"Yuvarlanan ildırım" əməliyyatı (ing. Rolling Thunder) — Vyetnam müharibəsi zamanı ABŞ təyyarələri tərəfindən Vyetnam Demokratik Respublikasına (VDR) qarşı bombardman kampaniyasının kod adı.
Yuvarlanan ildırım əməliyyatı | |
---|---|
Tarix | 2 noyabr 1968 |
Vikianbarda əlaqəli mediafayllar |
"Yuvarlanan ildırım" əməliyyatı 2 mart 1965-ci ildən 31 oktyabr 1968-ci ilə qədər Lindon Consonun prezidentliyi dövründə həyata keçirilmişdir. Bu, İkinci Dünya müharibəsinin bitməsindən bəri ən uzunmüddətli bombardman kampaniyası olmuşdur .
29 oktyabr 1964-cü ildə Birləşmiş Ştatlar Prezidentinin müşaviri Vilyam P. Bandi Vyetnamın cənubunda Vyetkonqun bu və ya digər böyük hərəkətinə cavab olaraq, ABŞ Hind-Sakit okean Komandanlığı tərəfindən Şimali Vyetnam ərazisindəki hədəflərə kütləvi zərbələr endirməyi təklif etmişdi.[1]
18 noyabr 1964-cü ildə Amerikanın "F-100" və "T-28" təyyarələri Laosun hava məkanından Şimali Vyetnamın hava məkanını zəbt edərək Kuanqbin vilayətinin rayonlarından birinə hücum etmişdir. 27 noyabr 1964-cü ildə SSRİ-nin ABŞ-nin hərəkətlərini Şimali Vyetnamın suverenliyinə kobud qəsd kimi qiymətləndirdiyi "TASS" hesabatı dərc olunmuşdur.[2]
1965-ci il yanvarın sonunda Birləşmiş Qərargah Rəisləri "Alovlanan nizə" adlı proqram çərçivəsində hava hücumları üçün hədəflərin siyahısını təqdim etmişdir.[1]
1965-ci il fevralın 6-dan 7-nə keçən gecə Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin (CVMAC) qüvvələri Pleyku yaxınlığındakı ABŞ aerodromuna və ondan yeddi kilometr aralıda yerləşən Kemp-Holloveydəki vertolyot bazasına hücum etmişdir. Bu zaman 137 amerikalı yaralanmış, 9-u həlak olmuş, 16 helikopter də sıradan çıxmışdır. ABŞ Prezidenti L. B. Conson demək olar ki, dərhal "Alovlanan nizə" proqramının bir hissəsi olaraq hədəflərə zərbələr endirmişdi. Reyd o qədər də uğurlu alınmamışdı, çünki onu həyata keçirmək qərarına gələn mülki şəxslər aviasiyanın imkanlarını və obyektlərin xüsusiyyətlərini nəzərə ala bilməmişdilər.[1]
10 fevralda CVMAC Kuinyonda ABŞ elementlərinə hücum etmiş, nəticədə 23 əsgər öldürülmüş və 21 əsgər yaralanmışdır. Buna cavab olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarələri və Cənubi Vyetnam pilotları Şimali Vyetnamın cənubundakı hədəflərə hücum etmişdilər. Bu dəfə ABŞ hökuməti əməliyyatları "Vyetkonq və şimali vyetnamlıların davamlı təcavüz nümayişinə" ümumi cavab kimi qiymətləndirmişdi.[1]
13 fevral 1965-ci ildə ABŞ prezidenti L. B. Conson "Yuvarlanan ildırım" əməliyyatının başlamasını əmr etmişdir.[1]