Yas
Yas və ya matəm – sevilən insanın itkisinin ardınca baş verən kədərin təcrübi, habelə emosional ifadəsi.
Bir ifadə kimi yas həm də vəfat edən şəxsin ardınca təşkil olunan və bir sıra məxsusi elementlər və hərəkətlər toplusu ilə müşayiət olunan rəsmi və ya qeyri-rəsmi tədbirləri də ifadə edir. Bu zaman, əksərən qara rəngli libaslardan istifadə olunur. Lakin dünyanın fərqli yerlərində başqa formada paltarların da məxsusi olaraq yas, yaxud matəm üçün seçildiyi də müşahidə olunur. Şəxsin itkisinin emosional təsirlərinə ən çox məruz qalan şəxs, ya da şəxslərdə sosial fəaliyyətlərdən çəkinmə, özünə qapanma, vəfat edənin xatirəsini yad etmə kimi psixoloji məqamlar özünü büruzə verir. Bəzən sözügedən hadisədən mütəəssir olanların dini rituallara yönəldiyi də məlumdur.
Yas mərasimlərinin forması mədəni, coğrafi, habelə dini amillərlə birbaşa bağlıdır. Bununla yanaşı, qeyd olunan mərasimlərin mahiyyəti arasında da bir sıra fərqlər mövcuddur. Məsələn, bəzən hansısa dövlət rəhbərinin vəfatı üzərinə ölkə miqyasında rəsmi matəm elan oluna bilər. Bu zaman bir sıra xüsusi protokol qaydaları əsasında ölmüş rəhbərin xatirəsi ailə üzvlərinin, rəsmi şəxslərin, zaman-zaman kütlələrin iştirakı ilə yad edilir.