Xristian esxatologiyası

Xristianlıq


Xristianlıq

Xristian esxatologiyası (yunan. ἔσχατος, esxatos, "son", "axırıncı", + yunan. λογος, logos, "elm") – xristian teologiyasının Bibliya əsasında dünyanın sonu, bəşəriyyətin aqibəti kimi məsələləri tədqiq edən sahəsidir.

Xristian esxatologiyasının tədqiq etdiyi başlıca mövzular bunlardır: ölümaxirət, cənnətcəhənnəm, İsa Məsihin ikinci gəlişi, ölülərin dirilməsi, böyük əziyyət, minillik padşahlıq, dünyanın sonu, əbədi məhkəmə, yeni göy və yeni yer. Esxatologiya ilə bağlı olan kəlamlara Bibliyanın müxtəlif yerlərində, habelə Bibliyaya daxil olmamış yazılarda və kilsə atalarının əsərlərində rast gəlinir.

İsanın esxatoloji görüşləri

[redaktə | mənbəni redaktə et]

Y. Vays (J. Weiss) və A. Şveytser (A. Schweitzer) XX əsrin əvvəllərində iddia etmişlər ki, İsa hökm gününün tezliklə olacağını gözləyən və xalqı tövbəyə çağıran bir vaiz idi. İsanın bu cür “aldanmış” bir müəllim olduğunu inkar edən Ç. Dodd (С. Н. Dodd) «gerçəkləşmiş esxatologiya» nəzəriyyəsini yaratmışdır. Dodda görə, “hökm” müəyyən mənada artıq gerçəkləşmişdir. Dodd İncildəki tarix təsvirində Allahın hökmünü görür və İsanın Yəhya Müjdəsində yazılmış “İndi isə bu dünyaya hökm veriləcək”[1] sözlərində özünün bu fikri üçün əsas tapırdı.

Müasir alimlərin əksəriyyəti hesab edir ki, bir yandan Vays və Şveytser, digər yandan isə Dodd iki ifrat baxışı təmsil edirlər. Bu ifratların arasındakı üçüncü baxış daha inandırıcı görünür. İsa düşünürdü ki, Allahın Padşahlığı müəyyən mənada artıq gəlmişdir. Lakin eyni zamanda O, esxatoloji olaylardan gələcəkdə baş verəcək olaylar kimi bəhs edirdi. Beləliklə, müasir Əhdi-Cədid tədqiqatçıları Əhdi-Cədid esxatologiyasını “artıq gəlmiş, lakin hələ tam gəlməmiş” şəklində şərh edirlər.

İsanın gələcəyə dair inancları ilk əvvəl Əhdi-Ətiqə və yəhudi ənənəsinə əsaslanırdı. İsa ölülərin dirilməsini[2] və qorxunc hökm gününü[3] gözləyirdi. O, salehlərin mükafatlandırılacağına[4] və günahkarların cəzalandırılacağına[5] əmin idi, axır zamanlarda möminlərin əziyyət çəkəcəyini[6] və təbii fəlakətlərin baş verəcəyini[7] öyrədirdi.

Müasir alimlər razılaşırlar ki, İsa hökm gününün yaxın olduğunu düşünürdü. Bəzi ilahiyyatçılarının bunu imkar etmək cəhdləri inandırıcı deyildir. Bununla belə, İsa bunun nə vaxt olacağına dair hər hansı təxminləri rədd edir[8] və “o günü və o saatı” bilmədiyini etiraf edirdi.[9].

