Behçət Kamal Çağlar
Behçət Kamal Çağlar (türk. Behçet Kemal Çağlar; 23 iyul 1908, Ərzincan, Ərzurum vilayəti – 24 oktyabr 1969, İstanbul) — türk şairi və siyasətçisi. O, Faruq Nafiz Çamlıbel ilə birlikdə 1933-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasının 10-cu ildönümü münasibətilə yazılmış "Onuncu il" marşının müəllifidir.
== Həyatı ==
Cümhuriyyət dövrünün məşhur şairlərindən olan Behçət Kamal Çağlar Ərzincanda varlı ailədə anadan olub. O, Kayserinin Şabanbəyzadələr kimi tanınan məşhur ailəsindən Şaban Həmdi bəyin oğludur. 1908-ci ildə atasının məmur olduğu Ərzincanın Təpəcik kəndində anadan olub. Atası Kayserinin Bünyan şəlaləsi sahilində məskunlaşan Burunquz adlı türkmən tayfasından, anası isə Balıkəsirdə Çepni köçərilərindən Kolağası Əhməd Ağanın qızıdır. Behçət adı ona atasının əmisinin adı kimi, Kamal isə azadlıq qəhrəmanı Namiq Kamalın şərəfinə qoyulub.
1913-cü ildə Behçət Kamal Boluda İmaret İbtidai məktəbində təhsil almağa başlayıb. Hələ ibtidai məktəb illərində babasından miras qalan istedadı ilə şeir əzbərləməyə, oxumağa həvəs göstərən Behçət Kamalı müəllimləri məktəb bağçasında hündür yerə qaldırır, atasının əzbərlədiyi şeirləri oxutdururdular.