Yeni Əhd

Xristianlıq


Xristianlıq

Yeni Əhd (ivrit. ברית חדשה brit xadaşa; yunan. διαθήκη καινή diateke kayne) İsa Məsihin insanların günahının bağışlanması üçün tökülmüş qanı vasitəsilə Allahın insanlarla bağladığı əhd. Bu əhdə görə İsa Məsihin qurbanına iman gətirən hər kəs xilas olur.[1]

Əhdi-Ətiqdə Yeni Əhd

[redaktə | mənbəni redaktə et]

Yeni Əhddən ilk dəfə bəhs edən Yeremya Peyğəmbər olmuşdur. Yeremya xəbər vermişdir ki, Allahın seçdiyi [[İsrail] xalqı günaha batıb cəzalandırıldıqdan sonra, Allah bu xalqla Yeni Əhd bağlayacaq:

"Rəbb bəyan edir: "İsrail xalqı və Yəhuda xalqı ilə Yeni Əhd bağlayacağım günlər yaxınlaşır.

Bu Əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Onların ağası olduğum halda o əhdimi pozdular" Rəbb belə bəyan edir.
"O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq" Rəbb belə bəyan edir.

"Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını "Rəbbi tanıyın" deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam" Rəbb belə bəyan edir".[2]

Yəhudi və xristian ilahiyyatçıları bu peyğəmbərliyin gözlənilən Məsihə aid olduğu ilə razılaşırlar.

Əhdi-Ətiqin e.ə. III–II əsrlərə aid olan qədim yunan dilinə tərcüməsi Septuagintada ibranicə ברית berit (əhd) sözü διαθήκη diateke (əhd, vəsiyyət) olaraq tərcümə olunmuşdur. Septuaginta tərcüməsini yaradan yəhudi ilahiyyatçılarının bu seçimi xristian anlayışına təsir göstərmişdir. Ellinizm dövründə hüquqi sahədə διαθήκη diateke sözü bir kəsin öz mülkiyyəti ilə əlaqədar verdiyi sərəncam (vəsiyyət) yaxud öz iradəsini bildirib yerinə yetirilməsini tələb etməsi mənasını verirdi. Belə razılığın hüquqi xarakteri arxa planda qalır, bu sərəncamı yaxud tələbi verən şəxsin səlahiyyəti üstünlük qazanır. Beləliklə, Septuagintanın tərcüməçiləri uca və əzəmətli Allahın insanlara lütf göstərərək Öz xalqı İsraili yaratdığını və onlara Tövratı (Qanunu) verdiyini vurğulamaq məqsədi ilə διαθήκη diateke sözünü işlətmişlər.

İsa Məsihin Yeni Əhdi

[redaktə | mənbəni redaktə et]

Yeni Əhd sonuncu şam yeməyində təyin olunmuşdur. İlahi Quzunun – Məsihin qanı Yeni Əhdin nişanəsi oldu:

"(İsa) axşam yeməyindən sonra kasanı götürüb dedi: "Sizin üçün axıdılan bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir".[3]

O gündən bəri xristian möminləri özlərini Yeremya Peyğəmbərin xəbər verdiyi Yeni Əhdin cəmiyyəti saymışlar.[4]

Müjdələrnin dördündə də sonuncu şam yeməyi əhvalatında διαθήκη diateke sözü işlənmişdir. İsa çörəyi götürüb "Alın! Bu Mənim bədənimdir" deyir.[5] Sonra kasa götürür və şükür edib şagirdlərinə verir: "Bundan hamınız için! Çünki bu, Əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır".[6] Kasanın hamıya ötürülməsi təntənəli bir mərasim idi. İsa Məsih "Bu, Mənim qanımdır" dedikdə, çoxları uğrunda könüllü olaraq Öz qanını axıdacağını, canını qurban verəcəyini nəzərdə tuturdu.

Görünür ki, Məsih Özünü Yeşaya Peyğəmbərin xəbər verdiyi Allahın Qulu – "Öz canını təqsir qurbanı təqdim edən" Şəxs olaraq görür:

"Amma Rəbb Özü onun bu iztirablarını istədi,

Çəkdiyi əziyyətlər Onun iradəsi idi.
Öz canını təqsir qurbanı təqdim edərsə,
Nəsil görəcək, ömür uzadacaq.
Rəbbin istəyi onun əli ilə uğur qazanacaq.
O çəkdiyi iztirablarının bəhrəsini görüb qane olacaq,
Mənim saleh qulum öz biliyi ilə çoxlarına bəraət qazandıracaq,

Onların şər əməllərinin yükünü üzərinə götürəcək".[7]

O axşam — sonuncu şam yeməyində İsa şagirdləri üçün yevxaristiya mərasimini təyin etmişdir. Yevxaristiya, İsa Məsihin qanı ilə bağlanan Yəni Əhdin zahiri əlamətidir. İsa Məsihlə Yeni Əhd bağlamış möminlər bunu yevxaristiyada iştirak edərək təsdiq edirlər.

  1. Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid) – birinci nəşr. Müqəddəs Kitab Şirkəti, Bakı, 2009. "Lüğət", səh. 379
  2. Yeremya Peyğəmbərin Kitabı 31:31–34
  3. Luka Müjdəsi 22:20
  4. Bax: İbranilərə Məktub 8:7–13: "Əgər ilk Əhd qüsursuz olsaydı, ikinci Əhdə səbəb axtarılmazdı. Çünki Allah Öz xalqını təqsirkar çıxararaq deyir: "Rəbb bəyan edir: "İsrail xalqı və Yəhuda xalqı ilə Yeni bir Əhd bağlayacağım günlər yaxınlaşır. Bu Əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Çünki onlar əhdimə sadiq qalmadılar, Mən də onlardan üz döndərdim" Rəbb belə bəyan edir. "O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir"Rəbb bəyan edir, "Qanunlarımı onların zehinlərinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq. Bir kəs öz həmvətənini yaxud qardaşını ‹Rəbbi tanı› deyib öyrətməyəcək.Çünki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərinə qarşı mərhəmətli olacağam, Günahlarını daha yada salmayacağam"". Allah "Yeni Əhd" deməklə birincisinin köhnə olduğunu göstərir. Köhnələn və yaşa dolansa çox keçmədən yox olur".
  5. Mark Müjdəsi 14:22
  6. Matta Müjdəsi 26:27–28
  7. Yeşaya 53:10–11
  • Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
  • Словарь библейского богословия. Под редакцией Ксавье Леон-Дюфура и Жана Люпласи, Августина Жоржа, Пьера Грело, Жака Гийе, Марка-Франсуа Лакана. Перевод со второго французского издания. Брюссель: Жизнь с Богом, 1990. "Союз / Завет".
  • Мень А. протоиерей "Библиологический словарь в 3-х т.". Москва: Фонд имени Александра Меня, 2002. "Новый Завет". http://krotov.info/spravki/essays/08_z/zavet.html Arxivləşdirilib 2012-05-16 at the Wayback Machine