Erkən kilsənin esxatologiyası

[redaktə | mənbəni redaktə et]

Həvarilərin vəzlərində esxatologiya mühüm yer tutur. Həvarilərin İşləri Kitabı həvarilərin dirilmiş İsa Məsihlə söhbət edərkən “Ya Rəbb, İsraildə Padşahlığı indimi bərpa edəcəksən?” suallarına, Məsihin “Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil” deyə cavab verdiyini nəql edir.[10] Beləliklə, ilk xristianlar üçün dünyanın sonunun vaxtı haqqında sual açıq qalırdı. Bununla belə, şübhəsiz ki, onlar Səmavi Padşahlığın tezliklə gələcəyini gözləyirdilər. Buna görə də bəzi möminlər öz işlərini tərk edərək dünyanın sonunu günü-günə gözləyirdilər. Həvari Pavel buna qarşı etiraz edirdi,[11] həvari Pyotr da o gün haqqında belə deyirdi: “...Rəbb üçün bir gün min il kimidir, min ilsə bir gün kimidir... Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbir edir. Çünki O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir. Rəbbin günü isə oğru kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanaraq məhv olacaq. Yer üzü və onun üstündə hər şey ifşa olunacaq... Amma biz Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik...”[12]

İsanın ikinci gəlişi

[redaktə | mənbəni redaktə et]
Əsas məqalə: Parusiya

Xristian esxatologiyasına görə, İsa gözlənilmədən, gözlə görünən şəkildə ikinci dəfə yer üzünə gələcəkdir.

Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.[13]

Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək.[14]

Hər kəs İsanın zühurunu görəcəkdir:

Budur, O, buludlarla gəlir!

Hər göz Onu görəcək,
Hətta Onun bədənini deşənlər də
Onu görəcək.
Yer üzünün bütün tayfaları
Onun üçün ah-nalə edəcək.

Bəli, belə olacaq. Amin.[15]

Xristianların böyük əksəriyyəti inanır ki, Məsihin ikinci gəlişinin nəticəsində imansız adamlar mühakimə ediləcək, sadiq və mömin olanlar isə mükafat alıb yeni göylərdə və yeni yerdə Məsihlə birlikdə yaşayacaqlar:

Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi.

Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq.

Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi».[16]

İsa Məsih gəlişindən əvvəl xüsusi əlamətlər olacaq: Məsihin Müjdəsi bütün dünyada vəz ediləcək [17], böyük əziyyət olacaq [18], möcüzələr göstərən yalançı peyğəmbərlər törəyəcəklər [19], səmada əlamətlər olacaq [20]. Bundan əlavə, Həvari Pavel öyrədirdi ki, qanunsuz adam meydana çıxmayınca Məsih gəlməyəcək. Məsih Öz qəlişində bu qanunsuz adamı məhv edəcək. Sözügedən qanunsuz adam bir qayda olaraq Vəhy Kitabındakı “vəhşi heyvan” kimi qəbul edilir və “Məsihin Əleyhdarı” yaxud “Antixrist” adlandırılır. [21]

Ölülərin dirilməsi

[redaktə | mənbəni redaktə et]

Ölülərin dirilməsi təlimi hələ xristianlıqdan qabaq da mövcud idi. Əhdi-Ətiqdə Daniel Peyğəmbərin Kitabında belə ayə vardır: “Torpağın altında yatanların çoxu əbədi həyat, bəzisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq.” [22]

Əhdi-Cədid müntəzəm olaraq ölülərin diriləcəklərindən bəhs edir. Məsih gələcəyi anda Ona sadiq qalmış mərhum möminlər diriləcəklər, Məsihin gəlişinədək sağ qalanlar isə bundan dərhal sonra dəyişiləcəklər. Bu təlim “sirr” adlandırılır.[23]

Lakin Əhdi-Cədidə görə, ölülərin dirilməsi iki mərhələdə baş verəcək. Birinci dirilmədə yalnız cənnətə gedənlər iştirak edəcəklər. İkinci dirilmədə isə məhkum olub əbədi olaraq məhv olanlar iştirak edəcəklər:

Birinci dirilmədə iştirak edənlər bəxtiyar və müqəddəsdir. İkinci ölümün onlar üzərində səlahiyyəti yoxdur. Əksinə, onlar Allahın və Məsihin kahinləri olub Onunla birgə min il padşahlıq edəcək.[24]

İkinci dirilmə isə son dərəcə qorxunc obrazlarla təsvir olunur:

Mən gördüm ki, böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablar açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu.

