Zeynal xan Şamlı

Zeynal xan Süleyman xəlifə oğlu Şamlı (?-1527) — qızılbaş sərkərdəsi, Heratın hakimi. Mərv yaxınlığında Mahmudi kəndində (1510) döyüşdə Qızılbaş ordusu qələbə çaldıqdan sonra I Şah İsmayıl h. 917 (1510-1511)- ci ildə Zeynal xan Şamlını Rey və Sovucbulağa hakim təyin edir. Sovucbulaq və Rey hakimi Zülqədər Abdal bəy Dədəni isə Mərv hakimliyinə gətirir. Lakin Zülqədər Abdal bəy Dədə özbəklərin Məhəmməd Teymur xanın başçılığı altında 1513-1514-cü illərdə Xorasana hücumu zamanı Mərvin müdafiəsini təşkil edə bilmədiyinə və şəhərdən qaçdığına görə vəzifədən azad edilir. Nəticədə 1513-1514-cü illərdə Zeynal xan Şamlı Herata, Div sultan ayamalı Əli bəy Rumlu Bəlx və onun ətrafına, Ağqoyunlu dövrünün böyük əmirlərindən olmuş Gülabi bəy bin Əmir bəy Mosullunun oğlu Əmir xan Mosullu Qayeyə, İlyas bəy Ayqut oğlu isə Reyə hakim təyin edilmişdir.[1]1522-1523-cü ildə Zeynal xan Şamlı Astrabada hakim olaraq göndərilir.[2] Şah Təhmasibin (1524-1576) hakimiyyətinin ilk illərində Türk-Qızılbaş əsilzadələrindən Zeynal xan Şamlı hələ də Astrabad hakimi idi.[3]Tarixi Qızılbaşan əsərinin müəllifi onun barədə yazır:

Zeynal xan Şamlı
Zeynal xan Süleyman xəlifə oğlu Şamlı
SonrakıMəhəmməd xəlifə Hacılar-Zülqədər
1513 – 1516
ƏvvəlkiDurmuş xan Şamlı
SonrakıHüseyn xan Şamlı
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat səbəbi döyüş
Fəaliyyəti hərbi lider[d]
Atası Süleyman xəlifə
Uşağı

Oğulları

Zeynal xan fərmana görə bir neçə il Herat valisi oldu, lakin o əraziləri tuta bilmədiyi üçün azad edildi. Bir neçə il Astrabada hakimlik etdi və hicri 934-cü ildə Firuzkuhda özbək Zeynəşlə vuruşub həlak oldu.” [4]

Zeynal xan Süleyman xəlifə oğlu Şamlı elinin Bəydili oymağındandır. I Şah İsmayılın adlı-sanlı əmirlərindən idi. Həsən bəy Rumlu yazır ki, 1509-1510-cu ildə Şah İsmayıl Lahican sufilərindən Qəzvin, ReySovucbulaq hakimi Abdal bəy Dədə Zülqədəri vəzifəsindən azad edir və onun yerinə Zeynal bəy Şamlını gətirir.[5][6] Zeynal bəyə şah tərəfindən xan titulu verilir.[5][7]

Herat hakimi təyin olunması

[redaktə | mənbəni redaktə et]

1510-cu ildə Şeybək xan ilə Qızıbaşlar arasında baş verən Mərv döyüşündə Zeynal xan Şamlı da iştirak edirdi. Səfəvi qoşunlarında Zeynal xan Şamlı, Div Sultan Rumlu, Cayan Sultan Ustaclı, Badımcan Sultan Rumlu, Mirzə Məhəmməd Talış və digər əmirlər Mərv qalasının mühasirəsi ağırlığını öz üzərinə götürmüşdülər. “Aləmara-yi Şah İsmayıl”a görə, cəmi üç saat ərzində özbək ordusunun sağ və sol cinahları sıradan çıxarıldı. Özbəklər vahimə içərisində pərən-pərən düşüb, o taya keçmək üçün özlərini çaya atırdılar. Bəzi özbək döyüşçüləri isə çayı keçməyə macal tapmayıb, bataqlıqda qərq oldular. Nəticədə döyüş Səfəvilərin qələbəsi ilə başa çatdı.[8]

