslər ərz etdilər: — Düşmənlər Çaldıranda özlərini müdafiə etməyə hazır olmazdan öncə onların üzərinə gedək və o natamamların işini bitirək. Durmuş xan Şamlu bu sözü rədd edib, Xan Məhəmmədə xitabən: — Sənin kətxudalığın (ağalığın) Diyarbəkirdə keçər, – dedi və əlavə etdi: — Onlar özlərini qorumaq üçün əllərindən gələni edənədək gözləyərik. Ondan sonra döyüş meydanına qədəm qoyub onların qoşununu darmadağın edərik. İsgəndər şanlı xaqan, Durmuş xanın sözünü qəbul etdi (bəyəndi). Sultan Səlim Çaldıran təpəsindən aşağı enib, öz qoşunlarının mövqeyini möhkəmləndirməyə çalışaraq öz ətrafını araba və zəncirlə bağladı."[26]
"Naməlum hekayələr" əsərində isə hekayə bir qədər fərqlidir. Bu əsərdə əsas mübahisə indi və ya sonra hücum etmək ətrafında yox, geri çəkilmə ya da hücum etmə ətrafında cərəyan edir. Chester Beatty Librarydə saxlanılan əlyazmada isə bu toplantının təsviri qısadır. Burada bəzilərini geri çəkilməyi təklif etməsinə qarşı Durmuş xan Şamlının "Qeysar kimdir ki, qorxub ondan qaçaq? Allahın kimə [qələbə] verəcəyini görmək üçün çalışacağıq və vuruşacağıq!" deyə cavab verdiyi yazılmışdır. "Aləm aray-i Səfəvi"nin sonrakı əlyazmalarında bu müzakirələr bir qədər fərqli təqdim edilmişdir. Burada da, Xan Məhəmməd xan birinci çıxış edir. Lakin bu əsərdə o, Osmanlı hərb taktikasından bəhs etmir, sadəcə düşmənin çoxlu döyüşçüsü olduğunu, yetəri qədər qızılbaşın toplanmadığını, cəmi 18 min döyüşçünün olduğunu bildirir. O, Narkaş dağına doğru iki aylıq geri çəkilməyi və 70 min döyüşçü yığmağı təklif edir. Onun bu təklifi Şah İsmayıl tərəfindən rədd edilir:[27]
"Aləmara-yi Şah İsmayıl" əsərinin müəllifi isə Məhəmməd xan Ustaclının döyüşdən əvvəl irəli sürdüyü təklif barədə yazır. Onun fikrincə, əməliyyatlar üç cür inkişaf edə bilərdi:[28]
1. Şahın ordusu geri çəkilib dağlara sığınmalı, ölkənin hər yerindən qızılbaş qoşunlarının gəlib çatması üçün iki ay gözləməli idi. Bu müddət ərzində, yəqin ki, Osmanlı ordusu Azərbaycanda irəliləyib, Təbrizi tutacaqdı. Lakin qarşıdan soyuqların gəldiyini və ordusunun azuqə təminatında çətinlik yaranacağını nəzərə alan Sultan Səlim Azərbaycanda qala bilməyərək, tez bir zamanda Ruma qayıtmağı qərara alacaqdı.[28]
2. Sultan Səlim qızılbaş komandanlığının açıq döyüşdən yayındığını görüb, öz ordusunun Azərbaycanda çətin vəziyyətə düçar olacağını götür-qoy edərək, Təbrizə irəliləməkdən vaz keçəcək və təcili surətdə Ruma qayıdacaqdı.[28]
3. Əgər Səlim çıxıb getməzsə və qışı Təbrizdə, Azərbaycanda keçirməyə qərar verərsə, o vaxta qədər məmləkətin hər tərəfindən qızılbaş əmirləri gəlib çıxarlar, şahın bayraqları altında 70 minlik ordu toplanar, qızılbaşlarla Osmanlılar arasında say tarazlığı yaranardı.[28]
Lakin Durmuş xan bu təkliflə razılaşmayıb onu qorxaqlıqla ittiham etmişdi.
İsgəndər bəy Münşinin "Tarix-i aləmara-yi Abbasi" adlı əsərində Səfəvi qoşunlarının döyüş düzülüşündə Məhəmməd xan Ustaclının mövqeyi barədə aşağıdakı qeydlər vardır: "Süleyman şanlı xaqan Diyarbəkrdən hazırlıqlı qoşunla gəlmiş Xan Məhəmmədi müzəffər ordunun çərxçisi təyin etdi."[29]
Çaldıran döyüşü barədə olan hekayələrdən birində deyilir ki, Sultan Səlim, Şah İsmayıl Malqoçoğlu ilə döyüşərkən döyüşü kənardan izləmiş və şaha odlu silahdan istifadə etməyəcəyi barədə söz vermişdir. Lakin Şah İsmayılın Malqoçoğlunu iki yerə bölüb öldürməsindən sonra qızılbaşlar ruhlanmış və Osmanlı ordusunu dağıtmağa başlamışdır. Səlimin vəziri bu mənzərə qarşısında dəhşətə qapılaraq "Osmanın evi dağılır" deyərək Səlimə toplardan atəş əmri verməyə səsləyir. Hiyləgər vəzir qeyd edir ki, o, belə bir and içməyib və açıq şəkildə bildirir ki, atəş açmaqda azaddır. "Ən yaxşısını sən bilirsən" deyir Sultan və qırğın başlayır:[30]
Bundan sonra vəzir toplardan atəş əmri verir və iyirmi min osmanlı, yeddi min qızılbaş pambıq kimi tarandı və yıxıldı. Xan Məhəmməd xan min nəfərlə Qeysərə hücum etmək üçün təzəcə gəlmişdi ki, toplardan atəş açıldı; o və başqa üç yüz nəfər vuruldu və məhv oldu.
Məhəmməd xan Ustaclının şəhid olmasını "Tarix-i aləmara-yi Abbasi" belə nəql edirdi: "Qızılbaş ordusunun dilavərləri arabalara yaxınlaşaraq, üç yüz nəfər yeniçərini arabaların arxasında qılınc zərbəsi ilə tikə-tikə etdilər. Yeniçərilər və topçular döyüş odunu qızışdırmaqla məşğul idilər. Top, zərbzən və tütəng tüstüsünün çoxluğundan işıqlı aləm qaranlığa çökdü. Qızılbaş ordusunun igidlərindən bir çoxusu qorxu və vahimə bilmədən, özlərini od dəryasına ataraq, tüfəng [atəşindən] həlak oldular və onların həyat xırmanları yandı. Çərxçi Xan Məhəmməd Ustacluya top dəydi və o, ustaclu tayfasından bir dəstə ilə həmin mərəkədə tələf oldu".[31]
Xanməhəmməd bəy Mir Ziyaəddin bəy Süleymaninin qızı Bikisi xanımla ailə qurmuşdu. Qılıc bəy adlı oğlu vardı.[3][4]