Dəniz öz içində olan ölüləri, ölüm və ölülər diyarı da öz qoynunda olan ölüləri təslim etdi. Hər biri öz əməlinə görə mühakimə olundu.
Ölüm və ölülər diyarı odlu gölə atıldı. Bu odlu göl ikinci ölümdür.

Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı. [25]

Xristian inancına görə, qiyamət günündə ölümdən dirilənlərin bədənləri “çürüməz”, “izzətli”, “ruhani” olacaqdır. Həvari Pavel bu inancı əkilən toxum məsəli ilə açıqlamışdır:

Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz; əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif, dirilən bədən qüvvətlidir; əkilən toxum təbii, dirilən bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də var. [26]

“Çürüməz” bədən ölümə, xəstəliyə, qocalmağa məruz qalmayacaqdır. “İzzətli” bədən dedikdə, Allahın əzəli məqsədinə uyğun olaraq bütün yaradılışın üzərində hökmran olan, Allahın surətini əks etdirən, nur saçan varlıq kimi insan nəzərdə tutulur:

O zaman salehlər Atalarının Padşahlığında günəş kimi parlayacaqlar. [27]

Ağıllı adamlar göy qübbəsinin parıltısı kimi, çoxunu salehliyə döndərənlər ulduzlar kimi əbədi və daim parlayacaq.[28]

“Ruhani bədən” heç demək deyil ki, dirilmiş bədən fiziki yaxud maddi olmayacaqdır. Lakin əbədi həyatda dirilmiş bədən artıq “cismani” arzularla iradə olunmayacaqdır:

İnsanlar ölülər arasından diriləndə nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar. [29]

Minillik padşahlıq (Millenium, xiliazm)

[redaktə | mənbəni redaktə et]

Vəhy Kitabında göydən enən bir mələyin Şeytanı min il müddətinə zəncirlədiyi təsvir edilir:

Onu dibsiz dərinliyə atdı və qapısını bağlayıb möhürlədi ki, min il bitənə qədər millətləri daha aldada bilməsin. Bundan sonra isə o, qısa bir müddətə azad edilməlidir.

Taxtları və onların üzərində oturanları da gördüm. Onlara hökm etmək ixtiyarı verildi. İsa barədə şəhadət və Allahın kəlamı uğrunda boynu vurulmuş canları da gördüm. Vəhşi heyvana və onun surətinə səcdə etməyib alınlarına və əllərinə damğanı qəbul etməmişdilər. Onlar dirilib Məsihlə birgə min il padşahlıq etdi.
Bu, birinci dirilmədir. Qalan ölülərsə min il bitməyincə dirilmədi…

onlar Allahın və Məsihin kahinləri olub Onunla birgə min il padşahlıq edəcək.[30]

Xristian kilsəsinin tarixində millenium adlanan bu minillik padşahlıq barəsində üç əsas inanc olmuşdur:

  • Amillenializm (latın dilindən – “min il yoxdur”) minillik padşahlığı məcazi mənada qəbul edir. Katolik kilsəsi Avqustinin təfsirinə əsasən amillenializm təlimini qəbul etmişdir. Pravoslav kilsəsində bu inanca üstünlük verildiyi halda, pravoslav ilahiyyatı bu məsələni açıq hesab edir. Protestantlar arasında lüteran, reformat, anqlikan, metodist və b. kilsələr amillenializm inancını qəbul edirlər.
  • Postmillenializm (latın dilindən – “min ildən sonra”) Məsihin minillik padşahlığından sonra təkrar gələcəyini öyrədir.
  • Premillenializm (latın dilindən – “min ildən öncə”) Məsihin minillik padşahlığından öncə təkrar gələcəyini öyrədir.

