Xudadad bəy Məlikaslanov
Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov (az-əbcəd. خداداد بگ آقا بگ اوغلی ملک-اصلانوف; aprel 1879, Taynaq, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 23 iyul 1935, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri. AXC-nin birinci və ikinci hökumət kabinetlərində — 1918-ci il mayın 28-dən oktyabrın 6-dək ilk yollar, poçt və teleqraf naziri.
Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov 1879-cu ildə Şuşa qəzasının Taynaq kəndində anadan olmuşdu. O, 1898-ci il Şuşa realnı məktəbini bitirmiş, 1904-cü ildə Peterburq (indiki Sant-Peterburq) Yol Mühəndisliyi İnstitutuna daxil olmuş və 1904-cü ildə oranı 1-ci dərəcəli diplomla bitirmişdi.
Peterburq mühitində 1901–1904-cü illərdə-tələbəlik illərində Rusiya Sosial Demokrtatik Fəhlə Partiyasının (RSDFP) üzvü olan Xudadat bəy Məlik-Aslanov sonra heç bir partiyaya daxil olmamış və ömrünün axırınadək bitərəf qalmışdı
1904-cü ildə İnstitutu bitirdikdən sonra təyinat əsasında Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun çəkilişi ilə əlaqədar Peterburq İdarəsində 6 ay mühəndis vəzifəsində işləmişdi.
Məlik-Aslanov 1905-ci ilin əvvəlində Tiflisə köçmüş və Zaqafqaziya Dəmiryolu sistemində çalışmağa başlamışdı. Zaqafqaziya Dəmiryolu İdarəsinin işçisi kimi o, əvvəlcə mühəndis, sonra Stansiya rəisinin köməkçisi, daha sonra isə Zaqafqaziya Dəmiryolunun ən ağır və dağlıq hissəsi hesab edilən Suram Aşırımı keçidində yol xidməti rəisinin köməkçisi və rəisi olmuşdu. Onun rəhbərliyi altında həmin xidmət sahəsində xeyli mülki tikinti aparılmış, Surom bölməsində texniki qurğular tikilmişdi. İkinci Dəmiryol Xəttinin çəkilişi davam etdirilərək Çiatura marqans mədənlərinə ensiz zolaq dəmir yolu salınmış, texniki işlər görülmüşdü.