Xalq artisti
Xalq artisti — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan Respublikasında mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilən fəxri ad.
"Xalq artisti" fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, incəsənətin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə əvvəllər "əməkdar artist" və ya "əməkdar incəsənət xadimi" adına layiq görülmüş teatr, filarmoniya, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına verilir.