Bir sıra protestant kilsələri postmillenializm və ya premilenializm təliminə üstünlük verirlər.

Əbədi məhkəmə

[redaktə | mənbəni redaktə et]

Əbədi məhkəmə barəsində təlimə Əhdi-Cədidin müxtəlif yerlərində rast gəlmək olar.[31] Həvarilər öyrədirdilər ki, dirilərlə ölüləri mühakimə edəcək Şəxs Məsih olacaqdır.[32] Bütün dünyanın Hakimi olmaq hüququnu Məsihə Ata Allah vermişdir:

Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi.
Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur.[33]

Xristian inancına görə, əbədi mühakimədə İlahi haqq-ədalətin təntənəsi gerçəkləşəcəkdir.

Vəhy Kitabında əbədi məhkəmə belə təsvir olunur:

Mən gördüm ki, böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablar açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu.
Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı.[34]

Adları həyat kitabında yazılan möminlər də mühakimə olunacaqlar, lakin onlara hökm çıxarılmayacaq, əksinə, bəraət veriləcək:

Biz hamımız Allahın hökm kürsüsünün qarşısında dayanacağıq... hər birimiz özü üçün Allaha hesabat verəcək[35]

Çünki hər birimiz bu bədəndə olanda etdiyimiz əməllər pis də olsa, yaxşı da olsa, onların əvəzini almaq üçün Məsihin hökm kürsüsü önünə çıxmalıyıq.[36]

Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib.[37]

Yeni göylər və yeni yer

[redaktə | mənbəni redaktə et]

Xristianlar Allah ilə birlikdə “göylərdə” yaşayacaqlarından tez-tez danışırlar. Lakin xristian inancına görə həm yeni göylər, həm də yeni yer olacaq. Kainat büsbütün təzələnəcək. “Yeni göylər və yeni yer” haqqında hələ Əhdi-Ətiq xəbər verir:

Budur, Mən yeni göylər və yeni yer yaradıram.

Əvvəlki işlər bir daha xatırlanmayacaq,
Heç yada düşməyəcək.
Yaratdığımla əbədilik sevinin, şadlanın.
Çünki sevinc üçün yeni Yerusəlimi,

Sakinlərini xoşbəxtlik üçün yaradacağam.[38]

Əhdi-Cədiddə bu inancın davamını görürük:

Amma biz Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik.[39]

Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi.

Mən müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Allahın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı.
Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq.
Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi».

Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam». Yenə dedi: «Yaz, çünki bu sözlər etibarlı və həqiqidir».[40]

Göydən enən yeni Yerusəlimin, Allahın insanların arasındakı məskənin bu təsviri xristianlarda xoşbəxt əbədiyyətə ümidi əmələ gətirir. Xristianlar əbədi həyatda səma ilə yer üzünün birləşəcəyini gözləyirlər və əbədi olaraq Allahın hüzurunda yaşayacaqlarına inanırlar.

“Göylər” sözü xristian düşüncəsində bir qayda olaraq Allahın məskən saldığı yer mənasında başa düşülür. Yeni göylər və yeni yer haqqında xristianların müxtəlif təlimləri mövcuddur. İndiki yer kürəsinin tamamilə məhv ediləcəyinə inananlar var, bir başqası ilə əvəz ediləcəyini düşünənlər var, həm də sadəcə olaraq təzələnəcəyini öyrədənlər vardır.