1511-ci ildə Şah İsmayılın Xorasandan uzaqlaşması ilə özbək xanları ilə olan münasibətlər yenidən gərginləşir. 1511-ci ildə Canibəy sultanın oğlu, Daşkənd hakimi Qara Gəskən Bahadır Səfəvilərin vassalı olan Xan-Mirzəyə məxsus Bədəxşan vilayətini işğal etdi. Amma şahın əmri ilə Bəlxdəki qızılbaş əmiri Bayram xan Qaramanlunun göndərdiyi 5 minlik qoşun özbək dəstələrini həmin ərazidən vurub çıxardı və orada Xan-Mirzənin hakimiyyətini bərpa etdi.[9]Bu hadisədən istifadə edən Babur şah Şah İsmayıla məktub yazıb kömək istədi. Baburun məktubunu alan və özbəklərin müqaviləni pozmasından qəzəblənən Şah İsmayıl Zeynal xan Şamlının da iştirakı ilə Məhəmməd sultan Sufioğlu Ustaclu və Badımcan sultan Rumlu başda olmaqla 5 minlik qoşunu Bəlxə, Bayram xanın sərəncamına göndərdi və onlara Baburla birlikdə Türküstanı fəth etmək tapşırıldı.[10]Onlar təqribən iki ay bu bölgədə qaldılar. Babur padşah göstərilən köməyə görə Şah İsmayıla təşəkkür etdi və bildirdi ki, qızılbaş qoşunlarının köməyi ilə bölgəni özbək qoşunlarından təmizləmişik və indi istəmirik ki, Şah İsmayıl bu qoşunların intizarını çəkmiş olsun. Ona görə də təklif edildi ki, Bayram bəy qızılbaş qoşunları ilə geri dönsün. Bu zaman Zeynal xan Şamlı və Əlişükür bəy bildirdilər ki, özbək xanları hələ lazımınca əzilməmişlər və onların hansı planlara malik olması haqqında da məlumat mövcud deyil. Zeynal xan başda olmaqla Səfəvi əmirlərinin fikrincə, Babur padşah özü də ələ keçirilmiş vilayətlərdə kifayət qədər mökəmlənməmişdi və ona görə də onlar qızılbaş qoşunlarının geri göndərilməsini məqsədəuyğun bilmirdilər. Onlar təklif etdilər ki, özbək xanlarının məsələsi birdəfəlik həll edilsin və ondan sonra qızılbaş qoşunları geri qayıtsınlar. Lakin Babur şahın təkidi ilə Zeynal xan Şamlı digər Səfəvi əmirləri ilə birlikdə hədiyyələrlə Şah İsmayılın düşərgəsinə üz tutdular.[11]

Übeydulla xan Babur şahın tək qaldığını eşidəndə yenidən Buxara üzərinə hücuma keçdi. Buxara Übeydulla xan tərəfindən ələ keçirildikdə Babur şah yenidən Şah İsmayıla müraciət edərək kömək istədi. Zeynal xan Əmir Nəcmi tərəfindən göndərilən bu dəstədə də Qızılbaş qoşunları arasında idi. Əmir Nəcm ilk əvvəl Xacə Kəlan adlı birisini birləşmiş qoşunların çərxcisi təyin etsə də, Xacə Kəlan ona verilmiş dəstəni itirərək geri qayıtmışdı. Bundan sonra Əmir Nəcm birləşmiş qoşunların çərxçiliyini Zeynal xana tapşırdı və onun nəzərinə çatdırdı ki, vəzifənin icrasına Xacə Kəlan kimi yanaşsa onu sərt cəza gözləyir. Zeynal xan da 2 min nəfərlik qoşun dəstəsini götürərək irəli hərəkət etdi. Hisar qalasını ətrafına yetişəndə onun alınmasının mümkün olmadığını gördü və ona görə də qoşunların gəlib yetişməsini gözlədi. Bir müddətdən sonra Əmir Nəcm də qoşun dəstəsi ilə gəlib yetişdi. Bundan sonra Hisar qalası birləşmiş qoşunlar tərəfindən mühasirə edildi. Qala daxilindəkilər bu mühasirəyə davam gətirməyərək aman istəməli oldular.[12]Zeynal xan Şamlı Əmir Nəcmin ordusunda Hisar qalasının mühasirəsində həmçinin Qarşı qalasının ələ keçirilməsi əməliyyatlarında yaxında iştirak etmişdi.[7]

