Şeyxülislam Mehmed Əbussuud Əfəndi
Əbussuud Əfəndi (türk. Mehmed Ebüssuûd Efendi , 30 dekabr 1490, İskilip, Rum əyaləti[d], Osmanlı imperiyası – 23 avqust 1574, Konstantinopol, Osmanlı imperiyası) — Hənəfi Matüridi, Osmanlı şeyxülislamı və Quran təfsirçisi. Ailəsi İskilip yaxınlığındakı İmad kəndindən olduğu üçün ona "Əl-İmadi" də deyirdilər.
Əbussuud Əfəndi 30 dekabr 1490-cı ildə Çorumun İskilip mahalında doğulmuşdur. Onun atası İskilipli Şeyx Mühiddin Məhəmməd Əfəndi, anası isə Əli Quşçunun qızı olmuşdur. Bəzi qaynaqlar İmadı Amid ilə qarışdırıb Əbussuud Əfəndinin Diyarbəkirli olduğunu irəli sürmüşdür. Əli Mustafa Əfəndi və Peçuylu İbrahimin "İmad"ı "İmadiyə" İlə qarışdıraraq Əbussuud Əfəndinin kürd əsilli olduğu fikrini irəli sürmüşdürlər. Lakin Əbussuud Əfəndinin ailəsinin hal-hazırda İraq ərazisində yerləşən İmadiyəli deyil, İskilipdə yerləşən İmad kəndindən olduğu bəzi müasir qaynaqlar da daxil olmaqla demək olar ki, bütün mənbələrdə qeyd edilməkdədir.
Əbussuud 1530-cu illərdə Bursa, İstanbul və Rumelidə hakim vəzifəsində çalışmış, burada yerli qanunları şəriət qanunlarına uyğunlaşdırmışdır. 1545-ci ildə Sultan Süleyman Qanuni onu şeyxülislam vəzifəsinə təyin etmiş və Əbussuud ölümünə qədər bu vəzifəni icra etmişdir.