Tor (zenit-raket kompleksi)
Tor zenit-raket kompleksi — istənilən hava şəraitində aşağı və orta hündürlükdə uçuş həyata keçirən təyyarə, helikopter, qanadlı raket, yüksək dəqiqlikli idarəolunan raketlər, pilotsuz uçuş aparatları və qısa mənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq imkanına sahib olan özüyeriyən qısa mənzilli zenit-raket kompleksidir. Sovet İttifaqı tərəfindən istehsalına başlanılan bu sistemin NATO kod adı SA-15 "Gauntlet"dir. Bu sistemin 3K95 "Kinjal" adı altında istehsal olunan dəniz variantı isə NATO tərəfindən SA-N-9 "Gauntlet" adlanır. Tor, həmçinin AGM-86 kimi yüksək dəqiqlikli idarəolunan raketləri gecə və gündüz, istənilən hava şəraitində və radioelektron mübarizə mühitində məhv etməyi bacaran ilk hava hücumundan müdafiə sistemidir. 1986-cı ildə silahlanmaya qəbul edilib. Postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur. Kompleksin modernizasiya edilmiş variantı olan "Tor-M2" müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsəfədə təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Buraxılış qurğusunda 16 döyüş raketi olur.