Zülfüqar bəy Məhəmmədqulu bəy oğlu Makinski (d. 1885; İrəvan şəhəri, İrəvan quberniyası, Rusiya imperiyası – ö. 1923-cü ildən sonra) — Azərbaycan himayədarlıq nazirinin Ermənistandakı müvəkkili, Ermənistan Demokratik Respublikası Parlamentinin I çağırış deputatı, Azərbaycan SSR-ın Ərzaq Nazirliyinin maliyyə şöbəsinin müdiri, Makinskilər ailəsinin üzvü və Teymur bəy Makinskinin qardaşı.[1]
Zülfüqar bəy Makinski | |
---|---|
1 avqust 1918 – 4 iyun 1919 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1885 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Zülfüqar bəy Makinski 1904-cü ildən Peterburq Universitetinin hüquq fakültəsində təhsil almağa başlamış və 1911-ci ildə oranı bitirmişdir. Universitet təhsilini başa vurduqdan sonra vəkil olaraq çalışmağa başlamışdır.[2][3]
Ailəsinin əsli Cənubi Azərbaycanın Maku xanlığına dayanmaqdadır. Oğuz türklərinin Bayat tayfasından olan Maku xanlarının bir qolu XIX əsrdə İrəvanda məskunlaşmışdı. Zülfüqar bəy Makinski bu ailənin nümayəndəsidir.[4]
1918-ci ildə Ermənistan Demokratik Respublikasının seçkisiz formalaşmış Parlamentində müsəlman əhalinin sayı hesabına seçilmiş 6 deputatdan (Əsəd bəy Ağabababəyov, Mirbağır Mirbabayev, Seyid Rza Mirbababəyov, Mirzə Cabbar Məmmədzadə, Əşrəf ağa İsmayılov, Zülfüqar bəy Makinski) biri idi.
21–23 iyun 1919-cu ildə Ermənistanın tarixində ilk milli seçkilər keçirildi. Seçkidə ermənilər, müsəlmanlar (azərbaycanlılar), kürdlər və aysorlar iştirak edirdi. 7-ci nömrə altında iştirak edən "Müsəlmanların Partiyasız İttifaqı"nın 16 namizədindən 3-ü Ermənistan parlamentinin üzv seçildi. Lakin onlardan sadəcə 2-sinin adı məlumdur: Əsəd bəy Ağabababəyov və Mirbağır Mirbabayev. 1918–1920-ci illərdə İrəvanda fəaliyyət göstərən və Azərbaycan türklərinə aid olan İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığının fəaliyyətində aktiv iştirak etmişdir. Onun rəhbərliyi altında olan təşkilatın 1919-cu il yanvarın 17-də keçirilən iclasında Azərbaycan hökumətinə müraciət qəbul olunmuşdur. Təşkilatın sədri Teymur xan Makinskinin imzası ilə göndərilən müraciətdə qeyd edilirdi ki, türk qoşunlarının İrəvan quberniyasından çəkilməsindən sonra erməni silahlı qüvvələri Sürməli qəzasını bütünlüklə və Eçmiədzin qəzasının tamamilə müsəlmanlar yaşayan hissəsini ələ keçirmiş, üstəlik, Şərur və Naxçıvan qəzalarını ələ keçirmək üçün hücuma keçmişlər. Məhv olmağa və ölümə məhkum edilmiş İrəvan quberniyası müsəlmanlarını xilas etmək üçün müttəfiqlərin komandanlığının iştirakı ilə Tiflisdə Azərbaycan və Ermənistan nümayəndələrinin xüsusi konfransının təşkil olunması təklif edilirdi.[5][6][7]
Azərbaycan hökumətinin 1 avqust 1919-cu il tarixli qərarı ilə Zülfüqar bəy Makinski himayədarlıq nazirinin Ermənistandakı müvəkkili vəzifəsinə təyin olunmuşdur.[8][9][10] Bundan sonra 11 noyabr 1919-cu il tarixində göndərmiş olduğu məruzədə qeyd edilirdi:[11]
1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində 0,5 milyon əhali dilənçi vəziyyətinə düşüb (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis sahələrindən və Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır. Onlar xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və qırğınlara məruz qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göykümbət, Arbat, Ağcaqışlaq və Çarbax kəndləri aiddir. Qəti demək olar ki, ölənlərin sayı 100-120 min nəfərdir. 50 min nəfər Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmiədzində yaşayır. Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının 3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınıblar. Bəziləri Maku xanlığına və Türkiyə ərazisinə köçüblər. İndiki məqamda 50 min nəfərə ərzaq yardımı (un, taxıl və çörək şəklində) göstərilməlidir. İrəvan şəhərində aclıq keçirən əhalinin sayı 8 min nəfərdir.
Ondan sonra bu vəzifəni tutan şəxslərdən biri də onun qardaşı Teymur bəy Makinskidir. O, bu vəzifəyə 1920-ci il martın 16-da təyin edilmişdir.[12]