Əmir Nəcm Gicduvan döyüşündə öldürüldükdən sonra Şah İsmayıl təzədən Mavəraünnəhri ələ keçirmək üçün bu dəfə özü yola düşməli oldu. Şah İsmayıl Xorasana hücum çəkib Mavəraünnəhri yenidən Səfəvi dövlətinə tabe etdikdən sonra döyüş meydanını tərk etdiyi üçün Hüseyn bəy Lələni Herat hakimi vəzifəsindən uzaqlaşdırdı və onun yeniə Zeynal xan Şamlı yeni Herat hakimi oldu.

[13][14]

Özbəklərin Xorasa hücumlarından sonra bölgədə aclıq və səfalət pik nöqtəsində idi. Həsən bəy Rumlu yazır ki, həmin il Herat hakimliyində güclü qıtlıq hökm sürürdü. “Herat şəhərində qıtlıq o dərəcədə şiddətlənmişdi ki, adamlar bir-birini yeyirdilər. Oranın hakimi Zeynal xan adamyeyənləri cəzalandırdı.”[15]

Zeynal xan Herat hakimi olduqdan sonra Məhəmməd Zaman Mirzə Əmir Ərdovanla birgə 10 minlik qoşun dəstəsi ilə Herata hücum etmək məqsədilə yola düşdü. Herat hakimi Zeynal xan bu təhlükədən nicat tapmaq üçün qala daxilində müdafiə olunmağı məqsədəuyğun saydı və qala darvazlarını bağlatdırdı. Məhəmməd Zaman Mirzə sərəncamında olan qoşun dəstəsi ilə Herat qalasını mühasirəyə aldı və göstərdiyi bütün cəhdlərə baxmayaraq, bu qalanı ələ keçirə bilmədi. Elə həmin günlərdə Div Sultan da Herat yaxınlıqlarına yetişmişdi. O, Zeynal xanın qala daxilinə sığınaraq müdafiə olunmasını eşidəndə təəccüb etdi və ona belə bir xəbər göndərdi: "Məgər bu 10 min nəfərdən qorxdun ki, qala darvazalarını möhkəmlətmisən? Hər halda qala darvazalarını aç və 700-800 nəfərlik dəstə ilə bayıra gəl və inşallah ki, onları məğlub edəcəyik". Bu sözlərdən də göründüyü kimi, Div Sultan da Zeynal xana kömək etmək istəyirdi ki, birlikdə Məhəmməd Zaman Mirzənin dəstəsini məğlubiyyətə uğratsınlar. Amma Zeynal xan bu təkliflə razılaşmadı və cavab göndərdi ki, Div Sultan getdiyi yolla getsin və bizim onun köməyinə ehtiyacımız yoxdur. Belə olanda Div Sultan orada dayanmağı lazım bilməyib yoluna davam etdi və bir müddətdən sonra Şah İsmayılın hüzurunda oldu.[16]Məhəmməd Zaman Mirzənin Herat üzərinə hücumundan xəbər tutan Übeydulla xan da dəstəsini çəkərək Herata doğru yola düşdü. Übeydulla xanın da öz qoşun dəstəsi ilə gəlməsi xəbərini alanda Herat hakimi Zeynal xan müqaviməti davam etdirməyi mənasız saydı. Şəhər daxilində ərzaq da tükənmək üzrə idi. O, ətrafının adamlarını toplayaraq Heratı tərk etdi və Azərbaycana doğru istiqamət götürdü.[17]

