Əntiqə Qonaq
Qonaqova Əntiqə Güləmməd qızı (21 yanvar 1959, Maqsudkənd, Xaçmaz rayonu) — Azərbaycanın ilk qadın hərbi jurnalisti, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008).
Qonaqova Əntiqə Güləmməd qızı 21 yanvar 1959-cu il tarixində Xaçmaz rayonu Maqsudkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Maqsudkənd 8 illik məktəbini, 1976-cı ildə isə Ləcət kənd orta məktəbini yaxşı və əla qiymətlərlə bitirmişdir.
1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani bölməsini radio-televiziya jurnalistikası ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetin hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərindən başlayaraq Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik verilişləri baş redaksiyasında "Nəğməli-sözlü gənclik", "Tələbə dünyası" və sair müəllif verilişlərilə dinləyici və tamaşaçıların qarşısına çıxmışdır. 15 ilə qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir kimi fəaliyyət göstərmişdir.
1984-cü ildə təyinatla jurnalistlik fəaliyyətinə başlamışdır. Avtomobil Nəqliyyatı Nazirliyinin "Magistral" qəzetində korrektor, müxbir (1984-1990), "Həyat" qəzetində baş müxbir (1990–1992), "Biznes" qəzetində şöbə müdiri (1992-1993), "Ana" müstəqil qadın qəzetində təsisçi və baş redaktor (1993-1996), "Azərbaycan" qəzetində müxbir (1999-2001), 2001-2017-ci illərdə isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin Mətbuat xidmətində baş məsləhətçi vəzifəsində işləmişdir. Dövlət qulluğu müşaviridir. Hal-hazırda təqaüddədir.