Zindan Adası (ing. Shutter İsland) — Dennis Liheynin eyni adlı romanı əsasında çəkilmiş, Martin Skorsezenin rejissoru olduğu psixoloji triller filmi. Martin Skorseze və Leonardo DiKaprio, bu filmlə birlikdə 4-cü dəfə əməkdaşlıq edirlər. (Əvvəlki filmləri: Nyu-Yorkun bandaları (2002), Aviator (2004) və Dönüklər (2006). Leonardo DiKaprio xəstələrdən birinin itkin düşməsindən sonra Zindan Adasındakı psixiatriya xəstəxanasını araşdıran, federal hüquq-mühafizə orqanı olan ABŞ Marşal Xidmətində işləyən Eduard "Teddi" Danielz rolunu oynayır.
Zindan adası | |
---|---|
ing. Shutter Island | |
Janr | qorxu filmi, triller filmi, roman ekranlaşdırması[d], dram filmi, cinayət filmi, müəmma filmi |
Əsas mövzu | həqiqət |
Rejissor | |
Prodüserlər | |
Baş rollarda | |
İstehsalçılar | Paramount Pictures[1], Columbia Pictures |
Distribütor | UIP-Dunafilm[d][6], Netflix |
İlk baxış tarixi | 13 fevral 2010[7], 25 fevral 2010[8], 4 mart 2010[6], 19 fevral 2010[9] |
Müddət | 138 dəq. |
Büdcə | 80.000.000 $[10] |
Gəlir | 294.800.000 $[11], 128.012.934 $[10] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
IMDb | ID1130884 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin premyerası 13 fevral 2010-cu il tarixində, 60-cı Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur.[12] Film klassik musiqidən istifadə olunan saundtrek ilə də diqqət çəkir. IMDb-nin 250 ən yaxşı film siyahısına daxil olmuşdur.
1954-cü ildə ABŞ Marşal Xidməti nümayəndəsi Eduard "Teddi" Danielz və yeni həmkarı Çak Ol Boston Limanındakı Qala adasında yerləşən, Amerikanın ən təhlükəli ağıl xəstələrinin saxlanıldığı "Ashecliffe" Xəstəxanasına gedirlər. Onlar üç uşağını boğaraq öldürdüyü üçün buraya həbs edilən ağıl xəstəsi Reyçel Solandonun itkin düşməsini araşdırırlar. Yeganə ipucu Reyçelin otağında "4 qanunu; 67-ci kimdir?" yazılaraq gizlədilən bir qeyddir. Onlar adaya gələndən bir müddət sonra böyük bir fırtına baş verir və bu fırtına onların bir neçə gün materikə geri qayıtmaqlarına əngəl yaradır. Teddi və Çak heyətdə qarşıdurma olduğunu düşünür. Baş psixiatr Con Kouley qeydləri verməyi rədd edir və onlara Solandonun həkimi Lester Şiyanın onun itkin düşməsindən dərhal sonra tətil üçün adanı tərk etdiyini bildirir. Xəstəxananın 3 palatadan: A palata – kişilər, B palata – qadınlar və C palatasının isə ən çox narahat olan xəstələr üçün olduğu bildirilir. Həmçinin, baş psixiatr Reyçelin itkin düşməsindən sonra C palatasına girişin məhdudlaşdırıldığını və yaxınlıqda yerləşən mayakın axtarışına artıq başlanıldığını söyləyir. Xəstələrlə görüş əsnasında, onlardan biri Teddinin qeyd dəftərinə "qaç" sözünü yazır.