Herat hakimi Zeynal xan Şamlı özbək hücumlarına davam gətirə bilmədikdə Xorasanın Kayən hakimi 1516-cı ildə Təbrizdə Şah İsmayılın hüzuruna çıxaraq Xorasanın acınacaqlı vəziyyətini ona şərh etdi.[18] Başqa bir məlumata görə isə Bəlx hakimi Div Sultan Təbrizə gəlib ayrıca Şah İsmayıl ilə görüşəndə Herat hakimi Zeynal xanın dövlət maraqlarının qorunmasında etinasızlıq göstərməsi haqında Şah İsmayıla məlumat verdi. Bundan sonra Şah İsmayıl Xorasanda hakimiyyəti gücləndirilməsi və oğlu Təhmasib Mirzənin Xorasan hakimi təyin edilməsi haqqında qərar verdi.[19] Nəticədə şah Zeynal xan Şamlını bölgəni müdafiə edə bilmədiyi üçün Herat hakimliyindən uzaqlaşdırıldı. O bir neçə illik Astrabad hakimliyinə təyin edildi.[18]

Mazandaran hakimləri və Əmir Dibaca qarşı göndərilməsi

[redaktə | mənbəni redaktə et]

Şah İsmayıl 1518-ci ilin sentyabrında qışı keçirmək üçün Quma gəldi. Burada olduğu zaman Şah İsmayıl məlumat aldı ki, Mazandaran hakimi Səfəvi xəzinəsinə illik vergiləri verməkdən imtina etmişdir. Şah İsmayıl Mazandaran hakimlərinin itaətsizliyinin aradan qaldırılması üçün Zeynal xan Şamlının və Durmuş xanın rəhbərliyi altında qoşun dəstəsi təşkil etdi və bu qoşun dəstəsini bölgəyə göndərdi.[20]Onlar ilk əvvəl əsas diqqəti Ağa Məhəmmədin ələ keçirilməsinə verdilər. Ağa Məhəmməd Zeynal xanla Durmuş xanın gəlişindən xəbər tutan kimi Övlad qalasında gizləndi. Bölgədə Kilis adında başqa bir qala da varidi ki, Ağa Məhəmmədin yaxınları da oraya sığınmışdı. Zeynal xan və Durmuş xan ilk əvvəl Kilis qalasını mühasirəyə aldılar və bu qala ətrafında gərgin döyüşlər başladı. Onlar sərəncamlarında olan bütün silahlardan istifadə edərək şəhər müdafiəçilərinin müqavimətini qırmağa müvəffəq oldular. 3 günlük mühasirədən sonra qala ələ keçirildi. Zeynal xan və dəstəsi bundan sonra Övlad qalası üzərinə hücuma keçdi. Ağa Məhəmməd Səfəvi qoşununa qarşı müqavimətin mənasız olduğunu anlayıb onların yanına öz adamını göndərib aman dilədi. Onlar Ağa Məhəmmədi və xəzinəsini özləri ilə birgə Səfəvi sarayına gətirdilər.[21]Zabil Bayramlı özünün “AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU” adlı əsərində qeyd edir ki, Zeynal xan Şamlı bu hadisədən sonra şah tərəfindən Mazandaran və Rüstəmdara hakim təyin edilmişdi: “Bu zaman Zeynal xan Şamılının Mazandaran və Rüstəmdara hakim təyin edilməsi burada mərkəzi hakimiyyətin nəzarətinin artırılması ilə səciyyəvi olsa da, yerli sülalələrin sahibkarlıq hüquqlarına toxunulmamışdı”[22]