Vəhy Kitabında Səmavi Yerusəlimin qiymətli daşlar, mirvarilər, xalis qızıldan küçələr kimi maddi şeylərlə təsvir edilməsi[41] simvolik olaraq başa düşülə bilir, lakin ölülərin fiziki bədəndə dirilməsi inancı xristianları bir qayda olaraq təzələnmiş “yeni yer”də əbədi olaraq yaşayacaqlarına yəqin edir. Bundan əlavə, Vəhy Kitabında təsvir olunan yeni dünya indiki dünyadan tamamilə fərqlidir: “Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Allahın ehtişamı oranı işıqlandırır... orada gecə olmayacaq”[42] Əbədiyyətdə artıq zaman olmayacaq, zamansız yaşamaq isə indiki vəziyyətdə insan üçün dərkedilməz bir haldır, onu sadəcə olaraq imanla qəbul etmək mümkündür. Mömin xristianlar dərrakədən üstün olan başqa inancları qəbul etdikləri kimi (məsələn, Üç Üqnum), axirətdə zamansız bir gerçəklikdə yaşayacaqlarına da inanırlar.

  • Мень А. протоиерей «Библиологический словарь в 3-х т.». Москва: Фонд имени Александра Меня, 2002. «Эсхатология библейская», «Парусия».
  • Green, Joel B., Scot McKnight, and I. Howard Marshall. Dictionary of Jesus and the Gospels. electronic ed. Downers Grove: InterVarsity, 1997. “Eschatology”.
  • Грудэм Уэйн, Систематическое Богословие: Введение в библейское учение. СПб, «Мирт», 2004. стр. 935-1316.
  • Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009
  1. Yəhya Müjdəsi 12:31. Bax həmçinin Yəhya Müjdəsi 3:19: “Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdi, çünki əməlləri şər idi”.
  2. Mark Müjdəsi 12:18-27
  3. Luka Müjdəsi 10:13-15; 11:31-32
  4. Luka Müjdəsi 6:20-23
  5. Luka Müjdəsi 6:46-49
  6. Luka Müjdəsi 12:49-53
  7. Luka Müjdəsi 21:25-26
  8. Luka Müjdəsi 17:20-21
  9. Mark Müjdəsi 13:32
  10. Həvarilərin İşləri 1:6-7
  11. Bax: 2 Saloniklilərə Məktub 2:1-17
  12. 2 Peter 3:4-15
  13. Matta Müjdəsi 24:44
  14. 1 Saloniklilərə 5:2
  15. Vəhya Kitabı 1:7
  16. Vəhy Kitabı 21:1-4
  17. Matta Müjdəsi 24:14
  18. Mark Müjdəsi 13:7-8, 19-20
  19. Mark Müjdəsi 13:22
  20. Mark Müjdəsi 13:24-26
  21. Bax: 2 Saloniklilərə Məktub 2:1-10
  22. Daniel 12:2
  23. Bax: 1 Korinflilərə Məktub 15:51-52: “Baxın sizə bir sirr açmaq istəyirəm: hamımız vəfat etməyəcəyik, amma son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca hamımız dəyişiləcəyik. Çünki şeypur çalınacaq, ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik.”; 1 Saloniklilərə Məktub 4:16-17: “Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək. Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcək. Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq.”
  24. Vəhy Kitabı 20:6
  25. Vəhy Kitabı 20:12-15
  26. 1 Korinflilərə Məktub 15:42-44
  27. Matta Müjdəsi 13:43
  28. Daniel 12:3
  29. Mark Müjdəsi 12:25
  30. Vəhy Kitabı 20:1-6
  31. Bax: Vəhy Kitabı 20:11-15; Həvarilərin İşləri 17:30-31; Romalılara Məktub 2:5; İbranilərə Məktub 6:2; Yəhudanın Məktubu 7 və s.
  32. Bax: 2 Timoteyə Məktub 4:1; Həvarilərin İşləri 10:42
  33. Yəhya Müjdəsi 5:26-27
  34. Vəhy Kitabı 20:12, 15
  35. Romalılara Məktub 14:10, 12
  36. 2 Korinflilərə Məktub 5:10
  37. Yəhya Müjdəsi 5:24
  38. Yeşaya 65:17-18
  39. 2 Peter 3:13
  40. Vəhy Kitabı 21:5
  41. Vəhy Kitabı 21:21-26
  42. Vəhy Kitabı 21:23, 25