Zanqın özünüqiymətləndirmə depressiya cədvəli
Zanqın özünüqiymətləndirmə depressiya cədvəli (ing. Zung Self-Rating Depression Scale – ZDRS) Dyuk Universitetində (ABŞ) Uilyam Zanq (William W.K. Zung) tərəfindən yaradılmışdır. Bu cədvəl depressiyanın diaqnostik kriteriləri və depressiv pozuntusu olan xəstələr arasında keçirilən sorğular əsasında tərtib edilmişdir. Depressiyanın ağırlıq dərəcəsi xəstənin öz-özünü qiymətləndirilməsi əsasında müəyyən edilir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərək "nadir hallarda", "arabir", "tez-tez" və ya "əksər hallarda" cavablardan birini seçir. Müayinənin nəticələri təhlil edilərkən bir neçə amil qiymətləndirilir. Bu faktorlara aşağıdakı simptom qrupları daxildir: daxili boşluq hissi, əhvali-ruhiyyənin pozulması, ümumi somatik simptomlar, spesifik somatik simptomlar, psixomotor pozuntu simptomları, suisidal tendensiyalar, qıcıqlılıq və qətiyyətsizlik.
Depressiyanın kliniki diaqnostikası və depressiv pozuntuların kliniki dinamikasının müşahidəsi ilə yanaşı ZDRS cədvəlindən həmçinin epidemioloji tədqiqatlarda, antidepressantların və digər dərmanların kliniki sınaqlarında istifadə edilir. Cədvəlin validliyi kliniki sınaqlarla təsdiq olunub.