1519-cu ilin yazında Şah İsmayıl bütün ətrafındakılarla birlikdə Savə istiqamətində hərəkətə başladı.[18]Həmin məntəqədə olarkən Şah İsmayıl Gilan hakimi Əmir Dibacın itaətsizlik yolunu tutması barəsində məlumat aldı. Şah yenidən Zeynal xan Şamlını Durmuş xanla birlikdə bu itaətsizliyi aradan qaldırmaq məqsədilə Rəştə göndərdi. Mazandaran və Rüstəmdar hakimi Əmir Əbdülkərim, habelə Lahican hakimi Sultan Əhməd də Durmuş xan və Zeynal xanla birlikdə Rəştə göndərildilər. Şah İsmayıl özü isə Tarom və Fumən yolu ilə Rəştə doğru irəliləməli idi. Bununla nəzərdə tutulurdu ki, Əmirə Dibacın bütün yolları kəsilsin və onun qaçıb gizlənmək imkanı olmasın.[23]Əsas tapşırıq Zeynal xanla Durmuş xanın üzərində olsa da, Şah İsmayıl özü də Rəşt itaətsizliyini aradan qaldırmaq üçün buraya yola düşdü. Əmir Dibac Zeynal xan və Durmuş xanın gəlişini eşidən kimi bölgənin ağsaqqallarını toplayaraq Şah İsmayılın hüzuruna göndərdi. Bu nümayəndələr 5 min tümən nağd pul və çoxlu hədiyyə təqdim etməklə Pəşt hakimi tərəfindən vaxtlı-vaxtında illik vergilərin ödənəcəyini bildirdilər.[23]

Osmanlı hücumuna qarşı

[redaktə | mənbəni redaktə et]

1519-cu ildə Şah İsmayıl Sultaniyədə olarkən Osmanlı qoşununun Bağdada doğru irəliləməsindən xəbər tutdu. Şah bu şəhərə kömək göndərmək qərarına gəldi və bununla bağlı təşkil edilən xüsusi dəstənin rəhbərlərindən biri Zeynal xan Şamlı idi. Şah həmçinin Kürdistan hakimi Cuci Sultana da tapşırdı ki, öz qoşun dəstəsi ilə Zeynal xan və Durmuş xana qoşulsun. Bu dəstə çox keçmədən Bağdad istiqamətində yola düşdü. Durmuş xanla Zeynal xanın rəhbərliyi altında olan qoşun dəstəsinin Bağdad istiqamətində Osmanlı qoşunları ilə hər hansı bir döyüşə girmələri barəsində də məlumat yoxdur. Onlar bir müddət Bağdadda qaldıqdan sonra Osmanlı ordusunun geri qayıtdığından xəbər tutaraq yenidən Şah İsmayıla qoşulmaq üçün Savəyə qayıtdılar.

Əmir xan Mosullunun həbs edilməsində rolu

[redaktə | mənbəni redaktə et]

16 iyun 1521-ci ildə Əmir Qiyasəddinin ölüm xəbərini eşidən şah Təhmasib Mirzə və Əmir xanı Təbrizə çağırdı.[24] Şah İsmayıl qərara aldı ki, Təhmasib Mirzənin yerinə onun digər oğlu Sam Mirzə Xorasan vilayətinin hakimi təyin edilsin və Durmuş xan da onun lələsi olsun.[25]Bu qərarın çıxarıldığı zaman Durmuş xan Uləng Xərqan adlanan məntəqədə idi. Bu zaman Zeynal xan Şamlı da onunla birgə bu məntəqədə olduğu üçün Şahın əmri ilə Zeynal xan da Durmuş xan ilə birgə Xorasana göndərildi. Onlar bilirdilər ki, Əmir xan vəzifədən azad olunduğunu anlasa itaətsizlik göstərə bilər. Bu səbəbdən Herata çatmamış yol boyu Əmir xana məktublar yazıb Hüseyn bəy, İshaq bəy və Şeyx Bünyad vasitəsilə ona göndərdilər. Məktubların məqsədi əsas gəliş səbəblərini gizləmək, Əmir xanın şübhəyə düşməsinin qarşısını almaq idi. Məktubda yazılırdı ki, Əmir xan yenə də öz vəzifəsini icra etməyə davam edəcəkdir və onlar Əmir xana kömək göstərmək üçün Xorasana gəlirlər. Lakin bu məktublar istənilən nəticəni vermədi. Durmuş xanın gəlişindən xəbər tutan kimi Əmir xan Təhmasib Mirzəni də yanına alaraq Qəndahar istiqamətində Səbzəvarda düşərgə saldı və burada onları gözləməyə başladı. Şəhərə çatdıqda Əmir xan Heratı tərk etmişdi. Zeynal xan Durmuş xanla birgə bir müddət şəhərin abadlaşdırılmasında iştirak etdi.

