Xanalıyan
Xanalıyan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Böyük Kolatan kənd Sovetindən Xanalıyan kəndi Sığdaş kənd Sovetinin tərkibinə verilmişdir.
XIX əsrin əvvəllərində Bədəlan kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1870-ci ildə kənddə cəmi 3 ailə yaşamışdır. Bu kəndin əsasını Xanəli adlı şəxsin qoyduğu söylənilir. Oykonim Xanəli şəxs adından və talış dilində cəmlik bildirən -on şəkilçisindən düzəlib, "xanəlilər" mənasındadır.
Kənd Lənkəran ovalığında yerləşir.
14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Bədəlan kənd cəmiyyətinə daxil olan Bədəlan kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Kolatan və Xanalıyan kəndlərində toplam 201 evdə şiə təriqətli müsəlman talışlardan ibarət 1.358 nəfər (966 nəfəri kişilər, 392 nəfəri isə qadınlar) əhali yaşayırdı. İndiki kənd əhalisi 2451 nəfərdir.