Teddi xəstəxananın atmosferindən miqren baş ağrıları keçirməyə və ABŞ Silahlı Qüvvələrinin əsgəri olduğu vaxtlarda yaşadıqları barədə düşüncələr oyanmağa başlayır. Yaşadıqları binanın təmir işçisi və həmçinin, yanğınsöndürən olan Endrü Ledisin kibritlə yanğın çıxartması nəticəsində ölən həyat yoldaşı Dolores Çanl ilə bağlı qarışıq yuxular görür. Bir dəfə yuxuda ona Solandonun Ledis kimi hələ də adada, heç kəsin olmadığı bir yerdə olduğunu söyləyir. Teddi daha sonra Çaka Ledisin bu hadisəylə əlaqəsi olduğunu və onu tapmağın sonrakı mərhələ üçün önəmli olmasını bildirir. Teddi və Çak Solandonun heç bir açıqlama vermədən ortaya çıxdığının və qaçdığı C palatasına yenidən qayıtmağa təşviq edildiyinin fərqinə vardılar. Teddi təcridxanada olan bir xəstə — Corc Noys ilə qarşılaşır və o, həkimlərin xəstələr üzərində təcrübələr apardığını, bəzilərinin isə lobotomiya üçün Mayaka aparıldığını iddia edir. Noys, Çak da daxil olmaqla adadakı hər kəsin Teddi üçün hazırlanmış qarma-qarışıq bir oyun oynadığını ilə bağlı ona xəbərdarlıq edir.
Teddi Çakla birlikdə qayalıqlara dırmaşaraq Mayaka doğru gedirlər. Teddinin ona qarşı şübhələri olduğuna görə, qayalıqların başında ayrılırlar. Daha sonra Teddi geri qayıdanda Çakın bədəni olduğunu zənn etdiyi bir şeyi qayalıqlardan dənizə çırpırmış vəziyyətdə görür. Aşağı enir və bədəni tapa bilmir, sonra qayalıqlarda yerləşən bir mağaraya girir. Orada gerçək Reyçel Solando ilə qarşılaşır. Qadın ona əvvəllər lobotomiya ilə təcrübələr aparılan xəstəxanada psixiatr olduğunu və aparılan təcrübələrdən gəldiyi qənaəti müəlliflərə təqdim etməzdən əvvəl, ağıl xəstəsi olaraq xəstəxanaya təslim edildiyini söyləyir.
Teddi xəstəxanaya geri qayıdır, lakin Çakın orada olduğuna dair bir dəlil tapmır. Çakın Mayaka aparıldığı qənaətinə gələn Teddi oraya getmək qərarını alır. Psixiatr Kouley onu orada qarşılayır və onu gerçəklərlə üzləşdirir. Həyat yoldaşı Doloresin xəstəliyi olduğunu qəbul etməyən Teddinin, bir gün evə gələrkən Doloresin uşaqları boğaraq gölə atdığını görəndən sonra onu öldürməsini, bu səbəblə Teddinin C palatasına həbs olunmasını və əslində onun xəstəxananın "ən təhlükəli xəstəsi" Endrü Ledis olduğunu izah edir. Eduard Danielz və Reyçel Solando, Endrü Ledis və Dolores Çanlın anaqramlarıdır və Ledisin yuxularında gördüyü kiçik qız onun öz qızıdır. Psixiatr Kouley ona bir neçə gündə baş verən hadisələrin bir qurğu olduğu, Endrüya Teddi Danielz rolunu oynamasına imkan verərək, onun sui-qəsd edən dəli olmasından xilas etmək üçün hazırlanmış plan olduğunu söyləyir. Bütün xəstəxana heyəti bu planın bir hissəsi idi. Çakın əslində, həkim Lester Şiyan olması və Reyçel Solando kimi təqdim edilən qadının əslində bir tibb bacısı olması da bu plana daxil idi. Endrünun miqren ağrılarının başlaması isə, dərmanlarından kənar qalmasına görə idi. Eşitdiklərindən təsirlənən Endrü huşunu itirir.
O, xəstəxanada Kouley və Şiyanın nəzarəti altında oyanır. Yenidən soruşulanda o, həkimləri razı salacaq gerçəyi söyləyir. Kouley bu vəziyyətə doqquz ay əvvəl nail olduqlarını, lakin Endrünun sürətlə gerilədiyini bildirir. Bunun Endrünun son şansı olduğunu, əks təqdirdə, onu lobotomiya etməyə məcbur qalacaqları ilə bağlı xəbərdarlıq edir.