"Aləmara-yi Səfəvi" və "Aləmara-yi Şah İsmayıl" əsərlərində olan məlumatlara görə isə, Durmuş xan və Zeynal xan şahzadə Təhmasib xanla birlikdə Qəndəhar yürüşündən Herata dönən kimi, Şah İsmayıldan alınan fərmanla tanış oldular və bu fərmanı Əmir xana da bəyan etdilər. Durmuş xan şah fərmanını bəyan edəndən dərhal sonra Əmir xanı həbs etdi və onu Zeynal xana tapşırdı. Zeynal xan da Əmir xanı nəzarət altına alaraq Təhmasib Mirzənin dəstəsi ilə birlikdə Təbriz istiqamətində hərəkətə başladı.[26]

Astrabad hakimi kimi

[redaktə | mənbəni redaktə et]

Həsən bəy Rumlu yazır ki, bu hadisədən sonra Astrabad əyaləti Zeynal xan Şamlıya həvalə edildi.[27] Şah Təhmasibin taxta çıxmasının ilk illərində Zeynal xan hələ də Astrabad hakimi vəzifəsini yerinə yetirirdi.

Übeyd xan ikinci dəfə 1525-1526-cı ildə Xorasana hücum çəkib Məşhədi mühasirəyə aldıqda Məşhəd şəhəri uzun müddət müdafiəni davam etdirdi. Mühasirə bir neçə ay çəkdiyi üçün şəhərdə ərzaq qıtlığı yaranmışdı. Mühasirədəkilər bir müddət sonra Səfəvi sarayından ümidi kəsərək Xorasan şəhərlərinin hakimlərinə adamlar göndərib kömək istədilər. Buna baxmayaraq onların köməyinə cavab verən olmadı. Nəticədə müdafiəçilər məcbur olub təslim oldular və Übeyd xan şəhəri ələ keçirdi. Bu ərəfədə Astrabad hakimi Zeynal xan Şamlı Qızılbaşlar arasındakı ixtilafları həll etmək məqsədilə Qayapa bəy Qacarı Astrabadda qoyub paytaxta yola düşdü. Lakin Məşhədin mühasirəsi xəbərini eşitdikdə yenidən Astrabada qayıtmaq məcburiyyətində qaldı.[28]

Übeyd xan Məşhədi ələ keçirdikdən sonra 1525-1526-cı ildə Astrabada doğru yola düşdü. Zeynal xan mübarizə aparsa da baş verən döyüşdə özbəklər qalib oldu. Rumlu bu barədə yazır:

“Bu il Übeyd xan fil cüssəli bir qoşunla və səf yaran bahadırlarla hərəkət bayrağını Astarabad tərəfə qaldırdı. O yaramazın həmin hüduda gəlişindən sonra Zeynal xanın qaravulları Qayapa bəy Qacarın başçılığı ilə mətanət qədəmini irəli qoyub mərdliklə savaşdılar. Bəzi qazilər çarəsizlik əlini “taqət gətirmədiyin şeydən qaçmaq lazımdır” kəlamına vuraraq qaçdılar. Amma o çoxsaylı ordunun sərdarı Qayapa bəy Qacar qüvvətli bəbir kimi özbəklərin ciyərini sökürdü və hər həmləsində müxalifləri vəhşi ov heyvanıtək qovurdu. Lakin axırda məğlub olub geri qayıtdı.”[27]

Übeyd xan Astrabadı ələ keçirib öz oğlu Əbdüləzizi buraya hakim təyin etdi. Özü isə Bəlxə yola düşdü. Zeynal xan bu məğlubiyyətlə barışa bilməyib əvvəlcə Reyə buradan isə paytaxta elçi göndərərək saraydan kömək istədi. Zeynal xanın xahişi ilə şahın Xorasan camaatına kömək üçün göndərdiyi Əxi Sultan və Pirqulu sultan ona qoşulub Astrabad üzərinə hücuma keçdi. Səfəvi qoşunu qarşısında mübarizə aparmağın mümkünsüz olduğunu görən Əbdüləziz şəhəri tərk edərək atasının yanına Bəlxə gəldi.[29]Übeyd xan bu xəbəri aldıqdan sonra yenidən Astrabad üzərinə hücuma keçdi. Tərəflər arasında Çəmən Bistam adlanan yerdə baş verən Zeynal xan Şamlının da iştirak etdiyi döyüşdə Əxi sultan mərkəzdə , Dəmri sultan sağ cinahda, Şahəli bəy isə sol cinahda mövqe tutdu. Mənbələr yazır ki, bu döyüşdə özbəklərin 20 min, Qızılbaşların isə 2500 və ya 3000 nəfərə yaxın ordusu var idi.[30] Rumlu yazır:

Dəmri sultan inadkar düşmənləri nizə yarası ilə yerindən dəbərdib özünü mərkəzə yetirdi. Özbəklərin çoxsaylı bir dəstəsi mərkəzdən xeyli həmlələr etdi və Dəmri sultanı öz yolundan kənarlaşdırıb qızılbaş ordusunun mərkəz (“qol”) hissəsinin arxasına keçdi. Əxi sultan özünü Übeyd xanın mərkəzinə vurub qılıncını oynatdı, lakin özbəklərdən birinin vurduğu yara ilə atdan düşdü. Übeyd xana qələbə müyəssər oldu və Dəmri sultan da igidliyini və pəhləvanlığını zahir etdikdən sonra əbədi dünyaya tələsdi (öldürüldü). Əxi sultanı diridiri Übeyd xanın yanına apardılar. O, Übeyd xana neçə-neçə söyüşlər dedi və onun hökmü ilə qətlə yetirildi.”[29]

Zeynal xan bu xəbəri eşitdikdə dərhal Astrabadı tərk edərək Firuzkuha yola düşü. Übeyd xan Astrabadın idarəçiliyini Zinəş Bahadıra tapşırdı. Özü isə Herata yollandı.[28]

1526-1527-ci ildə Übeyd xan qışı Quryanda keçirdikdən sonra 1527-ci ildə Heratı mühasirəyə aldı.[31] Belə bir vaxtda Firuzkuh ətrafında köməyin gəlməyini gözləyən Zeynal xan tabeliyində olan bir neçə əsgər ilə ova çıxmışdı. Çox keçmədən o və tabeliyindəki qüvvə Zinəş Bahadırın hücumuna məruz qaldı. Rumlu baş verən toqquşma haqqında “Zinəş Özbəyin Zeynal xan və Çəkirgə sultanla müharibə etməsinə dair söhbət” başlığı altında məlumat verir:[32]

Bu il içində Zinəş Bahadır Damğandan özbəklərin bir dəstəsi ilə Firuzkuha gəldi. O zaman Zeynal xan, Çəkirgə sultan, Mustafa sultan və sərgərdan qalmış bir dəstə adam şikar adı ilə süvar olmuşdular və gəzib dolaşmaqda idilər ki, gözlənilmədən Zinəş Bahadır özünü onlara yetirdi. Həmin mövqedə o iki dəstə arasında böyük bir toqquşma və müharibə baş verdi. Müzəffər qazilərdən biri özünü Zinəş Bahadıra yetirib onu nizə zərbəsi ilə atdan saldı. Onun başını bədən yükündən azad etmək istəsə də, o alçağın çox həqir cüssəyə malik olduğunu görüb həmin sərgərdanın qətlindən əlini çəkdi. O halda Zinəş öz dikbaş atına mindi, şur və şərlə dolu olan özbəklər o bədbəxtin yanına cəmləşdilər. Hamısı birdən həmlə etdilər və qazilər məcburiyyət üzündən fərar vadisinə qədəm qoydular.”