Bir müddət sonra xəstəxananın həyətində həkim Şiyanla istirahət edirlər, Endrü onu yenidən "Çak" adlandırır və ona adanı tərk etməli olduqlarını, çünki orada nələrinsə baş verdiyini söyləyir. Şiyan başını Kouleyə yelləyir və Kouley Endrünu lobotomiya edilməsi üçün aparılmasını göstəriş verir. Endrü getmək vaxtı gələndə, həkim Şiyandan "Hansı daha pis olardı – canavar kimi yaşamaq ya yaxşı bir insan kimi ölmək?" – deyə soruşur. Bu sualdan çaşkın vəziyyətə düşən Şiyan, onu "Teddi" deyə çağırır, lakin o bu ada cavab vermir.
Dennis Liheynin "Zindan adası" romanının ekranlaşdırılması hüququ ilk olaraq 2003-cü ildə "Columbia Pictures" istehsal şirkətinə verildi. Lakin, sonradan "Phoenix Pictures"ə satıldı. Şirkət rejissor Martin Skorsezeni və aktyor Leonardo DiKaprionu layihəyə cəlb etdi.[13] Filmin istehsalı 2008-ci il martın 8-də başladı və iyulun 2-sində başa çatdı.[14] Filmin kadrları, əsasən, Massaçusets ştatında lentə alınıb.
Film studiya qiymətləndirmələrinə görə, 41 milyon dollarla ABŞ bilet kassasında 1-ci yerdə açıldı. Film Skorsezeyə o vaxta qədərki ən yaxşı kassa açılışını verdi.[15] İkinci həftənin sonunda 22,2 milyon dollarla 1-ci yerdə qaldı.[16] Nəhayət, dünya miqyasında 294,803,014 dollar gəlir əldə etdi[17] və Skorsezenin dünyada ən çox qazanan ikinci filmi oldu.[18]
Rejissor Skorseze bir müsahibəsində Teddi Danielz obrazını yaradarkən əsas istinadın Dana Endrüzün "Laura" obrazı olduğunu və Vel Lutonun 1940-cı illərdə çəkdiyi aşağı büdcəli zombi filmlərindən təsirləndiyini bildirdi.[19]
La Croix filmin detektiv, fantaziya və psixoloji triller kimi müxtəlif janrlardan formalaşmış "mürəkkəb və başsındıran" bir əsər olduğunu qeyd etdi.[20] Filmin final səhnəsi olan, Ledisin "Hansı daha pis olardı – canavar kimi yaşamaq ya yaxşı bir insan kimi ölmək?" sualı ilə bağlı fərqli fikirlər var. Romanda bu hissə yoxdur. Nyu-York Universitetindən prosessor Ceyms Qilliqan Martin Skorsezenin psixiatrik məsləhətçisi idi və o, Ledisin son sözlərinin mənasını – "Yaşamağa davam etmək üçün özümü çox günahkar hiss edirəm. Əslində, istihar etməyəcəyəm, amma məni lobotomiya edilməsi üçün aparan bu insanlara təslim edərək, dolayı yolla intihar edəcəyəm" – kimi izah edir.[21]
Aktyor | Rol | Mövqeyi |
---|---|---|
Leonardo DiKaprio | Eduard "Teddi" Danielz / Endrü Ledis | ABŞ Marşal Xidməti əməkdaşı / yoldaşını öldürmüş və psixiatriya xəstəxanasına salınmış xəstə |
Mark Ruffalo | Çak ol / Lester Şiyan | Teddinin yeni həmkarı / psixiatriya xəstəxanasının həkimi |
Ben Kinqsli | Con Kouley | baş psixiatr |
Mişel Vilyams | Dolares Çanl | Teddinin həyat yoldaşı |
Emili Mortimer | Reyçel Solando (1) | Uydurma planda Reyçel Solando kimi təqdim edilən tibb bacısı |
Patrisia Klarkson | Reyçel Solando (2) | gerçək Reyçel Solando |
Ceki Örl Heli | Corc Noys | təcridxanada Teddiyə gerçəkləri söyləyən xəstə |
Con Karol Linç | Makferson | həbsxana müdirinin müavini |