Baş verən toqquşmada Zeynal xan Şamlı 11 may 1527-ci ildə vəfat edir.[33][34]İsgəndər bəy MünşiTarix-i Aləmara-yi Abbasi” əsərində Zeynal xanın ölümü haqqında yazır:

“Bu əsnada öbəklər arasında Zeynal xanın qətli xəbəri yayıldı. Xəbərdə deyirildi ki, Zeynal xan Damğanda Səbzəvar hakimi Çəkirgə sultanla ittifaqda Zəmiş Bahadırın üstünə gəlib, onunla döyüşmüşdür və ilahi qəzavü-qədər üzündən Zəmiş bahadır əvvəlcə məğlub vəziyyətə düşsə də, sonradan qalib gəlmiş, Zeynal xanla Çəkirgə sultan hər ikisi qətlə yetirilmişdir. Übeyd xan bu hadisədən sevindi və fərəhləndi. Elə həmin gün Übeyd xan öz əmirülümərası olan Canvəfa Mirzə oğlu Yari bəyin təhriki ilə bpyük bir hücum təşkil edərək hər tərəfdən qala üzərinə həmləyə keçdi.”[35]

Oğulları

  • Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN 978-605-030-641-5.
  • Bayramlı, Zabil Həsrət oğlu. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU (az.). Bakı: «AVROPA» nəşriyyatı. 2015.
  • Münşi, İsgəndər bəy. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF) (az.). I. Bakı: «Təhsil» nəşriyyatı. 2009.
  • Cavanşir, Babək. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576) (türk). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007.
  • Məhəmmədi, M.Ə. Tarix-i Qızılbaşan (türk). Bakı: Azərbaycan nəşriyyatı. 1993.
  • Musalı, Namiq. I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ (“TARİX-İ ALƏMARA-Yİ ŞAH İSMAYIL” ƏSƏRİ ƏSASINDA) (az.). Bakı: Nurlan. 2011.
  • Mehman Süleymanov. Şah İsmayıl Səfəvi. Bakı: Elm və təhsil. 2018. ISBN 978-9952-8176-9-0.
  • Süleymanov, Mehman. Səfəvilər. Şah Təhmasib (az.). V. Bakı: Maarif. 2020. ISBN 978-9952-37-141-8.
  • Şirazi, Xacə Zeynalabidin Əli Əbdi bəy. TƏKMİLƏTÜL-ƏXBAR (PDF) (az.). Bakı: Elm. 1996. ISBN 5-8066-0436-5.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Ənvər Çingizoğlu, Şamlı elinin tanınmış simaları, "Soy" dərgisi, 9 (29), Bakı, 2009. səh.32-35.
  • Əfəndiyev, Oqtay. Azərbaycan Səfəvilər dövləti (az.). Bakı: Şərq-Qərb. 2007. ISBN 978-9952-34-101-0.
  1. Bayramlı, 2015. səh. 33
  2. Bayramlı, 2015. səh. 34
  3. Bayramlı, 2015. səh. 36
  4. Məhəmmədi, 1993. səh. 5
  5. 1 2 Rumlu, 2017. səh. 403
  6. Şirazi, 1996. səh. 31
  7. 1 2 Cavanşir, 2007. səh. 384
  8. Musalı, 2011. səh. 211
  9. Musalı, 2011. səh. 212
  10. Musalı, 2011. səh. 216
  11. Süleymanov, 2018. səh. 306
  12. Süleymanov, 2018. səh. 312
  13. Musalı, 2011. səh. 220
  14. Rumlu, 2017. səh. 420
  15. Rumlu, 2017. səh. 427
  16. Süleymanov, 2018. səh. 528
  17. Süleymanov, 2018. səh. 529
  18. 1 2 3 Cavanşir, 2007. səh. 385
  19. Süleymanov, 2018. səh. 532
  20. Şirazi, 1996. səh. 37
  21. Süleymanov, 2018. səh. 551
  22. Bayramlı, 2015. səh. 35
  23. 1 2 Süleymanov, 2018. səh. 552
  24. Münşi, 2009. səh. 44
  25. Cavanşir, 2007. səh. 372
  26. Süleymanov, 2018. səh. 580
  27. 1 2 Rumlu, 2017. səh. 457
  28. 1 2 Cavanşir, 2007. səh. 386
  29. 1 2 Rumlu, 2017. səh. 458
  30. Münşi, 2009. səh. 133
  31. Münşi, 2009. səh. 134
  32. Rumlu, 2017. səh. 461
  33. Rumlu, 2017. səh. 462
  34. Cavanşir, 2007. səh. 387
  35. Münşi, 2009. səh. 135